Lent.az-ın əməkdaşı orta məktəblərdə 11 illik təhsili başa vurmuş məzunların buraxılış imtahanlarında əldə etdiyi nəticələri araşdırıb. Bu zaman buraxılış imtahanlarının test üsulu ilə mərkəzləşdirilmiş qaydada tətbiq olunduğu son 5 ilin nəticələri öyrənilib. Məlum olub ki, ötən 5 ildə orta məktəbi bitirib attestat ala bilməyən məzunların böyük əksəriyyəti sonrakı illərdə bu sənədi əldə etməyə o qədər də maraq göstərmir.
Bəri başdan deyək ki, Azərbaycanda tam orta təhsil səviyyəsini hər tədris ilində təxminən 100-110 min şagird bitirir. Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş test imtahanlarının tətbiqinə qədər, yəni 2007-ci ilədək həmin şagirdlərin demək olar ki, hamısı attestat alırdı. Hazırda isə məzunların təxminən 15-18 faizi tam orta təhsil səviyyəsini lazımi nailiyyətlərlə başa vura bilmədiklərinə görə attestat ala bilmir. Belə ki, 2007-ci ildə yalnız Bakı məktəbliləri üçün keçirilən mərkəzləşdirilmiş buraxılış imtahanlarında uğur qazana bilməyən məzunların sayı 1881 nəfər olub. 2008-ci ildən test üsulu ilə mərkəzləşdirilmiş buraxılış imtahanları ölkənin bütün ümumtəhsil məktəblərinin əhatə edir və həmin il 22 min, 2009-cu ildə 19 min 720, 2010-cu ildə 14 min nəfər attestat ala bilməyib. Bu il isə 11 illik orta təhsili başa vurub attestat ala bilməyən məzunların sayı 16 min 766 nəfər olub.
Bu isə o deməkdir ki, son 5 ildə ölkə üzrə ümumtəhsil məktəblərinin 11 sinfini başa vurmuş məzunlardan 72 min 486 nəfəri attestatsız qalıb. Son 3 ildə orta məktəbləri bitirmiş 282 min 466 məzundan 50 min 486-sı buraxılış imtahanlarından “kəsilib”. Amma bunların arasında müxtəlif səbəblər üzündən buraxılış imtahanlarında iştirak etməyənlər də var. Həmçinin, attestat almayanların bir qismi növbəti dərs ilində təkrar imtahana cəlb edilməklə orta təhsil haqqında sənəd ala bilir.
Builki məzunların 18 faizi attestat ala bilməyib
Təhsil Nazirliyində bildirirlər ki, bu il tam orta təhsil səviyyəsi üzrə keçirilən mərkəzləşmiş buraxılış imtahanlarına 90 min 834 nəfər şagird buraxılıb. Onlardan 87 min 578 nəfəri buraxılış imtahanlarında iştirak edib. Yerdə qalanların 3 min 256 nəfəri üzrsüz səbəbdən imtahana qatılmayıb, 42 nəfər nailiyyətə görə, 727 nəfər isə xəstəliyi ilə əlaqədar təhsil nazirinin müvafiq əmri ilə imtahandan azad olunub.
Buraxılış imtahanlarından yekun nəticələrinə əsasən, 11 illik orta təhsili bitirmək haqqında sənədi almaq uğrunda mübarizəyə qatılmış 87 min 578 şagirddən 71 min 812 nəfər müvəffəq, 16 766 nəfər isə qeyri-müvəffəq qiymət alıb. Yəni ümumtəhsil məktəblərinin bu ilki məzunlarından 71 min 812 nəfəri attestat ala bilib. Bu isə 11-ci sinfi bitirib attestat almalı olan şagirdlərin 81,90 faizidir. Belə çıxır ki, builki məzunların 18 faizdən bir qədər artığı tam orta təhsil haqqında, sənəd - attestat ala bilməyib.
Son 3 ildə 11-ci sinfi bitirənlərin imtahan nəticələri:
İllər | 2009 | 2010 | 2011 |
Məzunların ümumi sayı | 99630 | 92002 | 90834 |
İmtahanda iştirak edənlər | 96595 | 8881 | 87578 |
İmtahana gəlməyənlər | 5067 | 4673 | 4025 |
Müvəffəq olanlar | 76 825 | 74832 | 71812 |
Attestat ala bilməyənlər | 19720 | 14000 | 16766 |
Attestatsız məzunların 1500-ü Bakının payına düşür
Yeri gəlmişkən, bu il mərkəzləşdirilmiş buraxılış imtahanlarında ən aşağı göstərici Astara rayonunun, ən yüksək göstərici isə Bakının Xətai rayonunun payına düşür. Bakı üzrə orta məktəb məzunlarının 91,84 faizi, nazirliyin tabeliyində olan təhsil müəssisələrinin isə 98,40 faizi attestat alıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin açıqladığı məlumatda deyilir ki, bu il paytaxt məktəblərini bitirən 25 min 367 məzun buraxılış imtahanlarında iştirak edib. Onlardan 2 min 17 nəfər ötən illərdə tam orta təhsil haqqında sənəd almağa müvəffəq olmayan məzunladır. Mərkəzləşdirilmiş test imtahanlarının nəticələrinə əsasən, paytaxtdakı orta məktəbləri bu il bitirən 23 minə yaxın şagirddən 1500-ə qədəri attestat ala bilməyib.
Ötən il Bakıda məktəblərinin 11-ci sinfini bitirən 23 min 222 məzundan 23037 nəfəri (99,20 faiz) buraxılış imtahanında iştirak edib. Onlardan 21 min 441-i nəfər müvəffəq qiymət alıb.
Dəyişkən tendensiya
Orta məktəblərdə test üsulu ilə mərkəzləşdirilmiş test imtahanlarının tətbiqindən sonra 11-ci sinfi bitirən məzunların ümumi sayında müvəffəq və qeyri-müvəffəq qiymət alanlarla yanaşı, imtahanda iştirak etməyən şagirdlərin statistikasındakı dəyişkən tendensiya da diqqəti çəkir. Məlum olur ki, hər il buraxılış imtahanlarında iştirak etməyən məzunların sayı azalmağa doğru gedir. Belə ki, 2009-cu ildə buraxılış imtahanlarında iştirak etmək hüququ olan, lakin imtahana gəlməyənlərin sayı 5067 olduğu halda, 2010-cu ildə bu rəqəm 4673-ə, sonuncu imtahanda isə 4025-dək azalıb. Bu, orta məktəbi bitirən şagirdlərin tədricən buraxılış imtahanlarına marağının artması baxımından müsbət hal kimi qiymətləndirilsə də, tendensiya hələ çox zəifdir.
Ümumiyyətlə isə imtahanda iştirak etməmək bir neçə halda olur. Bunlardan birincisi şagirdin illik göstəricilərinin qeyri-kafi olmasıdır ki, Təhsil Nazirliyinin qaydalarına görə 11-ci sinfi belə göstəricilərlə başa vuran şagird attestat imtahanına buraxılmır. İkinci hal isə odur ki, təhsildə müəyyən nailiyyətlər əldə etmiş, məsələn, beynəlxalq fənn olimpiadalarının qalibləri müvafiq icra hakimiyyətinin qərarı ilə buraxılış imtahanlarından azad edilir. Nəhayət, 11 illik orta məktəbi başa vuran məzunların müəyyən qismi ümumiyyətlə buraxılış imtahanlarında iştirakdan imtina edənlər də var. Təhsil Nazirliyinin açıqladığı məlumatlara görə, bu il belə məzunların sayı 3 min 256 nəfər olub.
Yeri gəlmişkən, 2009-cu ildə XI sinfi bitirmiş 99 min 630 məzundan 96 min 595-i imtahanlarda iştirak edib, onlardan 76 825 nəfəri müsbət qiymətlər alıb. Qalan 19 min 720 nəfər attestat almayıb və bu il həmin məzunlara öz biliyini yenidən sınamaq və attestat almaq imkanı verilir. Ötən il illik göstəricilərin qeyri-kafi olması səbəbindən imtahanlara buraxılmayan şagirdlərin sayı isə 5 min 67 olub.
2010-cu ildə isə respublika üzrə 11-ci sinfi bitirən 92002 şagirddən 88815-i (96,54 faiz) buraxılış imtahanında iştirak edib. Həmin şagirdlərin 74832-si müvəffəq qiymət alıb. Təhsil Nazirliyində bildirirlər ki, bu göstərici 2009-cu ildəkindən təqribən 10 faiz yüksəkdir. Bununla belə, 2010-cu ilin buraxılış imtahanlarının nəticələrinə əsasən, 11 il oxuyub attestat ala bilməyən məzunların sayı 14 min olub.
Öncüllər şəhər məktəbləridir
Buraxılış imtahanlarında müvəffəqiyyət qazanmış məzunların regionlar üzrə paylanmasına gəlincə, bu sırada əsas üstünlük iri şəhərlərdə yerləşən məktəblərin payına düşür. Region məktəblərində isə məzunların əldə etdiyi nəticələr yenə də aşağıdır. Əvvəlcə 2009-cu ilin statistikasına baxaq: iki il əvvəl buraxılış imtahanlarında ən yüksək göstəricilər Sumqayıt şəhərinin, ən aşağı göstəricilər İmişli rayonunun məktəblərinə aiddir. İmtahanların nəticələrinə görə, 2009-cu ildə Bakının Xətai və Səbayel rayonları, Sumqayıt şəhəri və İmişli rayonundakı orta məktəblərində keçirilən iştirak etmiş 13 min şagirdin 3 minə qədəri kəsilib.
Ötən ilki buraxılış imtahanlarında isə ən yüksək göstəricini yenə də Sumqayıt məktəbliləri qazanıb. Belə ki, 2010-cu ildə Sumqayıt şəhər məktəblərinin bitirmiş 11-ci sinif şagirdlərinin 99 faizinin əldə etdiyi nəticələr onların attestat almaq hüququnu təmin edib. Növbəti yerləri Bakı, Şirvan, Mingəçevir və Gəncə şəhərləri tutur. Bu sırada Bakı məktəbləri arasında birinci yerdə Xətai rayonunu ümumtəhsil müəssisələri gəlir. Belə ki, ötən il həmin rayonun məktəblərini bitirən şagirdlərin 95 faizdən çoxu buraxılış imtahanlarından müvəffəqiyyət qazanıb.
Bu il də vəziyyət demək olar ki, dəyişməyib. Belə ki, region məktəblərində təhsil alanların imtahan nəticələri iri şəhərlərdəki məktəblərin məzunlarından zəif olması davam edir. Yeganə fərq iri şəhərlər daxilində kiçik yerdəyişmələrdir. Belə ki, bu ilki buraxılış imtahanlarında ən yüksək göstəricinin Bakının Xətai rayonundakı məktəblər qazanıb. Ən aşağı göstərici isə Astara rayonunun payına düşür.
Xatırladaq ki, Təhsil Nazirliyi hər il buraxılış imtahanlarından kəsilən və attestat ala bilməyən məzunlar üçün sonradan əlavə imtahanlar keçirir. Adətən payızda və növbəti ilin buraxılış imtahanları ilə eyni vaxtda təşkil olunan təkrar imtahanlarda məqsəd attestatsız məzunlara daha bir şans vermək və onları təhsilin növbəti pilləsində iştiraka cəlb etməkdir. Əvvəlki imtahanlardan kəsilən məzunlar təkrar buraxılış imtahanlarında iştirak etməklə attestat ala bilmək imkanı qazanırlar.
Təhsil Nazirliyinin məlumatına görə, 2009-cu ildə mərkəzləşdirilmiş buraxılış imtahanlarından uğur qazanmayan 19 min şagirdin bir qismi sonradan yaradılan bu şansdan istifadə etməsindən sonra attestatsız şagirdlərin sayı 18325-dək azalıb.
Nəhayət, aparılan araşdırmalar göstərir ki, hər il ümumi təhsil pilləsini bitirənlərin 20 faizi ali təhsil müəssisələrinə, 10 faizi orta ixtisas məktəblərinə, 11 faizi texniki peşə məktəblərinə qəbul olunur. Məzunların təxminən 60 faizi heç bir peşəyə yiyələnmədən əmək bazarına qədəm qoyur. Nəzərə alsaq ki, orta məktəblərdə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada tətbiqindən sonra heç bir peşəyə yiyələnmədən əmək bazarına daxil olanların sayı əhəmiyyətli şəkildə artıb, onda bu məsələnin Azərbaycan cəmiyyəti üçün hansı problemlər yaradacağını təsəvvür etmək çətin deyil.
Eltac İsazadə