DPU-nun tələbəsi rəfiqəsinin əvəzinə imtahan verib
17 noyabr 2009 15:45 (UTC +04:00)

DPU-nun tələbəsi rəfiqəsinin əvəzinə imtahan verib

Tələbəni məktəbdən qovulmaq təhlükəsi gözləyir

Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Mühəndis Pedaqogikası və Bədii Qrafika” fakültəsinin 4-cü kurs tələbələri Gülnar Səfərova və Nailə Tağıyevanın Universitetdən xaric olunması məsələsi müzakirə edilir.


Bu barədə Lent.az-a “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyindən məlumat verilib. Səbəb isə Nailə Tağıyevanın Gülnar Səfərovanın əvəzində imtahan verməsi olub. Belə ki, “Termodinamika” fənnindən “qeyri-kafi” qiymət alan Gülnar Səfərova Nailə Tağıyevadan onun əvəzində imtahan verməsini xahiş edib. Bu məqsədlə onlar hətta “Qiymət Kitabçası”ndakı şəkillərini də dəyişiblər.


İmtahandan “uğurla” çıxan Nailə Tağıyeva “Termodinamika” üzrə müəllim Kamil Abbasovun yaddaşında yaxşı tələbə kimi qaldığı üçün ondan şübhələnməyə başlayıb. Məsələ barədə fakültə dekanına xəbər çatdıqdan sonra tələbələrin universitetdən xaric olunması məsələsi gündəmə gətirilib.


Məsələ ilə bağlı “Tələbələrin Beynəlxalq Əməkdaşlığı” İctimai Birliyinə açıqlama verən Universitetin mətbuat xidmətinin rəhbəri Mansur İbrahimov bildirib ki, həmin tələbələrin ali məktəbdən xaric olunmasına kifayət qədər əsas var: “Çünki onlar “Qiymət Kitabçası”ndakı şəkilləri dəyişdirməklə əslində sənədləri saxtalaşdırıblar”.


Adıçəkilən tələbələrlə əlaqədar araşdırmaların davam etdiyini qeyd edən M.İbrahimov yaxın günlərdə qərar veriləcəyini bildirib: “Bununla bağlı ciddi araşdırmalar aparılır və ola bilsin ki, həmin tələbələr sadəcə olaraq şiddətli töhmətlə cəzalandırılsın”.


Təhsil Nazirliyindən isə məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Pərvin ABBASOV
# 629

Oxşar yazılar