Pulumu verin!!!
21 oktyabr 2009 15:00 (UTC +04:00)

Pulumu verin!!!

Əziz oxucu!

Yəqin ki, hər biriniz üçün təqvimdə əlamətdar günlər mövcuddur. Amma hər ayın müəyyən günləri var ki, geniş bir kütlə üçün çox əhəmiyyətli, bəlkə də taleyüklüdür. Sizə hansısa bayramdan söz açmaq istəmirəm, qətiyyən. Söhbət pensiyaçıların pensiya aldığı gündən gedir. Əminəm ki, dərhal gözünüzün önündə bankomatların qarşısındakı “qocaman” növbə yaranır - bu basabasdan əldə pulla çıxan əksər pensiyaçı üçün həmin an bayrama çevrilir.

Sizi yormaq istəmirəm, bu mövzudan çox yazılıb – ölkədə bankomatların sayı azdır, pensiyalar çox. Amma vallah, yazmamaq olmur, bu problemi həll etmək lazımdır. Burda iki çıxış yolu var – ya bankomatlar artırılmalı, ya da pensiyaçılar azaldılmalıdır. İkinci variantı avtomatik çıxdaş edirik, çünki həmişə hamıya çox yaşamağı arzu etmişəm. Deməli, qalır birinci yol. Düzdür, daha bir variant var ki, o da pensiyaların əvvəlki kimi nağd şəkildə ödənilməsindən ibarətdir. Lakin dövlətin geriyə addım atacağı inandırıcı deyil, çünki artıq neçə ildir rəsmilər nağdsız ödənişləri bizə sivilizasiyanın bir ünsürü kimi izah etməyə çalışırlar. Biz də ki, həmişəki kimi narazıyıq.

Öz aramızdır, bankomatların qarşısındakı qəzəbli pensiyaçılar növbəsini heç də sivilizasiyaya xas olan amil kimi qiymətləndirmək olmaz. Bu basabasda kimsə kimisə incidir, kimsə kimdənsə küsür. Bu, başqa mövzudur. Söhbət bu vəziyyətin yaranmasının səbəblərindən gedir. Banklar və Dövlət Sosial Müdafiə Fondu, sözsüz ki, pensiyaçıları günahlandırır. Məsləhətləri isə budur: hamı eyni gündə pensiya almağa getməsə, bu cür növbələr də yaranmaz. Sual yaranır: pensiyanın bank hesabına köçürülməsi tarixinə qalan günləri sayan pensiyaçı nə vaxt getsin həmin “şeytan aparatı”nın qarşısına?

Əgər bunlar belə məsləhət verməyi xoşlayır və verilən məsləhətlərə əməl etməyə meyllidirsə, onda bizim də tövsiyəmiz var – bankomatların sayını artırın. Cavab məlumdur – bankomat çox bahalı avadanlıqdır və onların sayını birdən-birə bu səviyyədə artırmaq çətindədir. İnanmayın, heç də çətin deyil. Bunun asan bir yolu var – pensiya “paylayan” bankların sayını artırmaq kifayət edər. Niyə axı bu müavinətləri yalnız Beynəlxalq Bank və “Kapital Bank” ödəməlidir? Yoxsa bankomat sahibi olan başqa bankımız yoxdur?! Var, özü də az deyil (hansınınsa adını çəkib reklama yol vermək istəmirəm). Sadəcə, başqa pul paylama proseslərində olduğu kimi, müvəkkil bankların siyahısını, lap yeri gələrsə, müsabiqə yolu ilə artırmaq lazımdır. Məsələn, ipoteka kreditləşməsində olduğu kimi.

Bundan həm banklar faydalanar, həm də pensiyaçılar neçə illik müsibətdən sonra sizlərə dua edər. Növbələrdəki pensiyaçı ilə adi maaş alanların bir-birinə qarşı qəzəbli baxışları isə sanballı gülüşlərlə əvəzlənər. Öz aramızdır, pensiyaçılar həmin kritik günlərdə plastik kartdan pulunu çıxaran digər növbə iştirakçılarına yaman pis baxırlar: “Zalım oğlu, bankomatda pul qoymadı, hamısını apardı”. Amma sonuncular da pensiyaçıların sayından gileylənir.

Hər birinizə nağd pulun tükənməməsi arzusu ilə,
Vüqar M.Mustafayev
# 805

Oxşar yazılar