“Ekskavator türbəyə toxunanda hamı heyrət içində donub qaldı...”
31 oktyabr 2010 13:13 (UTC +04:00)

“Ekskavator türbəyə toxunanda hamı heyrət içində donub qaldı...”

Uşaqlığım demək olar ki, onun ətarfında keçib. O vaxt düşünürdüm ki, niyə onu məndən, kənd camaatımızdan və ya uzaqbaşı rayon camaatımızdan başqa heç kim tanımır, heç kim onu ziyarətə gəlmir? Baxmayaraq ki, tanıyanların inancında o, müstəsna rol oynayırdı. Lakin illər keçdi, böyüdüm, Bakıya gəldim. Ali təhsil aldım. Bir neçə ölkə gəzdim və gördüm ki, rayonumuzda olan, haqqında danışdığım ziyarətgahı əslində bütün müsəlman dünyası tanıyırmış. Sadəcə, o vaxt mən bunu hiss edə bilməmişəm. Bunu sonradan bilməyim məni untandırdı da...

Bu, Cərcis Peyğəmbərin adı ilə bağlı olan Həzrəti Cərcis Peyğəmbər Ziyarətgahıdır. Cərcis Peyğmbər də Allahın göndərdiyi elçi kimi neçə yüz illər qabaq təkallahlğı yaymaq niyyətilə səyahəti zaman burada dünyasını dəyişib və burada da dəfn olunub. Türbə də onun məzarı üzərində ucaldılıb. Allahın elçisinin məzarının bu torpaqda yerləşməsi Azərbaycan və eyni zamanda, yaxınlığında yerləşən kəndimiz üçün nə deməkdir, mən bunu illər keçəndən sonra dərk etdim.

Ziyarətgah Beyləqan rayonunda, şəhərin mərkəzindən 3-4 km şimal-şərqdə yerləşir. Sovet hökuməti dağıdıqdan sonra əlamətdar dini tarixlərdə bura təkcə Azərbaycanın ayrı-ayrı bölgələrindən deyil, hətta Suriya,Yəmən, Türkiyə və başqa müsəlman diyarlarından də pənah gətirib ziyarət edənlər var.

Ziyarətgahın tarixçəsi də olduqca maraqlıdır. Bunu söhbətimiz zamanı türbənin axundu Məşədi Məhəbbət daha dəqiq nəql edir: “Bu adda dünyanın müxtəlif ölkələrində də ziyarətgahlar var. Həzrəti Cərcis Peyğəmbər təkallahlığı təbliğ edib (bütün peyğəmbərlər kimi). O, İsa Peyğəmbərin mövludundan sonra, təxminən 315-392-ci illərdə yaşayıb. Tacir ailəsində anadan olub böyüyən Cərcis Bin Anaq atasının yolunu davam etdirir. Mosul vilayətindən çıxıb, tarixi İpək Yolu ilə qədim Beyləqan torpağından keçərək Dağıstana və başqa vilayətlərə səfərlər edib, ticarətlə məşğul olub. Bütün sərvətini təkallahlığı yaymaq yolunda sərf edib, 77 il ömür sürüb və IV əsrin sonunda dünyasını dəyişib. Hazırda dünyanın dörd yerində bu Peyğəmbəri ziyarətə gəlirlər. Qəbri bizim torpaqda olsa da, onun adına, biri bizim ölkəmizdə omaqla, daha üç məqbərə var - İraqın Mosul vilayətində,Yunanıstanın Afina şəhərində (yunan mənbələrində peyğəmbərin adı Corcios kimi göstərilir) və Türkiyənin Urfa vilayətində.

Vaxtı ilə bu Peyğəmbər məhz daha çox bu əyalətlərdə təkallahlığı təbliğ edib. Cərcis Peyğəmbərin adına “Tarixi-Ənbiya”, “Həyat əl-Qulub”, “Züplətüf Təbərün” kitablarında çox rast gəlinir.

Həzrəti Cərcis Peyğəmbərin Beyləqan torpağına necə gəlib çıxması barədə tarixi mənbələrdə ətraflı əhvalatlar var. Rəvayət olunur ki, Peyğəmbər Suriyadan təkallahlığı təbliğ edə-edə gəlib Mil torpağına çıxır. O zamanlar bu ərazidə yaşayan əhali atəşpərəstliyə sitayiş edirmiş. O, insanları tək olan Allaha itaət etməyə çağırdığı üçün buradakı atəşpərəst kahinlərin qəzəbinə tuş gəlir. Atəşpərəstlər onu təqib etməyə başlayır. Qovula-qovula indiki ziyarətgah yerinə gəlib çıxır. Allahın məsləhətindən atılan oxlardan və zərbələrdən ona xətər dəymir, nəhayət, o, bir quyuya düşür. Fürsəti əldən verməyən atəşpərəstlər onun üstünü torpaqlayırlar. Beləcə bu ziyarətgahın yerində müqəddəs bir təpə yaranır. Əsrlər keçir, quşlar, heyvanlar bu müqəddəs yerdə sığınacaq tapır, ovçuların oxuna tuş gəlmirlər”.

Axund bizə ziyarətgahla bağlı baş vermiş maraqlı faktlardan da bəhs etdi: “Burada o zaman belə bir möcüzəyə rast gəlinir ki, bu təpəlikdə quşların, heyvanların sığındığı bu yerdə quş zığına, heyvan nəcisinə rast heç vaxt gəlinmir. Əfsanələrdə yaşayan peyğəmbərin uyuduğu müqəddəs yer illər sonra təxmin edilir. İnsanlar bu torpağı ziyarətgaha çevirib, əzizlərini, yaxınlarını da burada dəfn edirlər”.

Türbənin yerləşdiyi yer Beyləqan rayonunda məskunlaşan tərəkəmə kəndlərinin əhatəsindədir. Əlinəzərli, Dünyamalılar, Eyvazalılar və Aşıqlı kimi tərəkəmə kəndlərinin əhatəsində olan Cərcis Peyğəmdərin indiyə qədər ziyarətgah kimi qorunub saxlanması elə bu camaatın ənənələrə sədaqətindən irəli gəlir.

Bu camaatın ağsaqqallarından olan Aşıqlı kənd sakini Hacı Mirsəməd Seyid Əsəd oğlu həyatları türbə ilə bağlı olmuş ata-babasından eşitdiklərini bizə nəql edir: “Cərcis Peyğəmbərin yaşadığı dövrdə bu ərazilərdə mənbələrdə adı Daziyanə şah kimi çəkilən zalım bir şah hökmranlıq edib. Əhali isə bütlərə sitayiş edirmiş. Bura gəlib çıxan Cərcis Peyğəmbər xalq arasında təkallahlığı təbliğ etməyə başlayır və çox tezliklə gətirdiyi din insanlar arasında sürətlə yayılmağa başlayır. Deyilənə görə, burada onun gətirdiyi dini qəbul edən insanların sayı 33 min nəfərə çatır. Hə, onu da deyim ki, Həzrəti Cərcis Peyğəmbərin məhz qədim Beyləqan torpağına gəlməsi, burada uzun müddət yaşaması və insanları təkallahlığa dəvət etməsi təsadüfi deyil. Beyləqan həmin dövrdə mədəniyyət və ticarət mərkəzi kimi tanınıb. Bunu tarix də sübut edir. Karvan yolunun üzərində yerləşib, möhtəşəm qala divarları ilə əhatə olunan bir şəhər olub. Bağdad, Təbriz, Ərdəbil, Tiflis, Dərbənd, Gəncə və Bərdə kimi şəhərlərin karvan yolları Beyləqan torpagında birləşərdi. Burada baş verən hadisələr ətraf ərazilərə tez yayılırdı. Deyilənə görə, Peyğəmbər ona görə də Beyləqanı seçir. Burada insanları qorxu altında saxlayan Daziyanə şah Cərcis Peyğəmbərin gəlişindən sonra nüfuzunu itirməyə başlayır... Ona görə ki, xalqın təkallahlı dinə meyli çoxaldıqca Cərcis Peyğəmbərin möcüzələri və camaatın gündəlik həytında Peyğmbərin bu möcüzələri ilə yaxından iştirakı qarşısında şah tab gətirə bilmir. Buna görə də Şah hər vəchlə onu məhv etmək istəyir. Peyğəmbər isə həyatını təhlükəyə atmaqdan belə çəkinməyərək, Allahın əmrlərini yerinə yetirməkdə davam edir. Hətta bununla bağlı indiyə kimi dillərdən düşməyən maraqlı bir fakt da var... Daziyanə şah Cəris Peyğəmbəri tutdurub adamlarına doğratdırır və bir quyuya tökülməsini əmr edir. Lakin adamlar uzaqlaşan kimi Peyğmbər Allahın verdiyi əmrlə yenidən dirilib, quyudan çıxır... Bəlkə də bu indi bunu eşidən kiməsə nağıl kimi görsənə bilər. Cərcis Peyğəmbərin dörd dəfə öldürülüb-dirilməsi haqqında məlumat Həzrət Məhəmməd Peyğəmbərə (s) yəhudilərin verdiyi 40 sualın 32-ci sualında da öz əksini tapır. Nəhayət, dördüncü dəfə Şah tərəfindən doğranılıb quyuya tökülən Cərcis Peyğəmbər Allahdan dirilməməsini təvəqqe edir. İndi həmən quyu - onun qəbri Beyləqan torpağında olan təpəlik üzərində tikilən bax o türbədir. Vaxtı ilə Azərbaycan torpağına yürüş edən türk sərkərdələrindən Çingiz xan, Əmir Teymur Həzrəti Cərcis Peyğəmbərin qəbrini ziyarət edib. Qəbrin üzərində ucaldılan bu türbədən əvvəl də onun üzərində kümbəz formasında tikili məhz bu hökmdarlardan birinə məxsus olub. Ancaq əsrlərin yadigarı olan bu abidə də təbiət qüvvələrinin dağıdıcı təsirinə məruz qalıb. Onu da deyim ki, neçə yüzilliklərin yadigarı olmasını onun ətrafında üzərində yazılar olan qəbirlərin olması da təsdiq edir”.

Elə bu ətraf kəndin ağsaqqalları ilə söhbətdən də məlum oldu ki, 100 il öncə qeyd olunan günbəzin üzərində Peyğəmbər türbəsinin tikilməsi kimi mühüm bir hadisə buranın Aşıqlı tayfasının imanlı ağsaqqalı Hacı Qulu kişinin taleyinə yazılır. Hacı Qulu bu təşəbbüsünü bütün tərəkəmə ağsaqqalları və camaatı dəstəkləyir. Maddi imkanı olan imkanı ilə, olmayan isə öz fiziki gücü ilə Hacı Qulu kişinin ətrafında birləşir. Camaatın xeyir-duası və köməyi ilə o, rayonun Örənqala hissəsindən bura bişmiş kərpic daşıtdırır. Təbrizdən dəvət etdiyi memar Mirzə Həsən bu müqəddəs türbəni XX əsrin ilk illərində inşa edib başa gətirir. Türbənin tikintisində yapışdırıcı kimi çiy yumurtadan istifadə olunur. Hazırda Hacı Qulu kişinin qəbri türbənin içindədir...

Hazırda türbə 8 daxili sütündan ibarətdir. Oradakı din xadimlərinin dediyinə görtə, bu, cənnətin səkkiz qapısına işarədir. Sütunların üstündə onların sayına uyğun ərəbcə yazılmış səkkiz mətn var. Çox təəssüf ki, son illərin təmir işlərində bu mətnlər diqqətsizlik ucbatından silinib.

Səsi bütün İslam dünyasına yayılan və Azərbaycanda mövcud olan Cərciz Peyğəmbər məqbərəsinin taleyi bəs ateist sovet dönəmində necə olub? Bu suala ətraf kəndin yaşlı insanları təəssüf hissi ilə cavab verirlər. Deyirlər ki, sovet dönəmində xalqın maddi-mənəvi dəyərlərinə laqeyd münasibət bu abidədə də özünü göstərib. Ancaq burada fərqli və sevindirici bir şey var ki, o da Peyğəmbərin öz möcüzəli gücü olub. Məhz bu onu sovet dövründə müxtəlif təcavüzlərdən qoruyub. Yaxın tarixdə baş verən bu möcüzəli hadisələrlə bağlı faktlar var ki, bunu canlı şahidlər özləri danışırlar.

Ətraf kəndin ağsqqallarından biri deyir: “1940-cı illərin sonlarında o dövrdə türbəyə yaxın kəndlərdən birinin sovet sədri (həmin adamın adını da çəkmədi. Deyir, indi onun nəvə-nəticələri bu kəndlərdə yaşayır: “Onlar bilməsin deyə adını çəkməsəm yaxşdır”) abidənin uçurulması haqqında əmr verir. Ancaq yerli əhalidən heç kəs bu əmrə tabe olmur. Göstərişində israrlı olan məmur o vaxt Azərbaycanda yaşayan (Rusiyadan gəlmiş) malakanlardan istifadə edir. Malakanlardan əli külünglü, kürəkli, baltalı dəstə abidəyə yaxınlaşanda qəflətən zəhərli ilanlarla qarşılaşırlar. Hətta bir neçəsi zəhərli ilan sancmasından ölür, qalanları da qaçıb gedir. Halbuki, hələ o vaxta qədər türbənin ətrafında zəhərli ilana rast gəlinməmişdi. Baş verən hadisələri yerində araşdırmaq istəyən sovet sədri vertolyotla türbənin ətrafına özünün şəxsi adamını göndərir. Həmin adam da vertolyotdan düşüb türbəyə yaxınlaşarkən ilan sancır və yerindəcə ölür”. Qeyd edim ki, bu faktı həmin qocadan başqa digər kənddə də raslaşdığım o dövrü yaşamış yaşlı insanlardan da eyni şəkildə eşitdim.

Həmsöhbəti olduğum Hacı Mirsəməd kişi bununla bağlı şahidi olduğu anoloji hadisəni danışır: “1980-ci il idi. Bildiyiniz kimi, Beyləqan o zaman inqilabçı Jdanovun adını daşıyırdı. İnqilabçı adını daşıyan rayonunun o zamankı katiblərindən biri (nədənsə Hacı da bu katibin adını demədi. Əslində, bunu anlamaq çətin deyil, çünki o dövrdə Beyləqanda çalışan vəzifəli şəxslərin nəsli- nəcabəti indi burada məskunlaşıb. Yəqin, Hacı və digər müsahiblərim bu səbəbdən ad çəkmək istəmirlər) abidənin uçurulması haqqında məsələ qaldırır. Buna qarşı əhalinin, rayonun ziyalılarının bütün etirazları rədd edilir. Nəhayət, rəsmi əmr alan söküntü biriqadası türbənin ərazisnə gəlir. Ekskavator məqbərəyə doğru irəliləyir. Mənzərəni seyr edən və Cərcis Peyğəmbərin möcüzəsinə bələd olan yerli sakinlər bu hadisənin nə ilə qurtaracağını maraqla gözləyirlər. Həmin katib göstərişinin icrasına hər hansı bir müqaviməti heç ağlına belə gətirmədən kənardan briqadaya göstərişlər verir. Buldozer türbənin sütunlarını dağıtmaq üçün ona toxunur. Bu zaman birdən hamı heyrət içində donub qalır; adətən vəhşi heyvanlar texnika, insan səsi eşidəndə oradan uzaqlaşır. Ancaq nəhəng bir ilan ekskavatorun çalovuna sarılaraq onu tərk etmək istəmir, sanki işi davam etdirməsinə mane olurdu. Bu səhnədən vahimələnən ekskovatorçu işi davam etdirməkdən boyun qaçırır. Nəhəng texnikanın mühərikini söndürür, məmurun təhdidlərinə, hədələrinə əhəmiyyət verməyib oradan uzaqlaşır”. Hacı deyir ki, bu hadisə tezliklə əhali içərisində sürətlə yayıldı. İşə təhkim olunan digər ekskavatorçular da boyun qaçırır: “Ancaq bu hələ son deyildi. Bir həftə keçməmiş həmin katibin həyatında gözlənilməz hadisələr baş verir, qəflətən infarkt keçirir. Ayaqları tutulur. Əllərdə gəzdirilən keçmiş katibə baxmayan həkim qalmır, ancaq çarəsi tapılmır. Agsaqqallar yığışıb ondan etdiyi günahın bağışlanması üçün Allaha tapınmağını məsləhət görürlər. O, yaxınlarının köməyi ilə türbənin həyətinə gətirilir... İndi danışanda birtəhər oluram. O zaman ətrafdakılar bu təsirli mənzərəni heyrətlə seyr edirdilər. Ayaqlarında hərəkət olmayan məmur bir vaxt uçurmaq, yerlə-yeksan etmək istədiyi Peyğəmbər türbəsinin önünə sürünə-sürünə gəlir, onun ətrafına dolanır, dönə-dönə divarlarından öpür,onu bağışlaması üçün bu Allahın evində ona yalvarır. Bir müddət keçir, katib tədricən sağalıb əvvəlki kimi ayaqları üstündə dura və yeriyə bilir. O vaxt həkimlər bu cür xəstəliyin sağalmasını möcüzə hesab edirdilər və təccüblərini gizlətmirdilər... Bu, gözlərimizin qabağında olan hadisələrdir”.

Yerli ziyalılarla söhbətdən aydın oldu ki, birinci Qarabağ müharibəsi zamanı sürətlə Ağdam, Füzuli və Beyləqan üzərinə hücuma keçən erməni silahlı qüvvələrinin məhz Beyləqan ərazisində ağır məğlubiyyətə uğradılması və əks hücuma keçərək bir neçə kəndin geri alınması bu müqəddəs ziyarətgahın qüdrəti ilə bağlıdır. O zaman erməni kafirlər Beyləqanın bir neçə kilometrliyinə çatırlar. Yerli əhali son ümid kimi istər döyüşə gedən, istər getməyən dəstə-dəstə axışıb Cərcis Peyğəmbər ziyarətgahına gəlirlər. Məhz belə davam edən bir neçə həftədən sonra ermənilər itki verərək geri oturdulur. Bu hadisə əhalidə bu müqəddəs Peyğəmbər torpağına inamı daha da artırır.

İndi Ziyarətgahın ətrafı əlamətdar dini tarixlərdə ayinlərin icrası üçün istifadə edilir. Son günlərdə ziyarətgahın həyətində möminlərin ibadəti üçün tikilən böyük bir məscidin tikintisi də artıq başa çatdırılır. Camaatın dediyinə görə, burada görülən hər bir abadlıq-tikinti işinə imkanlı şəxslər könüllü dəstək verirlər. Orada olduğum bütün vaxt ərzində bura ziyarətçilərlə dolu oldu. Ziyarətçilər Azərbaycanın müxtəlif bölglərindən tutmuş, əcnəbi ölkələrə qədər təmsil olunurlar. Ruhi sarsıntı, psixi gərginlik keçirən insanlar hamının gözü qarşısında burada sakitləşir, normal yaşayışına dönür.

P.S. Mənim həyatımda bura ilə bağlı bir məqam var: böyüdüyüm kənddə o vaxt təhsil səviyyəsi o qədər yüksək deyildi. Mən də Universitetə gimrək istəyirdim. İmkan olmadığı üçün digər yerlərdə orta təhsil ala bilmirdim. Bacardığım qədər hazırlaşmağıma baxmayaraq, ali təhsil almaq üçün sənəd verəndən sonra kəndimizdən piyada təxminən 4- 5 kilometrlik yolu Cərcis Peyğəmbər ziyarətgahına gəldim. Uşaq təxəyyülü ilə bildiyim sözlərlə Allaha dua etdim ki, istədiyim Universitetə girim. Həmən il kəndimizdən ali məktəbə sənəd verən 23 nəfərin içində yalnız mən, özü də istədiyim Universitetə daxil oldum. Bilmirəm bunun adı nədir, amma bu həyatımda onun qoyduğu izdir..

Mübariz ASLANOV

[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3384

Oxşar yazılar