İsveçrəli rektorlar Bakıya gələcək
11 dekabr 2012 10:39 (UTC +04:00)

İsveçrəli rektorlar Bakıya gələcək

Təhsil naziri Misir Mərdanovun rəhbərlik etdiyi nümayəndə heyəti İsveçrə Konfederasiyasında rəsmi səfərdə olub. Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, M. Mərdanov İsveçrə Konfederasiyasında təhsil alan azərbaycanlı tələbələrlə görüşüb. Cenevrə şəhərində keçirilən görüşdə İsveçrənin müxtəlif ali məktəblərində təhsil alan 30-dan çox azərbaycanlı tələbə iştirak edib. Təhsil naziri hazırda 10000-dən çox azərbaycanlının dünyanın müxtəlif ali məktəblərində, 100-ə yaxın soydaşımızın isə İsveçrənin nüfuzlu universitetlərində təhsil aldığını bildirib.


Təhsil nazirinin rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi Mauro Del Ambroco ilə görüşüb. Görüş zamanı ali məktəblər arasında birbaşa əlaqələrin yaradılmasının əhəmiyyətinə toxunan təhsil naziri bununla əlaqədar təkliflərini söyləyib. M. Mərdanov İsveçrə Konfederasiyasının Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi Mauro Del Ambroconu Azərbaycana dəvət edərək təhsil sahəsində təşəkkül tapmış əlaqələrin daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Təhsil və Tədqiqat Məsələləri üzrə dövlət katibi M. Mərdanovun fikirlərini yüksək qiymətləndirib və yaxın vaxtlarda nüfuzlu universitet rektorları, təhsil mütəxəssislərindən ibarət nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəklərini bildirib.
# 809

Oxşar yazılar