Bir daş karxanasının fəaliyyəti müvəqqəti dayandırıldı
28 avqust 2012 18:23 (UTC +04:00)

Bir daş karxanasının fəaliyyəti müvəqqəti dayandırıldı

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində “Kənan” MMC-yə məxsus daş karxanasında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə reyd təşkil olunub.



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini Məhərrəm Məhərovun rəhbərliyi ilə aparılan yoxlamada Daxili İşlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri də iştirak ediblər.



Reyd zamanı daş karxanasında 30-a yaxın işçi ilə əmək müqaviləsinin bağlanılmadığı, avadanlıq və qurğuların işinin işçilərin sağlamlığı və həyatı üçün təhlükə törətdiyi, işçilərin əməyin mühafizəsi üzrə norma və qaydalarda nəzərdə tutulmuş fərdi və kollektiv mühafizə vasitələri və xüsusi geyimlərlə təmin olunmadığı aşkarlanıb. Aşkarlanan pozuntular nəzərə alınaraq və Əmək Məcəlləsinin 229-cu maddəsi rəhbər tutularaq, sahibi hüquqi şəxs olan daş karxanasının daş kəsən maşınlarının fəaliyyəti göstərilən nöqsanlar aradan qaldırılanadək dayandırılıb. Əmək müqaviləsi bağlamadan işçilərin işə cəlb edilməsi barədə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən protokol tərtib edilib. Həmin protokol əsasında hüquq pozuntularına yol vermiş şəxslər barədə İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən inzibati cərimələrin tətbiq edilməsi məsələsinə baxılacaq. İnzibati Xətalar Məcəlləsinin 53.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işəgötürənlər tərəfindən fiziki şəxslərin işlərin yerinə yetirilməsinə cəlb olunmasına görə vəzifəli şəxslər üç min manatdan beş min manatadək, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilirlər.



Qeyd edək ki, Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər.
# 1389

Oxşar yazılar