TQDK rezidenturaya qəbul imtahanları keçirir
28 avqust 2012 13:23 (UTC +04:00)

TQDK rezidenturaya qəbul imtahanları keçirir

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2012/2013-ci tədris ili üçün Azərbaycan Respublikasında baza ali tibb təhsili əsasında həkim mütəxəssislərin hazırlanması məqsədilə rezidenturaya qəbul imtahanı keçirir. TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün ərizə qəbulu internet vasitəsilə avqustun 15-dən 24-dək (saat 17:00-dək) aparılıb və 1121 nəfər elektron ərizə dolduraraq təsdiq etdirib.



Onlardan 842 nəfəri qız, 279 nəfəri isə oğlandır. İmtahan yalnız Bakı şəhərində 2 binada – Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında keçiriləcək. Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçirilir. Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Birinci mərhələnin imtahanı 8 sentyabrda, ikinci mərhələnin imtahanı 9 sentyabrda keçiriləcək. Namizədlər 5-7 sentyabr tarixləri müddətində öz elektron ərizələrinə daxil olaraq, hər bir imtahan üçün ayrılıqda “Namizədin imtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər.





İmtahanda iştirak etmək üçün namizədlər aşağıdakı sənədləri mütləq təqdim etməlidirlər:

- “Namizədin imtahana buraxılış vərəqəsi”ni

- şəxsiyyəti təsdiq edən sənədin əslini



Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq. Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır. Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır.



Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaqdır. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.



Qeyd edək ki, rezidenturada qəbul aparılacaq plan yerlərinin sayı 514-dür.
# 1191

Oxşar yazılar