Sabah ali məktəblərə ixtisas seçimi başa çatır
15 avqust 2012 11:58 (UTC +04:00)

Sabah ali məktəblərə ixtisas seçimi başa çatır

Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. E. Nağızadənin sözlərinə görə, ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının nəticələrinə əsasən müsabiqə şərtlərini ödəyən abituriyentlər avqustun 7-dən avqustun 16-dək internet vasitəsilə ixtisas seçimi aparırlar. İxtisas seçimi mərhələsində abituriyentlər qəbul olmaq istədikləri ixtisasları seçib onların kodlarını “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə daxil edirlər: “Bu gün saat 10:00-a qədər ümumilikdə 34081 nəfər abituriyent ərizəsini təsdiq etdirib. Onlardan 10416 nəfəri I qrup, 10774 nəfəri II qrup, 9289 nəfəri III qrup, 3602 nəfəri isə IV qrup üzrə ixtisas seçimi ərizəsini təsdiq edib”.

Mətbuat katibi onu da bildirib ki, I və II qruplar üzrə ixtisas seçimində ümumi balı 150-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər: “III və IV qruplar üzrə isə ixtisas seçimində ümumi balı 250-dən, ixtiyari bir imtahan fənni istisna olmaqla qalan hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər”.

Qeyd edək ki, I və II ixtisas qrupları üzrə Dövlət sifarişi əsasında ayrılmış yerlərin ixtisas seçimində ümumi balı 250-dən, III və IV qrupları üzrə isə ümumi balı 300-dən aşağı olmayan, eyni zamanda, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlərin iştirak etmək hüququ var

Anar Məcidzadə
# 1476

Oxşar yazılar