Yasamalda yeni kollektor tikilir
14 avqust 2012 16:50 (UTC +04:00)

Yasamalda yeni kollektor tikilir

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Bakı şəhərində kanalizasiya infrastrukturunun və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir”. ASC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən məlumata görə, tədbirlər planına uyğun olaraq Bakının Yasamal rayonu Akim Abbasov küçəsi boyunca yağış sularının axıdılması üçün yeni kollektor tikilir.

Yeni kollektor “+ 160 Qərb” su anbarının yaxınlığından başlayaraq A. Abbasov və Ş. Mehdiyev küçələrinin kəsişməsinə qədər çəkiləcək və burada 700 mm diametrli mövcud yağış kollektoruna birləşdiriləcək. Bununla da həmin ərazidəki yağış sularını kanalizasiya sularına qarışmadan birbaşa Xəzər dənizinə axıdılması mümkün olacaq. Ümumi uzunluğu 1300 metr olan kollektor 200 və 500 mm diametrli polietilen borularla çəkilir. Layihə çərçivəsində ərazidə toplanan yağış sularının axıdılması üçün yağış barmaqlıqları da quraşdırılır. Tikinti-quraşdırma işlərinin avqust ayının sonuna qədər başa çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, intensiv yağıntılar zamanı A.Abbasov küçəsində yağış sularının axıdılmasında problemlər yaranırdı. Yeni kollektor istismara verildikdən sonra belə problemlər tamamilə aradan qalxacaq.
# 805

Oxşar yazılar