Seyid Camal Əzimbəyli: “Din-dövlət münasibətləri ilə bağlı yeni konsepsiya hazırlanmalıdır” – MÜSAHİBƏ
14 avqust 2012 13:03 (UTC +04:00)

Seyid Camal Əzimbəyli: “Din-dövlət münasibətləri ilə bağlı yeni konsepsiya hazırlanmalıdır” – MÜSAHİBƏ

İstər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, istərsə də ekspertlər həmin hesabatın qərəzli və qeyri-obyektiv olduğunu söylədilər. Lent.az-ın bu və digər suallarını şərqşünas Seyid Camal Əzimbəyli cavablandırıb.

- Bir müddət öncə ABŞ Dövlət Departamenti Azərbaycandakı dini durumla bağlı hesabat yaydı. Siz həmin hesabatı necə qiymətləndirirsiniz?

- Mən dəfələrlə bildirmişəm ki, Azərbaycanda olan milli və dini tolerantlıq dünyanın bir çox ölkələrində olmayacaq qədər güclüdür. İstər ABŞ-ın, istərsə də Avropa ölkələrinin Azərbaycandakı səfirliklərinin nümayəndələri ilə görüşdə qeyd etmişəm ki, ölkəmizdəki milli və dini dözümlülük sizin ölkənizdəkindən çox yüksəkdir. Bu baxımdan, hesab edirəm ki, Dövlət Departamentinin qeyd olunan hesabatı yanlışdır. Hətta dini kitabların satışı ilə bağlı fikirlər də həqiqəti əks etdirmir. Azərbaycan dövlətinin bütövlüyünə və dövlətimizin apardığı dini dözümlüyə qarşı yönəlmiş ədəbiyyatlar satışdadırsa, bunun ölkəmizi üçün böyük təhlükəsi var. Belə ədəbiyyat nümunələrinin satışı Azərbaycanı gələcəkdə Əfqanıstan, Suriya, və Pakistan kimi dövlətlərə çevirə bilər. Bu baxımdan, hesab edirəm ki, zərərli ədəbiyyatın satışı qadağan olunursa, bunu müsbət qiymətləndirmək lazımdır. Bu addım dövlətçiliyin qorunması prinsiplərinə əsaslanır. Bütün bunlara görə, mən Dövlət Departamentinin hesabatını qəti şəkildə qərəzli hesab edirəm.

- “Dini etiqad azadlığı haqqında” Qanuna əsasən, dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilməlidir...

- Dəfələrlə xarici diplomatlarla görüşümdə qeyd etmişəm ki, siz Azərbaycan qanunlarına hörmətlə yanaşmalısınız. Mən inanclı şəxs olaraq bildirirəm ki, hətta onların Azərbaycan qanunlarından xəbəri olsa belə, onlar ölkəmizdə fəaliyyət göstərən bəzi QHT-lərin qərəzli mövqeyinə əsaslanaraq bu cür hesabatları hazırlayırlar. ABŞ-da və digər xarici ölkələrdə rast gəlmişik ki, dini ədəbiyyatın satışı ilə məşğul olan xüsusi kitab köşkləri mövcuddur. Həmin köşklərdə İslamı təbliğ edən kitabların sıxışdırılması hallarının şahidi oluruq.

Düşünürəm ki, Birləşmiş Ştatların Dövlət Departamenti həmin hesabatı qəsdən bu cür, qərəzli şəkildə hazırlayıb. Ona görə də inanclı insanların bunu qəbul etməsi mümkünsüzdür.

Bəzi xarici ölkələr Azərbaycanda məzhəblər arası münasibətlərin qızışdırılmasında maraqlıdır. Belə cəhdlərin qarşısı dövlət orqanları tərəfindən alınırsa, onların İslam dini altında radikal addımları hüquq-mühafizə orqanları tərəfindən zərərsizləşdirilirsə, mən bu mənada dövlətimizi müdafiə edirəm. İstər İslam dininə, istərsə digər ənənəvi dinlərə söykənərək özlərini Allah, din adamı kimi göstərərək, Azərbaycana qarşı əməllər törədirlərsə, həmin əməllərin dövlət orqanları tərəfindən qarşısının alınmasının tərəfdarıyam. Respublikamızda dövlətinə, millətinə xidmət edən, Azərbaycan dövlətinin bütövlüyünü istəyən dini və eləcə də milli təşkilatların mövcudluğunu mən də qəbul edirəm. Və həmin təşkilatlara dövlətimizin dəstək verməsinin tərəfdarıyam.

- Azərbaycandakı dini icmaların fəaliyyətini necə qiymətləndirirsiniz?

- Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Hidayət Orucovla və Qafqaz Müsəlmanları İdarəsinin sədri ilə görüşümdə qeyd etmişəm ki, Azərbaycanda gerçək İslama və dinə könül verən, ölkəmizin bütövlüyünü öz namusu, şərəfi bərabərində tutan şəxslər dini mühitdə önə çəkilməlidir. Bu gün Azərbaycanın dini mühitində bir boşluq var. Nə qədər ki Azərbaycanın dini mühitində “vətəni sevmək imandandır” prinsipinə sahib olan şəxslər kənarda qalacaqsa, zərərli qüvvələrin Azərbaycanın dini mühitinə soxulmasının şahidi olacağıq. Yəni münbit şəraitdən həmin qüvvələr “məharətlə” istifadə edə bilər. Mən Azərbaycandakı dini icmaların əksəriyyətinin fəaliyyətlərində milli kimliyin unudulmasın gördükdə çox üzülürəm. İstəyirəm ki, gerçək inanclı, intellektual səviyyəsi yüksək olan şəxslər Azərbaycanın dini mühitində yerləşdirilməli və onların fəaliyyətinə şərait yaradılmalıdır.

Azərbaycanda dini icma adı altında fəaliyyət göstərən bəzi zərərli qüvvələr var ki, onlar burada xarici dövlətlərin fitvalarını yerinə yetirirlər. Belə zərərli qüvvələrin vaxtında qarşısının alınmasının tərəfdarıyam.

- Ölkəmizdə dini maarifləndirmə işi sizi qane edirmi?

- Hesab edirəm ki, zərərli qüvvələri zərərsizləşdirmək lazımdır. Həm də ölkəmizdə din-dövlət münasibətləri ilə bağlı yenidən konsepsiya hazırlanmalıdır. Mən sizin agentlik vasitəsi ilə Dini Komitənin yeni sədrinə müraciət edərək, bildirmək istəyirəm ki, Azərbaycanda bu sahə ilə bağlı yeni dövlət proqramı hazırlanmalıdır. Yeri gəlmişkən, dünən Azərbaycan prezidenti Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə 1 milyon manat vəsait ayırdı və mən bunu çox yüksək qiymətləndirirəm. Hesab edirəm ki, Komitənin işinin daha faydalı qurulması üçün yeni imkanlar açılacaq.
Kimsə düşünürsə ki, Azərbaycanda iki-üç ildən sonra dini zəmində əngəllər meydana çıxmayacaq, həmin şəxslər yanılırlar. Azərbaycan bir neçə ildən sonra böyük fəsadlarla üzləşə bilər. Bunun olmaması üçün son dövrlər xüsusi xidmət orqanları tərəfindən zərərli qüvvələrin neytrallaşdırılmasından məmnunam. Digər tərəfdən, hesab edirəm ki, Azərbaycanda dini maarifləndirmə çox zəifdir. Elmə söykənərək İslami qaydalar insanlar, xüsusi olaraq gənclər arasında aşılanmalıdır. Bununla bağlı Dini Komitə və QMİ birgə fəaliyyət göstərməlidir. Belə olarsa, biz zərərli qüvvələrin aradan qalxmasının şahidi olarıq.
Azərbaycanda bəzi qüvvələr var ki, ölkəmizin İraq, Suriya və Pakistana dönməsində maraqlıdır. Bütün bunların qarşısını almaq üçün inanclı insanlarımız aktiv olmalıdır.

Anar Məcidzadə
# 1472

Oxşar yazılar