“Səba” xəbərdarlıq edir: uşaqların toyuq payını almayın!
13 avqust 2012 10:34 (UTC +04:00)

“Səba” xəbərdarlıq edir: uşaqların toyuq payını almayın!

“Dəvəçi Broyler” uşaq bağçaları və uşaq evləri üçün ayırdığı toyuqların uşaqlara çatdırılmasında sıravi vətəndaşların köməyinə ehtiyac duyur. Buna görə də müəssisə əhaliyə müraciət edib.

“Dəvəçi Broyler Bakı şəhərindəki dövlət tabeliyində olan uşaq bağçaları və uşaq evləri üçün istehsal edib, xüsusi qablaşdırdığı “Səba” toyuqlarının bu müəssisələrə çatdırılmasında bütün səylərini əsirgəmir. Amma biz məhsulun çatdırılması zəncirində yalnız Bakı Şəhər İcra Hakimiyyətinin deposuna qədər olan hissəyə nəzarət edə bilirik” – şirkətin bəyanatında belə bildirilir.

Hər bir vicdanlı azərbaycanlını sayıq olmağa çağıran şirkət üzərində uşaq şəkli və “Satışı qadağandır!” sözləri olan toyuqları almamağa çağırıb. “Ola bilsin ki, bu məhsul həmin müəssisələrə pulsuz verildiyindən kimlərsə onu çox aşağı qiymətə satmağa cəhd etsin. Əgər onu alan olmasa, heç kəs satmağa cəhd göstərməyəcək və uşaqların payı özlərinə qalacaq” – bəyanatda deyilir.

“Dəvəçi Broyler” xahiş edir ki, harada – mağazada, restoranda, şadlıq evlərində və başqa digər yerlərdə görməyinizdən asılı olmayaraq uşaqlar üçün xüsusi qablaşdırılmış “Səba” toyuqları ilə qarşılaşdığınız zaman şirkətin məsul şəxsi ilə əlaqə saxlayasınız. Əlaqə üçün 050 250 76 69 nömrəli mobil telefona zəng edib, “Dəvəçi Broyler”in Daxili Audit Departamentinin Direktoru Bəndiyar Cəbrayıllıya məlumat vermək olar.

Qeyd edək ki, bir müddət əvvəl Bakı şəhər İcra Hakimiyyəti ilə “Dəvəçi Broyler” ASC arasında imzalanmış müddətsiz müqaviləyə görə, Bakının 11 rayonundakı dövlət tabeliyində olan 308 uşaq bağçası və uşaq evi “Səba” toyuqları ilə pulsuz təmin olunmağa başlayıb.

Bu məhsulu satışda gördüyünüz halda zəng edin:
Əlaqə nömrəsi
050 250 76 69
“Dəvəçi Broyler” şirkətinin Daxili Audit Departamentinin Direktoru Bəndiyar Cəbrayıllı
# 5327

Oxşar yazılar