Dövlət Komitəsi: “Bu cür insidentlərin gələcəkdə də baş verməsi mümkündür”
27 fevral 2013 12:08 (UTC +04:00)

Dövlət Komitəsi: “Bu cür insidentlərin gələcəkdə də baş verməsi mümkündür”

Dövlət Komitəsi və səfirliyimiz günahkarların Fransa qanunlarına uyğun şəkildə cəzalandırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə çalışır

 

 

Diasporla İş üzrə Dövlət Komitəsi Fransada Azərbaycan diasporunun üzvlərinin ermənilər və fransız deputat tərəfindən vəhşicəsinə döyülməsinə münasibət bildirib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin tövsiyələrinə uyğun olaraq öz fəaliyyətlərini hücum taktikası əsasında quran Azərbaycan diaspor təşkilatlarının son vaxtlar nümayiş etdirdiyi yüksək fəallıq erməni diasporu və lobbisinin də ciddi narahatlığına səbəb olmaqdadır.

 

Fevral ayının 26-da Parisdə Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynovun Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülməsi bunu bir daha təsdiq edir.

 

Qeyd edək ki, fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə  “Sumqayıt hadisələrindən 25 il sonra; hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırıblar. Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər. Bundan sonra Fransa parlamentinin üzvü  Fransua Roşeblounun  təhriki ilə Azərbaycan diasporunun rəhbəri və azərbaycanlı tələbəyə hücum edərək onları vəhşicəsinə döyüblər. Tədbir iştirakçıları, o cümlədən Fransa Parlamentinin toplantıda iştirak edən deputatları bu vəhşiliyin qarşısını almaq üçün heç bir cəhd göstərməyiblər.

 

Dövlət Komitəsinin məlumatında qeyd edilir ki, Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva Fransadakı Azərbaycan diasporunun ən fəal nümayəndələrindən biri, Avropa Azərbaycanları Konqresinin üzvü, Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvüdür.

 

Dövlət Komitəsi xatırladır ki, bir neçə gün öncə Türkiyədə də Xocalı soyqırımı ilə bağlı quraşdırılan stendlər naməlum qrup tərəfindən dağıdılıb. Bütün bunlar erməni lobbisi və diasporunun Azərbaycan diaspor təşkilatlarının fəallaşmasından ciddi narahatlıq keçirdiyini bir daha təsdiqləyir. Dövlət Komitəsinə daxil olmuş məlumatların təhlili göstərir ki, bu cür insidentlərin gələcəkdə də baş verməsi mümkündür. Lakin belə təşəbbüslər Azərbaycan diaspor təşkilatlarının fəaliyyətini əngəlləyə və Azərbaycanın haqq işi uğrunda mübarizədən çəkindirə bilməz. Hazırda Diasporla İş üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Fransadakı səfirliyi və digər müvafiq dövlət orqanları ilə birlikdə məsələni araşdırır və günahkarların Fransa qanunlarına uyğun şəkildə cəzalandırılması istiqamətində müvafiq tədbirlərin görülməsinə çalışır.

# 989
avatar

Oxşar yazılar