Olmayan bir şeyin nəyini tanıyacaqsan, xanım İdalqo? - Və ya milyonları qətlə yetirən Fransanın “ədalət dərsi”
17 noyabr 2020 17:17 (UTC +04:00)

Olmayan bir şeyin nəyini tanıyacaqsan, xanım İdalqo? - Və ya milyonları qətlə yetirən Fransanın “ədalət dərsi”

Sentyabrın 27-də Ermənistanın davamlı təxribatları nəticəsində başlanmış müharibə dövründə Fransa bu günə kimi pərdələdiyi ermənipərəst siyasətini tam açıq nümayiş etdirməyə başlayıb. Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərib. Fransa XİN-i də ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılıq siyasətini dəstəkləyib. Bütün bunlar onu deməyə əsas verir ki, hazırda Fransanın Azərbaycana münasibətini açıq düşmənçilik kimi də qiymətləndirmək olar.

Əldə olunan son məlumatlara görə, Paris meriyası qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşır. Separatçı qurumun tanınması təşəbbüsünün Fransa paytaxtının meri Enn İdalqodan gəldiyi qeyd olunur. Əslində bu proses Fransanın son dövrlər, eləcə sentyabrın 27-dən sonra aparılan hərbi əməliyyatlar zamanı nümayiş etdirdiyi siyasətin tərkib hissəsi kimi görünür. Ermənilərə yaxınlığı ilə tanınan E. İdalqonun bundan əvvəl də həm Ermənistanı, həm də separatçı Dağlıq Qarabağ rejimini dəstəkləyən təşəbbüsləri olub, marafonlar təşkil edib. Prosesin Fransa hakimiyyəti tərəfindən sanksiyalaşdırıldığı şübhə doğurmur. Parisin meri Ann İdalqo qatı ermənipərəst mövqeyi ilə tanınır, onun erməni lobbisinin tam nəzarətində olduğu bildirilir.

Aparılan qısa araşdırma göstərir ki, Fransa meri Ann İdalqo Fransa erməniləri ilə sıx münasibət saxlayır. Onun müavinlərindən biri erməni Anuş Toronyandır. Anuş Toronyan Fransız ermənilərinin təşkilatı CCAF-ın rəhbəri Ara Toronyanın qızıdır. Yeri gəlmişkən, Paris Şurası 163 nəfərdən ibarətdir. Şura birbaşa səsvermə ilə seçilmir. Yeni seçilən şura şəhər merini və onun 40 müavinini seçir. Fransa prezidenti E.Makronun yaratdığı və rəhbərlik etdiyi “İrəli Fransa” partiyası Şurada geniş şəkildə təmsil olunur. Erməni lobbisinin ciddi təsiri altında olan Fransa hökuməti və şəxsən prezident Makron ermənilərin dəstəyini əldə etmək üçün müharibə dövründə işğalçı ölkəyə siyasi, iqtisadi və hərbi dəstək göstərib.

Fransanın anti-Azərbaycan və Ermənistanı müdafiə etmək cəhdləri isə heç bir nəticə vermədi. Azərbaycan işğal altında olan torpaqları azad edərək heç bir qüvvənin tarixi ədalətin bərpa olunmasına maneçilik törətmək gücündə olmadığını bütün dünyaya göstərdi. Paris şəhərinin Dağlıq Qarabağdakı qondarma qurumu tanıması da heç bir nəticə verməyəcək. Bundan əvvəl də İtaliyanın bəzi şəhərləri tarixin arxivinə gömülmüş “DQR”i tanıdı, lakin bunun heç bir praktiki nəticəsi olmadı və məsələ qısa zamanda unuduldu.

Amma bu gün müxtəlif Avropa dairələrində Azərbaycanın mənfi imicinin formalaşdırılması istiqamətində fəal iş aparan Fransa öz tarixi keçmişinə nəzər salsa, daha məntiqli olar. Fransa, əli milyonlarla insanın qanına batmış, ayrı-ayrı xalqlara qarşı soyqırımı törətmiş ölkədir. Bu gün də bir sıra Afrika ölkələrində Fransa sabitliyin pozulması, hakimiyyətlərin devrilməsi, vətəndaş qarşıdurmasının təşkili ilə bağlı ardıcıl siyasət həyata keçirir, bu məqsədlə muzdluların imkanlarından geniş yararlanır. Fransanın legioner konsepsiyasının mərkəzində də muzdlulardan istifadə etmək dayanır. Təsəvvür edin, bir neçə il bundan əvvələdək, - bəlkə indinin özündə də - Fransa keçmiş müstəmləkələri olan 14 Afrika ölkəsindən 60 ildən çoxdur ki, “koloniya vergisi” adı altından xərac toplayır. Benin Respublikası, Burkina Faso, Qvineya-Bisau, Fil Dişi Sahili, Mali Respublikası, Niger Respublikası, Senegal, Toqo, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Konqo, Ekvatorial Qvineya və Qabon Respublikası Fransaya vergi ödəməyə hələ də davam edir.

siliconafrica.com-un məlumatına görə, bu ölkələrin illik gəlirlərinin 85 faizi hər il Fransa mərkəzi bankında toplanır. Digər 15 faiz ilə iqtisadiyyatlarını idarə etməyə çalışan Afrika ölkələri maliyyə çətinlikləri ilə qarşılaşacağı halda Fransa mərkəz bankına qoyduqları pullarını borc kimi almaq məcburiyyətindədir. Amma bu ölkələr bir il ərzində Fransaya verdiyi puldan maksimum iyirmi faiz borc ala bilir. Daha böyük miqdarda borc almaq istəyi isə Fransanın vetosu ilə qarşılaşır.

Bu ölkələrin tarixinə nəzər saldıqda, Fransaya vergi ödəmək istəməyən liderlərin ya sui-qəsdin, ya da çevrilişin qurbanı olduğunu görmək olar. Son 30 ildə 26 Afrika ölkəsində 67 hərbi çevriliş olub. Onların 61 faizi keçmiş Fransa müstəmləkəsi olan ölkələrdir. Bu ölkələrdə həyata keçirilən hərbi çevrilişlərin Fransa müstəmləkəsi zamanı yaradılan legioner əsgərlər tərəfindən reallaşdırıldığı faktı var.

Dünyada ən çox istila müharibəsi, yürüşü aparmış, ən çox müstəmləkəyə malik olan ölkəsi Fransadır. Elə bir qitə, materik, arxipelaq yoxdur ki, Fransa son əsrlərdə orda hökmranlıq etməsin, ölkələri amansız istismara, xalqları qırğına, zülmə məruz qoymasın. Şimali Afrika üzərində imperialist maraqlarını həyata keçirən Fransa  təkcə Əlcəzairdə 1830-cu ilə qədər 4 milyon, 1890-cı ildə isə 2 milyon 500 min insanı öldürmüşdü. Xalqa ana dilində danışmaq, yazmaq, adət-ənənələrini təbliğ etmək qadağan edilmişdi. Silah gəzdirən, siyasi xarakterli söhbət, toplantı keçirmək istəyənlər yerindəcə güllələnirdi. 1945-ci ilin mayında Parisdə çap olunan "Le Monde" qəzeti yazırdı:

“8 may 1945-ci il. Bu gün bütün Avropa qələbəni bayram edərkən Fransa qoşunları Əlcəzairin Setif və Guelma qəsəbələrində 45 mindən çox günahsız insanları qanına qəltan etdi”.

“Əl-Cəzirə" televiziyasının əməkdaşı Əhməd Bin Bəlla bir müddət əvvəl hazırladığı süjetdə fransızların 17 oktyabr 1961-ci ildə Əlcəzairdə törətdikləri vəhşilikdən bəhs etmişdi. Yüzlərlə günahsız əlcəzairli öz hüquqlarını tələb etdiklərinə görə, diri-diri Lə Sinn çayına atılaraq batırılmışdı. O zaman bu addım Avropa qəzetlərinin çoxunda “faşist Almaniyasının” missiyasının davamı kimi qiymətləndirilmişdi.

Benin uzun illər bu dövlət üçün qul ticarəti xammalı rolunu oynamışdı. Milyonlarla ailə qul halına salınaraq beynəlxalq bazarlarda satıldı. Qazanılmış milyonlar isə Parisə daşındı.

1895-ci ildə növbəti Afrika ölkəsi - Burkino-Faso işğal edildi. Bir il sonra bölgənin əhəmiyyətli ticarət mərkəzi olan Vaqaduqu darmadağın edildi. Minlərlə şəhər əhalisi qətlə yetirildi. Əslində bu cür faktlar onlarla, yüzlərlədir. Hələliksə yuxarıdakı məqama qayıdaq. Paris meriyasının qondarma Dağlıq Qarabağı tanımağa hazırlaşmasına. Və təşəbbüsdə bulanan xanım Ann İdalqoya bircə sual: Olmayan bir şeyin nəyin tanıyacaqsan?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1624

Oxşar yazılar