Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayandan Ermənistanın “böyük bacısı” Fransa işğalçı ölkənin yanında dayanıb. Heç kimə sirr deyil ki, Azərbaycan döyüş meydanında təkcə Ermənistanı deyil, onların ermənilərin havadarlarını, dünya erməniliyini də məğlub edib. Məhz bu ağır və acınacaqlı məğlubiyyətin əvəzini çıxmaq üçün Ermənistanın tərəfdarları müxtəlif çirkin vasitələrdən istifadə edirlər. Fransa Senatında qondarma qurumun tanınması ilə bağlı məsələnin qaldırılması bu çirkin kampaniyanın tərkib hissəsidir.
Gələn həftə Fransa parlamentinin yuxarı palatası olan Senat qondarma Dağlıq Qarabağ Respublikasının tanınması ilə bağlı Konstitusiyanın 34-1-ci maddəsinin tətbiq edilməsinə dair səsvermə keçirməyi planlaşdırır. Bir neçə senatorun hazırladığı qətnamə layihəsi ilə bağlı müzakirələr noyabrın 18-də aparılıb və səsvermənin noyabrın 25-də keçirilməsinə qərar verilib. Rəsmi Parisin İkinci Qarabağ müharibəsi başlayandan ermənilərin maraqlarından çıxış etməsi, dünyanın gözü qarşısında işğalçılığa və separatizmə dəstək verməsi heç kimə sirr deyil. Yeri gəlmişkən, onu da qeyd edək ki, bir neçə gün əvvəl Parisin mövqeyinə Bakıdan kəskin reaksiya verilmişdi. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi (XİN) Fransa xarici işlər nazirinin 10 noyabr 2020-ci il tarixli bəyanatına dair açıqlama yaymışdı. “Fransanın Avropa və xarici işlər üzrə naziri J. İ. Lö Drianın Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının Baş naziri və Rusiya Federasiyasının Prezidenti tərəfindən imzalanmış, bütün hərbi əməliyyatların dayandırılması ilə bağlı bəyanata dair verdiyi açıqlama Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi qismində mandatına uyğun olmayaraq, tamamilə qərəzli xarakter daşıyır. Qeyd etmək istərdik ki, birtərəfli və açıq-aşkar ermənipərəst mövqeyi əks etdirən bəyanatla çıxış edən Fransa xarici işlər nazirinin digər həmsədr ölkələrin adından çıxış etmək səlahiyyəti yoxdur”, rəsmi Bakı bəyan etmişdi.
Bu mövzu dünən Azərbaycan parlamentində də əsas müzakirə məqamlarından idi.
“Bir neçə gün bundan əvvəl Paris meri Fransa konstitusiyasına tamamilə zidd olan, heç bir hüquqi əsası olmayan sənəd qəbul etdirdi. Bu sənədin qəbul olunması zamanı 50-dək şəxs iclası tərk edir, çünki qeyri-qanuni idi, amma yenə də həmin sənədi qəbul etdilər”. Bu fikirləri komitə sədri Səməd Seyidov söyləyib. S.Seyidov həmin sənəddə əksini tapan absurd və heyrətamiz tələbə diqqət çəkib: “Hökumət 1994-cü ildə müəyyən edilmiş sərhədlərin bərpasını Minsk Qrupunun qarşısında qoyur. Təsəvvür edirsinizmi, Minsk Qrupuna tapşırılacaq ki, Füzuli, Cəbrayıl, başqa ərazilərimiz yenidən işğala qayıtsın?!” “27 sentyabr tarixdən, Azərbaycan Ermənistan ordusuna qarşı əks-hücum əməliyyatına başladıqdan dərhal sonra Fransa Ermənistanı dəstəklədi. Bu, onun seçimidir, ona qarışa bilmərik. Amma Fransa ATƏT-in Minsk Qrupunun həmsədri kimi üzərinə öhdəlik götürüb və bu öhdəlikləri yerinə yetirməlidir”. Bu fikirləri isə deputat Nigar Arpadarai söyləib. O qeyd edib ki, əslində demokratik dəyərlərdən danışan Fransa rəhbərliyi gərək özü bu missiyadan imtina edəydi, çünki tərəf tutur: “Əgər Fransa dövləti bu addımı atmırsa, biz bununla bağlı qərarımızı verməliyik”.
Deputat Vahid Əhmədov isə bildirib ki, bir sıra dövlətlər 10 noyabr bəyanatını qəbul etmək istəmir. Millət vəkilinin sözlərinə görə, dövlət başçımız iradəsini ortaya qoyaraq bu bəyanatı imzaladı, amma bəzi qüvvələr bu uğurumuzu qəbul edə bilmir. “Fransa həmişə Ermənistanın yanında olub, həm qondarma ”soyqırım" məsələsində, həm də digər məsələlərdə. Bu dövlətin fəaliyyəti göstərir ki, Fransa həmsədr kimi fəaliyyət göstərə bilməz. Təklif edirəm ki, Milli Məclis Fransanın həmsədrlikdən uzaqlaşdırılması ilə əlaqədar bəyanat qəbul etsin. Həmsədr ölkə belə bir mövqe tuta bilməz!”.
Milli Məclisin deputatı Kamran Bayramovun fikrincə, Fransa həmsədr ölkə kimi Minsk qrupundakı mandatını kobud şəkildə pozaraq daim işğalçı Ermənistana dəstək verib. Deputat qeyd edib ki, Fransa prezidenti Emmanuel Makron hərbi əməliyyatların dayandırılması, Azərbaycana qarşı beynəlxalq rəy formalaşdırılması və cəza tədbirləri həyata keçirilməsi məqsədilə ciddi səylər göstərdi. Fransa XİN-i ardıcıl şəkildə bəyanatlar verərək Ermənistanın işğalçılq siyasətini dəstəkləyib. “Amma Fransa prezidentinin bu səyləri puça çıxdı, bütün beynəlxalq təzyiqlərə sinə gələn Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz işğalçı Ermənistana yerini göstərdi, onu ağır məğlubiyyətə uğradaraq kapitulyasiyaya məcbur etdi. Ermənistanın bu biabırçı məğlubiyyətindən məyus olan Fransa rəhbərliyi indi də mövcud olmayan qondarma bir qurumu tanımağa cəhd edir. Fransanın Ermənistana hər hansı bir dəstək verməsinin heç bir nəticəsi olmayacaq. Artıq Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib və düşmən üzərində tarixi qələbə çalıb”.
Və nəhayət, Rəsmi Paris və Ermənistanın digər havadarları bir həqiqəti birdəfəlik dərk etməlidirlər: Bu gün Azərbaycan güclü və müstəqil dövlətdir, heç kim onunla təhdid dilində danışa bilməz. Və Azərbaycan ikinci Qarabağ savaşında bunu bir daha sübut etdi.