Bizim gəncliyimiz Vətənin naminə öz hüququndan keçir, canını qurban edir
06 iyul 2022 12:23 (UTC +04:00)

Bizim gəncliyimiz Vətənin naminə öz hüququndan keçir, canını qurban edir

İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması istiqaməti üzrə

 Lent.az-ın müsahibi hüquq üzrə fəlsəfə doktoru İlqar Eyyubovdur

İlqar müəllim, ölkədən siyasi mühacir adı altında qaçan bir çoxları  xaricdəki bəzi güclərdən maliyyə dəstəyi almaq məqsədi ilə sosial şəbəkələrdə sifarişli çıxışlar edir, Azərbaycanda insan hüquqlarının pozulmasından, insan azadlığına dair qanunvericiliyin yetərli  səviyyədə olmadığını deyirlər. Bu barədə nə deyə bilərsiniz?

 - Kənardan oturub danışmaq ələttə çox asandır, üstəlik bundan ötrü pul alırsansa birin üstünə beş qoyub danışmaq da şərtdir. İnsan hüquqlarına hörmət, insan hüquqlarının qorunması müasir dünyaya qovuşmağın əsas yoludur. Respublikamız bu sahədə 300-dən çox beynəlxalq müqavilənin iştirakçısı və nüfuzlu beynəlxalq təşkilatların üzvüdür.   18 iyun Azərbaycanda Milli İnsan Hüquqları günü kimi qeyd olunur. Azərbaycan dövləti tərəfindən insan hüquqlarının qorunması, hüquq və azadlıqlarının təmin olunması sahəsində ardıcıl tədbirlər həyata keçirilib və bu ardıcıl xarakter daşıyır. İnsan hüquq və azadlıqlarının qorunmasının dövlətin ali məqsədidir. 
Azərbaycanda İctimai həyatın ən müxtəlif sahələrini tənzimləyən qanunlar mövcuddur. Bu qanunlar  cəmiyyətin inkişaf ahənginə uyğun təkmilləşdirilir.  İnsan hüquq və azadlıqlarının daha etibarlı müdafiəsi baxımından, hüquq-mühafizə orqanlarının fəaliyyətində çevik həll prosedurunun tətbiqi həyata keçirilir. Azərbaycanda necə hüquqların pozulduğunu, məhdudlaşdırıldığını demək olar ki, bəzi vətəndaşlar hətta dövləti məhkəməyə verir, beynəlxalq məhkəmələrə çıxırlar.Azərbaycan cəmiyyəti öz hüquqlarını kifayət qədər gözəl bilir və qanunlardan öz mənafeyi naminə istifadə edir. Biz Avropa məkanına inteqrasiya kursunu prioritet seçmişik və bu məsələdə hüquq sistemimizin mükəmməlliyi vacib amildir.  Qanunlarımız hər bir fərdin maraq və mənafeyinin yüksək səviyyədə təminatını qarşıya məqsəd qoyub, dövrün tələblərinə cavab verən məhkəmə-hüquq  sistemimiz var və bu sitemdə mütəmadi olaraq islahatlar aparılır.
 -  Azərbaycana qadın və uşaq hüquqlarının qorunma səviyyəsi Avropa standartlarına uyğundur?

- Çox uzağa getmədən bir nümunə göstərmək istərdim. Azərbaycanda Ombudsman İnstitutuna qadın rəhbərlik edir. Ailə, Qadın  və Uşaq Problemləri Komitəsinə rəhbərlik də qadınlara həvalə edilib. Qanunverici orqanımızın-Milli Məclisimizin başında da xanım dayanır. Amerika və əksər Avropa ölkələrində zərif cinsin nümayəndələri seçki hüququndan məhrum olduqları halda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadına kişilərlə bərabər seçkilərdə iştirak etmək hüququ verilib. Azərbaycanda qadınların hüquqlarının müdafiəsi istiqamətində intensiv işlər görülür. 1991-ci ildə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra da cəmiyyətin inkişafında və müstəqil dövlətin qurulmasında qadınların rolu artmağa başlayıb. Azərbaycan BMT, ATƏT, Avropa Şurasının tərkibində olan gender məsələləri, qadınların vəziyyətinin yaxşılaşdırılması ilə məşğul olan strukturların hər biri ilə sıx əməkdaşlıq təmin edilib. Ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş onlarla Dövlət Proqramı həyata keçirilir. Hər il ölkəmizdə iyunun 1-də Uşaqların Beynəlxalq Müdafiəsi Günü yüksək səviyyədə qeyd edilir.Uşaq hüquqlarının tam həcmdə təmin edilməsi dövlət siyasətinin prioritet istiqamətlərindəndir.   

- Vətəndaşlarımız dövlət idarəetməsində  həmrəylik nümayiş etdirə bilirlərmi və bu  sadə insanlar bu məvhumu düzgün anlayırmı? 

- Dövlət idarəetməsində vətəndaş həmrəyliyinin ifadə edilməsi, ictimai nəzarətin həyata keçirilməsi çox vacib  amildir. Hər bir cəmiyyətdə  qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bizim ictimaiyyət bu halların baş verməsi zamanı kənarda qalmayaraq, dərhal reaksiya verir. İnsanlar üzləşdikləri problemləri bildirməli, şikayətlərini müvafiq orqanlara çatdırmalıdırlar. Hətta hüquq  mühafizə  sisteminə müraciət etməyəndə sosial şəbəkələrdə aktivlik nümayiş etdirilir, onları narahat edən məsələlər barədə müzakirələr aparır, gündəmə  gətirir, ictimai fikri həmin problemə yönəldirlər. Sizə deyim ki ictimai qınaq öz işini görür və bir çox problemlərin dərhal aradan qaldırılmasına kömək edir. Konstitusiya hər bir vətəndaşa dövlətin ictimai-siyasi həyatında iştirak etməsi üçün geniş imkanlar yaradır. 

- Bu mənada gənclərin iştirakı barədə nə deyə bilərsiniz? 

- Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi əsas yer tutur.  Gənclik güc  və enerji deməkdir.  Azərbaycan gəncliyinin dövlət idarəçiliyində, siyasətdə, parlamentdə, yerli icra strukturlarında, icra hakimiyyətində, bələdiyyələrdə geniş  təmsil olunmalarının şahidiyik və bu sevindirici haldır. Mən himnimizin bir bəndini çox sevirəm.

Minlərlə can qurban oldu!
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Bizim gəncliyimiz Vətənin, dövlətçiliyin bütövlüyü naminə öz hüququndan keçir, canını qurban edir. Bu fədakarlığın özü  belə dövlətçilikdə iştirak deyilmi? Onlar dövlət yaşasın deyə özlərini qurban edənlərdir. 

- Ölkə vətəndaşlarının siyasi mədəniyyət səviyyəsi barədə də fikir bildirmənizi istərdim. Bu mənada  avropalılarla yaqlaşa bilirik?  

- Hər şey yalnız öz əlimizdədir, istəsək ayaqlaşa da bilərik, irəli keçə də bilərik. Qanunlarımız bu mənada bizə böyük dəstək və azadlıq verir. Siyasi mədəniyyətli inkişaf etmiş cəmiyyətlərdə aşkarlıq , plüralizm, siyasi fəallıq, xalqın siyasi həyatda iştirakı, vətəndaşların hüquq və azadlıqlarının qorunması amilləri üstünlük təşkil edir. Bütün bunlar bizdə də var. Siyasi mədəniyyət vərdiş və davranış normaları, onların siyasi həyatda tətbiq olunmasını bacarmaq  deməkdir.  Azərbaycanda siyasi mədəniyyətin formalaşması prosesində Ulu Öndər Heydər Əliyevin  rolu olduqca böyükdür. Bizim siyasi mədəniyyətimiz azərbaycançılıq kontekstində qurulub və bir qədər fərqlənir. Bayaq himnimizdən nahaq misal gətirmədim, bizim dövlətə və dövlətçiliyə böyük sədaqətimiz, güvənimiz var. Azərbaycançılıq ideyası, millilik bizim ruhumuzda var və bu amil həyat tərzimizə öz təsirini göstərir.

Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb
 

# 2715
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar