Beynəlxalq ekspertlər : Azərbaycan Qoşulmama Hərəkatının layiqli lideridir
12 oktyabr 2021 13:07 (UTC +04:00)

Beynəlxalq ekspertlər: Azərbaycan Qoşulmama Hərəkatının layiqli lideridir

"Bu il Hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il - 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar vermişlər. Biz bunu Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrliyinə verilən qiymətin əlaməti kimi yüksək dəyərləndiririk".
Lent.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Qoşulmama Hərəkatının Yüksək Səviyyəli Toplantısında videoformatda çıxışı zamanı deyib.
"Azərbaycan Qoşulmama Hərəkatı çərçivəsində həmrəyliyin bundan sonra da möhkəmləndirilməsi və Hərəkatın siyasi çəkisinin və qlobal nüfuzunun artırılması istiqamətində fəaliyyətinə davam edəcək. Biz COVID-19-dan sonrakı dövr üçün fikir mübadiləsinin aparılması və Hərəkatın mövqeyinin formalaşdırılması məqsədilə Qoşulmama Hərəkatına üzv dövlətlərin yüksək səviyyəli iclasının keçirilməsini təklif etmişik.
BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılması təklifinin Qoşulmama Hərəkatı tərəfindən təşviq edilməsi məqsədəuyğun olardı. Azərbaycan Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentariləri arasında əməkdaşlığın inkişafı ilə bağlı addımlar atır. Bir həftə bundan əvvəl Azərbaycan sədr kimi Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin təsis iclasını keçirdi. Mən təklif edirəm ki, Qoşulmama Hərəkatına üzv dövlətlər artıq təsisatlanma ideyası üzərində düşünsünlər. Azərbaycan sədr qismində məsləhətləşmələr apararaq, Hərəkata üzv dövlətlərin bununla bağlı mövqeyini öyrənəcəkdir", - dövlət başçısı bildirib.
Əslində, Qoşulmama Hərəkatının dünyadakı nüfuz və uğurunu əksər beynəlxalq ekspertlər etiraf edirlər. Azərbaycanın bu hərəkatdakı rolu isə danılmazdır.
“Qoşulmama Hərəkatına üzv ölkələrdən yalnız Azərbaycan bu dövlətlərarası təşkilatın qəbul edilmiş bütün normalarına riayət edir. Azərbaycan böyük dünya oyunçuları arasında manevr edir və heç bir hərbi bloka qoşulmur”.
Bunu beynəlxalq münaqişələr üzrə ekspert Yevgeni Mixaylov bildirib.
Ekspertin fikrincə, Azərbaycan həm Qərb ölkələri, həm də Avrasiya Əməkdaşlıq Təşkilatı ölkələri, ilk növbədə Rusiya ilə əməkdaşlıq etməyə çalışır. “Lakin bu zaman heç bir dövlətə üstünlük verilmir. Azərbaycan öz yolu ilə hərəkət edir. Ölkə başçısınının dünyanın güclü ölkələri arasında manevr etmək və bu zaman ölkənin milli maraqlarına xidmət etmək bacarığı çox şeyə dəyər”.
Mixaylov bildirib ki, rəsmi Bakının hazırda beynəlxalq arenaya çıxan istənilən təşəbbüsü kifayət qədər əsaslıdır.
Ekspertin fikrincə, Azərbaycan ilk növbədə Qoşulmama Hərəkatında bütün türk dünyasını təmsil edir. “Türk dünyasının bir çox ölkələri rəsmi Bakının bu təşkilatda necə sədrlik etdiyini izləyir, hansısa ölkə müşahidəçi statusu alır, hansısa ölkə artıq qoşulmaq istəyir. Məhz Azərbaycanın səyləri nəticəsində təşkilat güclənməkdə davam edəcək”.
Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyi altında daha mütərəqqi təşkilata çevrilir.
Bunu isə pakistanlı ekspert Malik Əyyub Sumbal deyib.
O bildirib ki, Azərbaycan xarici siyasətdə Şərqlə Qərb, eləcə də müsəlman və qeyri-müsəlman ölkələri arasında balansın tərəfdarıdır.
Ekspertin sözlərinə görə, Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində gördüyü işlər ən yaxşı nəticələr verir:
“Azərbaycanın irəli sürdüyü təşəbbüslər Qoşulmama Hərəkatının üzvləri tərəfindən yüksək qiymətləndirilir. Qoşulmama Hərəkatı çox nüfuzlu strukturdur, Bakının sədrliyi isə onu daha da mütərəqqi edir. Bu cür templə Qoşulmama Hərəkatı çox gözəl nəticələr əldə edəcək”.
Qoşulmama Hərəkatı hər hansı hərbi bloklara qoşulmayan, müstəqil siyasət yeridən ölkələri birləşdirən nüfuzlu, güclü təşkilatdır. Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi də Bakının müasir siyasi mərkəzlərdən biri kimi nüfuzunun, hörmətinin təsdiqidir”.
Bu fikirləri rusiyalı hərbi ekspert İqor Korotçenko bildirib.
Onun fikrincə, İkinci Qarabağ müharibəsində qələbə qazanaraq ərazi bütövlüyünü bərpa edən Azərbaycan bu gün dünya boyu nüfuzunu xeyli artırıb: “Hazırda azad edilmiş ərazilərdə bərpa işləri görülür. Böyük nüfuza, gücə malik Azərbaycan müstəqil siyasət yürüdərək kimlərdənsə icazə almır. Belə ölkələr azdır. Məhz ona görə də Azərbaycan bu gün Qoşulmama Hərəkatının başında duraraq bu təşkilatın nüfuzunu artırmağı bacarıb”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1932

Oxşar yazılar