"Azərbaycan COP29-un ev sahibi kimi çox uğurlu performans sərgilədi. Hər kəs Bakıdan yüksək təəssüratlarla qayıtdı. Doğrudan da Cənubi Qafqaz regionunda bu miqyasda ikinci belə tədbir keçirilməyib. Cənab Prezidentin də söylədiyi kimi, bizim üçün COP29 böyük bir çağırış və böyük imkan idi. Bizim vəzifəmiz bu çağırışı uğura çevirməkdən ibarət idi. Biz bunun öhdəsindən layiqincə gəldik. Elə dövlət başçımız yerli telekanallara müsahibəsində də bunu daha çox böyük uğur, eyni zamanda ölkənin təqdimatı kimi dəyərləndirdi. Üstəlik, bu nüfuzlu tədbir ölkəmizə qarşı çirkin qarayaxma kampaniyası fonunda keçirildi. Bütün qərəzli yanaşmalara rəğmən Azərbaycan ev sahibi kimi üzərinə götürdüyü öhdəliyi layiqincə icra etdi. COP29-da həm Azərbaycan, həm dünya üçün praktiki nəticələr əldə edildi".
Lent.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nigar Məmmədova bildirib.
Deputat qeyd edib ki, COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülmüşdü: "Bu gün də Bakı COP-un təşəbbüsləri təqdir olunur. Post-COP29 dialoqları çərçivəsində aparılan müzakirələrdə də qeyd olunur ki, COP 29 həqiqətən də iqlim diplomatiyasında dönüş kimi tarixi düşdü. Bakı COP həm də Qlobal Cənub və Qlobal Şimal arasında olan mövcud olan etimadsızlıq fonunda keçirildi. Azərbaycan istixana qazlarının emissiyası baxımından o qədər də böyük paya sahib olmasa da, beynəlxalq təşkilatlardakı fəaliyyət təcrübəsi və şaxələndirilmiş xarici siyasət körpülər qurmaqda rəsmi Bakıya yardımçı oldu. Ada dövlətlərinin ilk dəfə səsinin bu ali kürsüdən eşidilməsi rəsmi Bakının təqdimatında ədalətin təntənəsi idi".
Nigar Məmmədova bildirib ki, cəmi 11 ay davam edən hazırlıq işləri yüksək səviyyədə icra edilib: "Halbuki bundan əvvəlki COP-lar üçün müddət 2 il təşkil edib.
197 ölkədən 76 min iştirakçının, eləcə də səksən dövlət və hökumət başçısının qatıldığı COP29 bir daha Azərbaycanın etibarlı tərəfdaş olduğunu təsdiqlədi. COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğursa da, bu, konfransın işinə təsir etmədi. 10 il ərzində karbon bazarı ilə bağlı razılığa gələ bilməyən tərəflər COP-un ilk günlərində artıq Paris Sazişinin 6-cı maddəsi üzrə razılığa gəldilər. Eyni zamanda qarşıdan gələn illər üçün nəzərdə tutulmuş məbləğin 3 dəfə artırılmasına nail olundu. İndi bütün dünya Bakı Nailiyyətindən, onun ilqim dəyişikliyinə verə biləcəyi töhfələrdən danışır. COP Atəşkəs Çağırışı isə bəşər həmrəyliyinin simvolu kimi tarixə düşdü. Azərbaycanın bu təşəbbüsü hamı üçün daha təhlükəsiz, firavan və davamlı gələcək naminə birliyə hesablanmışdı. Münaqişələrin ekosistemin pozulması, təbii ehtiyatların tükənməsi, gələcək nəsillər üçün planetimizin sağlamlığının təhlükə altına düşməsinə səbəb olduğu bir vaxtda belə bir təşəbbüslə çıxış etməsi ölkəmizin qlobal sülhə töhfəsi kimi dəyərləndirildi.
Təsadüfi deyil ki, bu gün beynəxalq konfranslarda ötən ilin noyabrında Bakıda keçirilən COP29-da iqlimlə bağlı tədbirlər üçün daha çox maliyyə resurslarının təmin edilməsinə dair qərarların qəbul olunması müsbət və effektiv addım kimi dəyərləndirilir. Hər kəs Bakı Nailiyyətinin iqlim böhranından ən çox təsirlənən və böyük iqtisadi borc yükü altında olan ölkələr üçün resursların bölüşdürülməsinə imkan verəcəyinə ümid edir. Bu isə Bakı COP-da əldə olunan nəticələrin gələcək üçün miras olduğunu deməyə əsas verir".