2018-ci ildə Günnüt, 2020-ci ilin iyul ayında Tovuz zəfəri və nəhayət 2020-ci ilin sentyabr ayında başlayıb və 8 Noyabr Zəfərlə bitən Vətən müharibəsi. Əslində bütün bu zəfərlər öz başlanğıcını 2016-cı il Aprel döyüşlərindən götürmüşdü. 5 il əvvəl 2016-cı il aprelin 1-dən 2-ə keçən gecə və gün ərzində bütün cəbhə boyu Azərbaycan mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən güclü artilleriya atəşinə məruz qalmışdı.
Azərbaycan tərəfindən bu hücumun qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı tərəfindən Ağdərə - Tərtər - Ağdam və Xocavənd-Füzuli istiqamətində təxirəsalınmaz cavab tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdi. Döyüş nəticəsində Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi erməni qüvvələrindən tam təmizlənmişdi. Horadiz şəhərinin erməni təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də Azərbaycan qüvvələrinin nəzarətinə keçmişdi.
Aprelin 5-də saat 12.00 - dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırıldı. Razılaşma Moskva şəhərində Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisləri arasında əldə edildi. Azərbaycan Ordusunun Silahlı Qüvvələrinin bölmələri azad edilmiş torpaqlarda möhkəmləndirmə işlərini həyata keçirdi. “Aprel döyüşləri”dən sonra Ermənistan anladı ki, status-kvo dəyişib və tezliklə Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.
Aprel döyüşləri ilk qığılcım, Zəfərin ilk təntənəsi idi. 2016-cı ilin aprel ayında Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində erməni işğalından azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Prezident İlham Əliyevin tapşırığına əsasən Şuşa məscidinin bənzəri olan məscid tikildi. Burada iki mesaj var idi. Birincisi, Azərbaycanın İslam dünyasının bir parçası olması, öz tarixi keçmişinə sadiq qaldığı, ikincisi, Şuşa məscidinin bənzərinin inşası həm də o anlama gəlirdi ki, gün gələcək Şuşadakı məscid də bərpa ediləcək. Ekspertlərin fikrincə, bu döyüşlər, əslində, 22 illik fasilədən sonra Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum əməliyyatlarından birincisi idi. Ordumuz əks-hücumla Ermənistanın cəbhədəki ön xəttini iki istiqamətdə yardı. Cəbhə xəttini mərkəz və cənub istiqamətdən yarmaqla müəyyən bir əraziləri azad etməyi bacardıq. Bu döyüşlərdə ilk dəfə olaraq “Harop” tipli güclü zərbə PUA-larından istifadə edildi. Aprel döyüşləri düşmənə zərbənin, dəmir yumruğun ilk mərhələsi idi.
Və üstündən çox yox, 4 il keçəcək, Ermənistan və onun ordusu Müzəffər Azərbaycan ordusunun, onun Müzəffər Ali Baş Komandanının dəmir yumruğunun bir daha şahidi olacaqdı. Və o yumruğu onlar heç vaxt unutmaycaqdı.