Ermənistan AŞ-nın prinsiplərinə məhəl qoymur
13 aprel 2011 16:24 (UTC +04:00)

Ermənistan AŞ-nın prinsiplərinə məhəl qoymur

“Bizim üçün ən əsas məsələlərdən biri Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətidir. Bilirsiniz ki, Alt Komitə AŞPA Bürosunun qərarı əsasında yaradılıb və fəaliyyətdədir. Biz bu Komitənin işində iştirak etməklə bağlı müsbət münasibətimizi bildirmişik və Komitənin hər bir təşəbbüsündə iştirak etməyə hazırıq. Çox təəssüflər olsun ki, Ermənistan tərəfi AŞPA Bürosunun qərarına məhəl qoymur, ümumiyyətlə, Komitənin işində iştirakdan imtina edir”.


APA-nın Avropa bürosunun məlumatına görə, bunu Azərbaycan Milli Məclisinin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov deyib. S. Seyidov bildirib ki, AŞPA Bürosunun qərarına məhəl qoymamaq, AŞ-nın prinsiplərini tamamilə inkar etmək Ermənistanın siyasətinin iç üzünü açır: “Biz bununla bağlı fikirlərimizi AŞ-nın bütün nümayəndələrinə, o cümlədən AŞ rəhbərliyinə çatdırırıq ki, AŞ-nın, ümumiyyətlə, üzv ölkələrindən hansısa məsələləri tələb etmək, hansısa öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələ qaldırmaq, bu istiqamətdə AŞ-nin hansısa təşəbbüslərini həyata keçirmək özü-özlüyündə böyük sual altına alınır. Ona görə ki, belə bir qərarın icra olunmaması, o cümlədən 2005-ci ildə Dağlıq Qarabağla bağlı qəbul olunmuş qərarın indiyədək icra edilməməsi üzv olan ölkə Ermənistanda bu proseslərin nəzərə alınmaması, Ermənistanla yanaşı, AŞ-nın səlahiyyətini, gücünü, təsir imkanlarını azaldır. Biz dəfələrlə demişik ki, Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətini heç vaxt Dağlıq Qarabağ üzrə Komitə çərçivəsində məhdudlaşdırmayacağıq. Siz Azərbaycan nümayəndə heyətinin çıxışlarını görsəniz, qaldırdığımız məsələlərə baxsanız, görəcəksiniz ki, AŞ rəmzi mənada böyük bir Dağlıq Qarabağ Komitəsidir. Sözün açığı, biz o qədər də maraqlı deyildik ki, Dağlıq Qarabağ məsələsini bir komitənin fəaliyyəti çərçivəsində məhdudlaşdıraq. Ancaq konstruktiv mövqe, AŞ qətnamələrini yerinə yetirmək istiqamətində davranış göstərərək və Ermənistan nümayəndə heyətinin həmin Komitəyə dəvət olunaraq fəaliyyətinin nə dərəcədə «konstruktiv» olduğunu göstərmək üçün bu addımı atdıq. İndi görürük ki, biz haqlıyıq. Ermənistan təəssüflər olsun ki, həm AŞ-da, həm də digər beynəlxalq təşkilatlarda və ikitərəfli danışıqlarda qeyri-konstruktiv mövqe və davranış qaydalarını seçir. Buna görə beynəlxalq ictimaiyyət və qurumlar bilməlidir ki, Ermənistanın bu cür davranışlarını dəstəkləməklə, onlar öz təsir gücünü azaltmaq istiqamətində fəaliyyət göstərirlər. Biz bunu çox gözəl bilirik və Azərbaycan nümayəndə heyəti öz fəaliyyətini bu istiqamətdə davam etdirəcək”.


S. Seyidov AŞ-nin Azərbaycana münasibətində atdığı addımlara də toxunub: “Məsələn, Azərbaycandan bura bəzi nümayəndələr gəlirlər. Çox böyük təəccüb doğuran məsələ odur ki, AŞ nümayəndələrinin Azərbaycana səfəri zamanı bəzi müxtəlif qruplar onlarla görüşlərdən imtina edir. Ancaq Azərbaycanda onlarla görüşdən imtina edənlər AŞ-yə gələrək burada görüşlər keçirirlər. Bu isə təbii olaraq, həmin insanlarla bağlı böyük sual doğurur. Bilməliyik ki, AŞ beynəlxalq təşkilat olaraq, Azərbaycana münasibətində konstruktiv mövqedə dayanıb. Azərbaycan isə AŞ ilə münasibətlərdə öncə öz maraqlarını müdafiə etmək istiqamətində fəaliyyət göstərir. Biz Avropa Şurasına demokratiya, insan haqları, qanunun aliliyi üçün gəlmişik və harada həmin məsələlərlə bağlı Azərbaycanın maraqlarına hansısa təsir vasitəsi kimi istifadə olunmasını görəcəyiksə, münasibətimizi açıq-aşqar bildirəcəyik. Ümumiyyətlə, bizim AŞ-da mövqeyimiz açıq siyasət aparmaq və Azərbaycanın maraqlarını qorumaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 603

Oxşar yazılar