Həmsədrlər işğal altındakı ərazilərdən təmas xəttinin qarşı tərəfinə keçiblər
13 aprel 2011 12:37 (UTC +04:00)

Həmsədrlər işğal altındakı ərazilərdən təmas xəttinin qarşı tərəfinə keçiblər

Regionda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrləri Robert Bradtke (ABŞ), Bernar Fasie (Fransa), İqor Popov (Rusiya) və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik (Polşa) bu gün erməni işğalı altında olan ərazilərdən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətində olan tərəfə keçiblər.


APA-nın Qarabağ bürosu xəbər verir ki, onlar Ağdam Rayon İcra Hakimiyyətinə görüşə yollanıblar. İcra hakimiyyətində görüş keçirdikdən sonra Orta Qərvənd kəndinə gedəcəklər. Məqsəd 9 yaşlı Fariz Bədəlovun həlak olması ilə əlaqədar araşdırmanı davam etdirməkdir.


Xatırladaq ki, aprelin 11-də Ermənistana səfər edən həmsədrlər prezident və xarici işlər naziri ilə görüşüblər. İrəvandan Xankəndinə yollanan vasitəçilər separatçı rejimin rəhbərləri ilə də görüşüblər. Təmas xəttindən Azərbaycanın nəzarətində olan qarşı tərəfə keçən diplomatlar bu gün Azərbaycan rəhbərliyi ilə danışıqlar aparacaqlar.

Qeyd edək ki, bu gün ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun Azərbaycan Respublikasının Ağdam-Bərdə yolundakı təmas xəttində monitorinq də keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayevin APA-ya verilən məlumata görə, monitorinq insidentsiz başa çatıb.
Monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov, Antal Herdiç və şəxsi köməkçi Uilyam Praroy, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, ofis əlaqələndiricisi İmre Palatinus və səhra köməkçisi Marius Puodziunas keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar