Ombudsman Aparatının əməkdaşları Bayıldakı təcridxanada olublar
14 may 2009 15:30 (UTC +04:00)

Ombudsman Aparatının əməkdaşları Bayıldakı təcridxanada olublar

Saxlanılan şəxslərə hüquqları və Ombudsman haqqında Konstitusiya qanununun müddəaları izah olunub

İnsan Hüquqları üzrə Müvəkkili Aparatının əməkdaşları Ombudsman Elmira Süleymanovanın tapşırığına əsasən, ünvanına daxil olmuş müraciətləri araşdırmaq məqsədilə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bayıldakı 1 saylı istintaq təcridxanasında olmuş, müəssisəyə ümumi baxış keçiriblər. Bu barədə Lent.az-a Ombudsman Aparatının mətbuat xidmətindən bildirilib. Müvəkkilin nümayəndələri bir neçə saxlanılan şəxslə görüşüb, onların vəziyyətini öyrəniblər. Görüş zamanı həmin şəxslər istintaq təcridxanasında saxlandıqları müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini qeyd edib, saxlanılma şəraitindən, müəssisə əməkdaşlarının onlara qarşı rəftarından narazı olmadıqlarını söyləyiblər.

Saxlanılan şəxslərə hüquqları və Ombudsman haqqında Konstitusiya qanununun müddəaları izah olunub.

Aparatın əməkdaşları həmçinin burada aclıq edən Hünər Cəfərovla da görüşüb, onunla təkbətək söhbət aparıblar. Söhbət zamanı o, istintaq təcridxanasında saxlandığı müddətdə hüquqlarının pozulmasına yol verilmədiyini bildirib. Eyni zamanda, H.Cəfərov aclıq etməsinin səbəbini tutulmasının qanunsuzluğu, barəsində istintaqın düzgün aparılmaması, Cinayət Məcəlləsindəki 234-cü maddənin düzgün tövsif edilmədiyini hesab etdiyi ilə bağlı olduğunu bildirib, hazırda işinin məhkəmə icraatına verildiyini söyləyib.

Aclığın aksiya keçirənin səhhətinə ziyan olduğu və məsələnin həlli üçün səmərəli üsul olmadığı izah olunub, bu səbəbdən ona aclığı dayandırmaq tövsiyə edilib. Eyni zamanda, H.Cəfərovun işinin məhkəmə icraatında olduğu, bununla əlaqədar həmin məsələnin Ombudsmanın səlahiyyətlərinə aid olmadığı nəzərinə çatdırılıb.

Aclıq edənin vəziyyətinin, səhhətinin diqqətdə və həkim nəzarətində saxlanması, həmçinin şəraitin daha da təkmilləşdirilməsi ilə bağlı müəssisə rəhbərliyinə müvafiq tövsiyələr verilib.

Pərvin ABBASOV
# 592

Oxşar yazılar