“Gələn il Nobel Sülh Mükafatı Hacı Allahşükür Paşazadəyə verilə bilər”
10 dekabr 2010 17:42 (UTC +04:00)

“Gələn il Nobel Sülh Mükafatı Hacı Allahşükür Paşazadəyə verilə bilər”

Bu barədə APA-ya Beynəlxalq Nobel İnformasiya Mərkəzinin həqiqi üzvü, Mərkəzin Qafqaz və Orta Asiya ölkələri üzrə səlahiyyətli nümayəndəsi Bəybala Ələsgərov məlumat verib. O, bir neçə il əvvəl A. Paşazadə ilə bağlı müvafiq sənədləri, həmçinin 5 ölkədən verilən rəyi Beynəlxalq Nobel Mükafatının İnformasiya Mərkəzinə təqdim etdiyini deyib: “Biz rəy üçün 13 ölkəyə müraciət etmişdik, 5 ölkə rəy bildirdi. Onların da rəyi müsbət oldu. Lakin texniki səbəblərdən Ümumdünya Sülh Şurasında Şeyxülislam Allahşükür Paşazadənin sənədləri müzakirə olunmadı. Əgər müzakirə olunsaydı, bu il mükafat QMİ sədrinə veriləcəkdi. Çünki bir neçə il əvvəl Nobel Mükafatı Komitəsinin Proqnostika Mərkəzi növbəti illərdə mükafatı din xadiminə veriləcəyini bildirmişdi. Həmin vaxt siyahıda Roma Papası II İohan Pavel, Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksinin və Şeyxülislam Allahşükür Paşazadənin adı var idi. Adlarını çəkdiyim şəxslərin ikisi vəfat etdiyindən mükafat avtomatik olaraq Şeyxülislama verilməli idi. Çünki Nobel Sülh Mükafatı vəfat etmiş şəxslərə deyil, həyatda olanlara verilir”.

B. Ələsgərov Beynəlxalq Nobel Mükafatının İnformasiya Mərkəzinə təqdim etdiyi sənədlərdə QMİ sədrinin Çeçenistan müharibəsinin dayandırılmasında, dünyada şiə-sünni müsəlmanları arasında ayrı-seçkilik probleminin qaldırılmasında və Aşura zamanı baş yarılması ilə tökülən qanların xəstə insanlara verilmək üçün toplanılması ilə bağlı göstərdiyi fəaliyyətinin vurğulandığını bildirib: “Mən Beynəlxalq Nobel Mükafatının İnformasiya Mərkəzinə bu faktları da təqdim etmişəm. Gələn il bu mükafatın QMİ sədrinə verəcəyini gözləyirik”.

Qeyd edək ki, Beynəlxalq Nobel Sülh Mükafatı 2010-cu ildə çinli Lyu Syoboya, 2009-cu ildə isə ABŞ prezidenti Barak Obamaya verilib. Mükafat 1901-ci ildən dünyada sülh və əmin-amanlıq uğrunda əmək sərf etmiş, mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 733

Oxşar yazılar