Sülhəddin Əkbər Müsavat Partiyasından istefasının səbəblərini açıqladı
10 dekabr 2010 16:48 (UTC +04:00)

Sülhəddin Əkbər Müsavat Partiyasından istefasının səbəblərini açıqladı

Bu gün Müsavat Partiyası Məclisinin keçmiş sədri Sülhəddin Əkbər bir qrup media nümayəndəsi ilə görüşüb. APA-nın xəbərinə görə, görüş Sülhəddin Əkbərin mənzilində baş tutub.


S.Əkbər mətbuat konfransı keçirməkdə məqsədinin özünün və İbrahim İbrahimlinin Müsavat üzvlüyündən istefası ilə bağlı yaranmış informasiya boşluğunu doldurmaq, həmçinin AXCP və Müsavatın birləşməsi məsələsini ictimai müzakirəyə çıxarmaq, bu prosesə mane olanlara qarşı ictimai qınağın təşkilində jurnalistlərdən kömək istəmək olduğunu deyib.


S.Əkbərin fikrincə, Azərbaycanda yeni xalq hərəkatına ehtiyac var. Buna görə də onlar ilkin mərhələdə AXCP və Müsavatın, daha sonra isə milli-demokratik hərəkatdan çıxmış demokratik siyasi qüvvələrin birləşməsinə ehtiyac görürlər.


Müsavat Divanının noyabrın 29-da keçirilən iclasında aparılan müzakirələr haqda məlumat verən S. Əkbər AXCP-nin son qurultayında qəbul olunmuş “heç bir ön şərt irəli sürmədən birləşmə” haqqında qərarına Müsavat rəhbərliyinin hələ də münasibət bildirmədiyini xatırladıb: “Müsavat özünün 100 illiyinə superpartiya kimi getmək imkanı əldə edib. Amma bir qrup adamın şəxsi maraqları Müsavatın 100 illiyinə bu cür hədiyyə etməyə imkan vermir. Bütün bunları və birliyin baş tutmayacağı halda, hansı hadisələrin baş verəcəyini biləndən sonra biz istefa vermək qərarına gəldik. Gördük ki, istər Azərbaycanın, istər Müsavatın, istərsə də milli-demokratik düşərgənin siyasi perspektivi baxımından bizim düşüncələrimiz arasında dərin strateji fikir ayrılığı var”.


S. Əkbər qeyd edib ki, İsa Qəmbər başda olmaqla bütün Divan üzvləri iki partiyanın birləşməsini istəmirlər: “Ona görə də daha orada qalmağın mənası yox idi. Bəzi detalları danışıqlar prosesinə zərbə vurmamaq üçün açıqlaya bilmərəm. Əsas problem ondadır ki, bəziləri birləşmədən sonra İsa Qəmbərin Müsavat başqanlığından gedəcəyi halda, Əli Kərimlinin sədr seçiləcəyi və Müsavatın AXCP daxilində əriyəcəyi düşüncəsindədirlər. Çünki Müsavat Nizamnaməsində partiyanın digər partiyalarla birləşməsi yox, digər partiyaların Müsavatla birləşməsi nəzərdə tutulur. Bu isə o deməkdir ki, İsa Qəmbərin yenidən Müsavat başqanı olması üçün nizamnaməyə dəyişiklik edilməlidir”.


S. Əkbər Müsavat Partiyasından ciddi qopmaların olacağını vurğulayıb: “Hesab edirəm ki, AXCP artıq böhran mərhələsini arxada qoyub, Müsavat isə kollaps vəziyyətindədir”.


Müsavat Partiyasında “yalançı İsa Qəmbərçilər”in peyda olduğunu deyən S.Əkbər İsa Qəmbərin birləşmiş partiyanın həm mənəvi-siyasi lideri, həm də 2013-cü il prezident seçkilərində vahid namizədi olmasının mümkünlüyünü bəyan edib.


S.Əkbər “AXCP-Müsavat birliyi ideyasının müəllifi İsa Qəmbər idisə, niyə fikrindən döndü” sualını belə cavablandırıb: “İsa bəy Divanın iclasında açıq şəkildə bəyan etdi ki, mən parlament seçkilərindən öncə Müsavat başqanlığından 2-3 il çəkilməyi düşünürdüm, amma seçkilərin nəticələrindən sonra fikrimi dəyişdim və partiyanı bu vəziyyətdə qoyub gedə bilmərəm. Yəni İsa bəy fikirləşirdi ki, partiyada bir qrup iddialı adamın siyasi iddiaları parlamentdə təmsilçilik yolu ilə həll olunacaq - mənim anlayışım budur. Ortada bir ziddiyyət var - İsa Qəmbər həm fikrini dəyişdiyini deyir, həm də hətta birləşmə variantında belə başqanlıqdan gedəcəyini bildirir. Mən sual verdim ki, bu ziddiyyət necə həll olunacaq, cavab vermədi. Fikrimcə, bu halda ortada bir variant qalır - qurultayın vaxtını uzatmaq. Uzun illər Müsavat rəhbərliyində təmsil olunan bir şəxs kimi açıq deyirəm - İsa Qəmbər bu birliyin lehinə olsa, partiyada heç kim buna qarşı çıxmayacaq. İsa Qəmbər kimin başqan olmağını istəsə, o da olacaq. İsa bəy söhbətlərimizin birində mənim sualıma cavab olaraq dedi ki, özündən sonra Müsavatda parçalanma olmaması üçün ən azı 2-3 variantda planı var”.


Bundan sonrakı siyasi fəaliyyət formasına gəlincə, Müsavat Məclisinin keçmiş sədri Müsavat Partiyasının AXCP qurultayının qərarına rəsmi cavab verməsinə qədər heç bir partiyaya getməyəcəyini bəyan edib: “Əsas fəaliyyət istiqamətim bu prosesə ictimai dəstəyi təmin etməkdir. Birləşməyə inamım kəskin azalsa da, tam itirməmişəm. Birləşmə olsa, mən də, İbrahim İbrahimli də birləşmiş partiyanın üzvü olacağıq”.


S. Əkbər bildirib ki, o, Müsavat başqanlığına da iddiasının olmadığını, bu vəzifəyə Vurğun Əyyubu layiq gördüyünü bəyan edib: “Hətta Adil Qeybulla vasitəsilə Nəsib Nəsibliyə xəbər göndərmişəm ki, Vurğun bəy başqanlığa iddialı olmasa, mən Nəsib bəyi dəstəkləməyə hazıram”.


S. Əkbər İbrahim İbrahimlinin “İsa Qəmbərə əl uzatdım, əlimi sıxmadı” ifadəsinin doğruluğunu təsdiqləyib: “Mən isə heç kimə əl uzatmadım”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 878

Oxşar yazılar