ATƏT ikinci aralıq hesabatını açıqladı
30 oktyabr 2010 13:33 (UTC +04:00)

ATƏT ikinci aralıq hesabatını açıqladı

APA-nın məlumatına görə, hesabatda bildirilir ki, Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlıq prosesini aktiv şəkildə davam etdirir: “MSK-nın iclasları kütləvi informasiya vasitələrinin nümayəndələri və müşahidəçilər üçün açıqdır, MSK seçicilər, aşağı səviyyəli seçki qurumları və polis əməkdaşları üçün maarifləndirmə işlərini davam etdirir. Mərkəzi Seçki Komissiyası həmçinin seçici siyahılarının təkmilləşdirilməsi istiqamətində ciddi səylər göstərir. Seçici siyahıları seçicilər üçün açıqdır və seçki məntəqələrində seçicilərin sərbəst şəkildə tanış ola biləcəyi yerlərdə asılıb. Seçicilərə siyahıda özləri ilə bağlı yanlış məlumatları düzəltmək imkanı yaradılıb”.

Hesabatda bildirilir ki, namizədliyin qeydə alınmasından imtinaya dair qərarların əksəriyyəti Seçki Məcəlləsinin müddəalarının düzgün interpretasiya olunmaması ilə əlaqədardır: “Dairə Seçki Komissiyalarının namizədi qeydə almaqdan imtina qərarlarını əsasən namizədlərin lehinə toplanmış imzaların yoxlanması nəticəsində veriblər. Bir çox imzalar şəxsiyyət vəsiqəsinin müddəti keçdiyinə görə etibarsız sayılıb. Missiya hesab edir ki, bu yanaşma namizədin qeydə alınmasından imtina üçün əsas sayıla bilməz. Çünki namizədlərin əksəriyyətinə hansı imzaların qanuni qüvvə daşıdığı barədə məlumat verilməyib”.

Müşahidə missiyası seçki prosesinin sakit məcrada keçdiyini bildirir. Bundan başqa, missiyaya namizədlərə imza vermiş vətəndaşlara və onların qohumlarına təsir edilməsi ilə bağlı məlumatlar daxil olub. Müşahidəçilər həmçinin bəzi hallarda namizədlərin seçki kampaniyalarına polis və yerli orqanlar tərəfindən müdaxilə edilməsi barədə də məlumat verirlər.

Hesabatda qeyd olunur ki, seçki kampaniyasının kütləvi informasiya vasitələrində işıqlandırılması yenə də məhdud xarakter daşıyır: “İctimai Televiziya deputatlığa namizədlərin iştirakı ilə debatlar keçirən yeganə ümummilli kanaldır, burada bütün namizədlərə 4 dəqiqə pulsuz efir vaxtı ayrılıb”.

Aralıq hesabatda bildirilir ki, oktyabrın 25-dən başlayaraq Mərkəzi Seçki Komissiyası daxil olan 224 şikayəti araşdırıb: “MSK 42 şikayəti təmin edib, şikayətlərə baxılması prosesi sürətlə və heç bir müzakirə aparılmadan həyata keçirilir. Seçki qurumları namizədləri çox nadir hallarda komissiyaların iclaslarına çağırırlar. Bakı Apellyasiya Məhkəməsi bu günə kimi namizədliyin qeydə alınmaması ilə bağlı 50-dən artıq şikayətə baxıb və onların hamısını rədd edib”.
# 513

Oxşar yazılar