Əli Əhmədov YAP-ın bəzi namizədlərini dəyişdirməsinin səbəblərini açıqladı
30 sentyabr 2010 13:07 (UTC +04:00)

Əli Əhmədov YAP-ın bəzi namizədlərini dəyişdirməsinin səbəblərini açıqladı

Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, partiyanın icra katibi Əli Əhmədov partiyanın iki dairədən parlamentə namizədlərini dəyişməsi məsələsinə münasibət bildirib. APA-nın məlumatına görə, jurnalistlərə açıqlama verən Əli Əhmədov bildirib ki, Yeni Azərbaycan Partiyası 2005-ci il seçkilərində 107 saylı seçki dairəsi üzrə xalq şairi Vaqif Səmədoğlunun namizədliyini dəstəkləyib. Lakin bu seçkilərdə Vaqif Səmədoğlu həmin dairədən namizədliyini irəli sürmədiyinə görə, partiya Əhməd Vəliyevi ora namizəd göndərib. 34 saylı seçki dairəsi üzrə Gülər Əhmədovanın namizədliyinin irəli sürülməsinə gəlincə, Əli Əhmədov bildirib ki, YAP ötən seçkilərdə o dairədə uğur qazanmadığı üçün, 34 saylı seçki dairəsinə daha güclü namizəd irəli sürüb.

Xatırladaq ki, 15 saylı seçki dairəsindən YAP partiyanın Yasamal rayon təşkilatının fəallarından olan Rasim Nəbiyevin namizədliyini irəli sürüb. 31 saylı Suraxanı ikinci seçki dairəsindən YAP-ın iki üzvünün müstəqil şəkildə namizədliyini irəli sürdüyünü qeyd edən Əli Əhmədov qeyd edib ki, hər iki şəxs dairə ilə bağlı adamlardır: “Onların nə qədər güclü olduğunu dəqiqləşdiririk. YAP olaraq orada kimin namizədliyini dəstəkləyəcəyimiz barədə qərarı isə bu dəqiqləşdirmədən sonra verəcəyik. Əhəd Abıyev öz gücünü o dairədə sınamaq istəyirsə, qiymətləndirə bilərik”.

Bəzi YAP üzvlərinin seçkilərə siyahıdan kənar şəkildə qatılmasını partiyadaxili nizam- intizamı pozmaq kimi qiymətləndirdiklərini vurğulayan Əli Əhmədov həmin şəxslər barəsinə ölçü götürüləcəyini deyib.

İlham Əliyev və Barak Obama görüşünün qarşıdan gələn parlament seçkilərinə seçkilərə təsiri ilə bağlı fikirlərə münasibət bildirən Əli Əhmədov deyib ki, “seçkilər hər bir dövlətin daxili işidir, seçkilərə və onun nəticələrinə kiminsə təsir göstərmək imkanı yoxdur”.
# 537

Oxşar yazılar