Azərbaycan prezidenti 3 dövlətin səfirlərinin etimadnamələrini qəbul edib
29 sentyabr 2010 19:25 (UTC +04:00)

Azərbaycan prezidenti 3 dövlətin səfirlərinin etimadnamələrini qəbul edib

Prezidentin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səfir fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir Hardiys Baumanis etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Daha sonra Azərbaycan prezidenti səfirlə söhbət edib. Xalqlarımız arasında yaxın və səmimi münasibətlərin olduğunu deyən dövlət başçısı Azərbaycanda Latviyanın yaxşı tanındığını deyib. Əlaqələrimizin inkişafından danışan prezident İlham Əliyev yaxın illərdə bu əlaqələrin daha da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirib. Bu yaxınlarda Latviyanın sabiq dövlət başçısı Vayra Vike- Freyberqanın ölkəmizə səfərinə toxunan Prezident İlham Əliyev xanım Vayra Vike-Freyberqa ilə bundan əvvəlki səfərlər və beynəlxalq təşkilatlar çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırlayıb. Hardiys Baumanis Latviyanın sabiq prezidenti Vayra Vike- Freyberqanın ölkəmizə səfərindən məmnunluq hissi keçirdiyini və Azərbaycandan yaxşı təəssüratlarla ayrıldığını deyib. Latviyanın Azərbaycan ilə əməkdaşlığı daha da genişləndirilməsinə maraqlı olduğunu vurğulayan səfir dövlət başçılarının yüksək səviyyəli qarşılıqlı səfərlərinin ikitərəfli münasibətlərimizin inkişafındakı əhəmiyyətini qeyd edib.

Azərbaycan prezidenti İlham Əliyev həmçinin Almaniyanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Herbert Kvellenin etimadnaməsini qəbul edib. Səfir fəxri qarovul dəstəsinin qarşısından keçib. Səfir Herbert Kvellen etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib. Sonra Azərbaycan Prezidenti səfirlə söhbət edib. Dövlət başçısı Azərbaycan ilə Almaniya arasında uzun tarixə malik olan ikitərəfli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Azərbaycanın Almaniya ilə əməkdaşlığa böyük əhəmiyyət verdiyini bildirən prezident İlham Əliyev ölkələrimiz arasında mövcud münasibətlərin bundan sonra daha da möhkəmləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlətimizin başçısı onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə əlaqələrimizin daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib. Herbert Kvellen ölkəsinin Azərbaycan ilə əlaqələrin müxtəlif sahələrdə inkişafına, o cümlədən enerji sahəsində əməkdaşlığa böyük önəm verdiyini deyib. Səfir ölkəmizdə diplomatik fəaliyyəti dövründə Almaniya ilə Azərbaycan arasında ikitərəfli əlaqələrin daha da dərinləşməsi və sürətlənməsi üçün əlindən gələni əsirgəməyəcəyini vurğulayıb.

Azərbaycan prezidenti İlham Əliyev bu gün həmçinin Norveç Krallığının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Erling Şönsberqin etimadnaməsini qəbul edib. Dövlət başçısı ölkəmizin Norveç Krallığı ilə ikitərəfli əlaqələrin inkişafına önəm verdiyini vurğulayaraq Azərbaycan müstəqilliyini bərpa etdikdən dərhal sonra Norveçin ölkəmizlə ilk dəfə fəal əməkdaşlıq həyata keçirdiyini bildirib. Norveçin “Statoyl” şirkətinin ölkəmizdəki fəaliyyətinə toxunan Prezident İlham Əliyev Azərbaycanda xarici şirkətlərin səmərəli iş görmələri üçün yaxşı investisiya mühitinin olduğunu deyib. Səfirə fəaliyyətində uğurlar arzulayan dövlət başçısı onun ölkəmizdəki diplomatik fəaliyyəti dövründə ikitərəfli münasibətlərimizin daha da inkişaf edəcəyinə əminliyini bildirib. Erling Şönsberq ölkəmizdə diplomatik fəaliyyətə başlamasından şərəf hissi keçirdiyini deyib. Səfir Norveç hökumətinin Azərbaycan ilə dostluq əlaqələrinin bundan sonra da qorunub saxlanılması və münasibətlərimizin daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini qeyd edib.
# 716

Oxşar yazılar