Kembric Universitetinin genetikləri qədim herpes virusunun bir neçə növünün genomunu rekonstruksiya edə və virusun təkamülünü öyrənə biliblər.
Lent.az universitetin rəsmi saytına istinadən xəbər verir ki, araşdırma çərçivəsində alimlər eramızın III-XVII əsrlərində Avrasiyanın müxtəlif bölgələrində yaşamış qədim insanların 3 min diş nümunəsini tədqiq ediblər.
Alimlər Perm diyarının Nevolino kəndi yaxınlığında, təxminən 1500-1700 il əvvəl yaşamış qədim insanın qalıqlarından HSV-1 virusunun genomunun fraqmentlərini çıxarmağa nail olublar. Onu tədqiq edərkən, tədqiqatçılar herpes virusunun bütün mövcud növlərinin 4,68-5,65 min il əvvəl ortaya çıxan bir qədim ştamla əlaqəli olduğunu müəyyən ediblər.
Tədqiqatçıların fikrincə, bu patogen virusun digər variantlarını tez bir zamanda əvəz edib. Bu, o dövrdə öpüşmə adətinin insanlar arasında aktiv şəkildə yayılmağa başlaması ilə əlaqədar ola bilər. Sonrakı qazıntılar və insan qalıqlarının tədqiqi bu fərziyyəni yoxlamağa kömək edəcək.