Meymunçiçəyi virusu bəzi ölkələrdə yayılmaqda davam edir. Son günlərdə xüsusilə uşaqlar arasında suçiçəyinin yayılması müəyyən narahatlıq yaradır, çünki “meymunçiçəyi” virusunun əlamətləri bu xəstəliklə eynidir.
Lent.az xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-infeksionisti Mədinə Abdullayeva sözügedən xəstəliyin xarakterik xüsusiyyətlərini açıqlayıb:
“Bütün virus xəstəlikləri üçün xarakterik olan yorğunluq, başağrısı, əzələ ağrısı ilə yanaşı, meymunçiçəyində limfa düyünlərinin şişməsi də müşahidə olunur. Suçiçəyində isə bu hala rast gəlinmir. Səpgilər biri-birinə çox bənzəyir, lakin meymunçiçəyində bir qədər fərqlənir. 7-14 gün davam edən inkubasion dövrdən sonra əlamətlər meydana çıxır. Əlamətlər yaranandan iki-üç sonra səpgilər əmələ gəlir. Əvvəlcə mokulyar, sonra isə vezukulyar, yəni içərisi maye olan səpgilərə keçir”.
Ölkəmizdə meymunçiçəyinə yoluxma faktı qeydə alınmasa da, qabaqcadan tədbirli olmağın çox böyük faydası var. Səhiyyə Nazirliyi meymunçiçəyini müəyyən edən testlərin əldə edilməsi üçün Ümumdünya Səhiyyə Təşkilatına müraciət edib. “Diaqnoz qoyulması üçün meymunçiçəyi səpgilərindən alınan yaxmalardan həm PZR, həm də seroloji analizlərində istifadə oluna bilər. Xəstəliyə bu iki üsuldan biri ilə asanlıqla diaqnoz qoymaq mümkündür”, - deyə həkim-infeksionist bildirib.
Həkimlərin qənaətinə əsasən, xəstəliyin epidemiyaya çevrilmək riski azdır.
“Meymunçiçəyi xəstəliyində 2-4 həftədə öz-özündən yaxşılaşma olur. Lakin bəzən ağırlaşmalar da ola bilər. Məsələn, pnevmoniya, ağciyər və beyin iltihabı kimi ağırlaşmalara da səbəb ola bilər. Pandemiya kimi yayılma sürəti daha zəifdir. Yoluxma üçün yaxın təmasın olması lazımdır. Meymunçiçəyində qapanmalar gözlənilmir”, – deyə M.Abdullayeva əlavə edib.
Qeyd edək ki, xəstəliyin ilkin əlamətləri dəridə səpgi, yüksək hərarət, başağrıları, yorğunluq və ürəkbulanmadır. Ölüm riski az olsa da, erkən diaqnoz və müalicə əhəmiyyətlidir.