"İnsanlar bilsinlər ki, qapanmaları heç kim istəmir. Qapanmalar həm insanların, həm dövlətin iqtisadi vəziyyətinə mənfi təsir edir. Amma bunun üçün vaksin vurdurmaq vacibdir".
APA-nın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin “İnstagram” səhifəsindəki canlı yayımda Azərbaycan Tibb Universitetinin Urologiya kafedrasının doktorantı Araz İbrahimov bildirib.
Onun sözlərinə görə, orqanizmdə daim bu virusa qarşı antitel olmalıdır: "İnsanlar qayda-qanuna özləri də əməl etməlidir, sıxlıq olan yerlərdə də mütləq maska taxılmalıdır".
Həkim deyib ki, COVID-ə yoluxan hər 4 xəstədən birində ciddi böyrək, ürək, qaraciyər problemi yaranır və orqanizmdə qalır: "Bundan qorunmaq üçün qaydalara riayət olunmalıdır. Bəzən deyirlər ki, “yoluxacağıqsa, niyə peyvənd olunaq ki?”. Peyvənd olunmaq ona görə lazımdır ki, xəstəliyi yüngül keçirək, xəstəxanaya, reanimasiyaya düşməyə ehtiyac qalmasın. Delta ştammı geniş yayılıb, indi Yota ştammı da deyilir, ştammlar hələ gedəcək, ona görə bütün bunların hamısına qarşı bədənimizdə immunitet yaranmalıdır”.