COVID-19 bəşəriyyət tarixində sonuncu pandemiya olacaq.
Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının rəhbəri Tedros Qebreyesus Dubayda keçirilən Dünya Hökumət Sammitində çıxışı zamanı bildirib.
“Koronavirusun bəşər tarixində sonuncu pandemiya olacağı tamamilə aydındır. Bu bəla, sadəcə sağlamlıq böhranından daha ciddi problemə çevrildi. Koronavirus altı milyondan çox insanın həyatına son qoyub. Səhiyyə sistemləri pozulub və bu əsrdə ilk dəfə olaraq planetdə mütləq yoxsulluq şəraitində yaşayan insanların sayında artım müşahidə olunub. Mövcud pandemiyanın necə bitəcəyi və bunun nə qədər zərər verəcəyi hələ bəlli deyil, amma biz bundan dərs almalıyıq”, - o, söyləyib.
Qebreyesus bildirib ki, ÜST potensial pandemiya statusu olan xəstəliklərlə mübarizəyə hazırlaşmaq üçün gələcəkdə erkən xəbərdarlıq sistemi yaratmaq üçün beynəlxalq saziş hazırlayır. O, ayrı-ayrı sahələrdə maksimum nəticə əldə etmək əvəzinə, baza səviyyəsində qabaqcıl səhiyyə sistemlərinin yaradılmasına üstünlük verib.