Əsasən genetik və hormonal pozuntu səbəbindən yaranan çəki azlığı uşaqların inkişafına mənfi təsir göstərir, gənc və orta nəsildə iş potensialını aşağı salır. Kökələ bilməyən şəxslərdə əksər hallarda əzələnin və ürəyin fəaliyyəti zəifləyir, eyni zamanda diqqət pozuntusu intensivləşir. Araşdırmalara əsasən, çəki azlığı, həmçinin erkən qocalmaya da səbəb olur.
Lent.az AZƏRTAC-a istinadən bildirir ki, Həkim-fitoterapevt Elnur Eldaroğlu çəki azlığından əziyyət çəkənlərə bir sıra məsləhətlər verib.
O qeyd edib ki, çəki azlığının bir sıra səbəbləri var: "Bəzi şəxslər yeməkdən imtina etdikləri halda, bəziləri çox yesələr də, kökələ bilmirlər. İştahanın olmaması adətən nevrogen və endokrin mənşəli olur. Məsələn, anoreksiya nevrozu zamanı xəstələr yeməkdən "küsürlər", həddən artıq arıq olurlar. Endokrinoloji problemlər də bəzən iştahanın itməsinə gətirib çıxarır. Belə olan halda, iştahanı azaldan amillər müalicə olunaraq aradan qaldırılmalıdır. Daha sonra xəstəyə uyğun proqram təyin edərək, kökəlməsini təmin etmək mümkündür".
E.Eldaroğlunun dediyinə görə, qidalanması normal olsa da, kökələ bilməyənlərdə hansısa xroniki xəstəliklər, infeksion və ya parazitlər, xüsusilə qurd xəstəlikləri ola bilər: "Xəstəliklərin müalicəsi ilə yanaşı xəstələr qidalanmaya mütləq diqqət yetirməli və idmanla məşğul olmalıdırlar. Kökələ bilməyən insanlar gün ərzində birinci və ikinci səhər yeməyi, günorta və axşam yeməkləri olmaqla 4 dəfə qidalanmalıdırlar. "Fast food"lardan uzaq durmaq lazımdır. Çünki belə qidalar kalori sayəsində doyma hissi versə də, orqanizmi lazım olan vitamin deposu ilə təmin etmir. Çəki azlığından şikayət edənlər ikinci səhər yeməyində kisel və ya meyvə suyu içə bilərlər. Ümumiyyətlə müxtəlif səbəblərdən kökələ bilməyənlər mütləq şəkildə mütəxəssisə müraciət edərək məsləhət almalıdırlar".