Düzgün pəhriz zamanı orqanizm lazımi maddələri qəbul edir, həm də insan sağlam şəkildə arıqlayır. Pəhriz saxlamaq üçün ilk növbədə orqanizmi tanımaq lazımdır. Lakin yaxşı araşdırılmayan və həkim məsləhəti olmadan saxlanılan diyetalar zərərli ola bilər.
Mütəxəssislər bildirirlər ki, uzun müddət ac qalmaq da təhlükəlidir, çünki normal qidalanmaya keçdikdən sonra insanların 80 faizi əvvəlkindən daha çox yemək yeməyə başlayır.
Lent.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-qastroenteroloq Mətanət Cəfərova deyib: "Az qidalanmaq və ya heç qidalanmamaq kimi pəhrizlər də var və onlar ciddi fəsadlar doğura bilər. Uzun müddət davam edən mikroelementlər və vitaminlərin çatışmazlığı xəstəliklərə səbəb ola bilər, mədə-bağırsaq traktında problemlərin yaranmasına aparıb çıxara bilər. Ac qalmaq xroniki qastritlərin kəskinləşməsinə, mədə və onikibarmaq bağırsaqda xora xəstəliyinin yaranmasına, hətta öd daşı xəstəliyinin yaranmasına stimul verir. Birdən-birə ac qalanda hətta arıq orqanizmdə qaraciyər piylənməsi inkişaf edə bilir".
Sağlam olmayan pəhrizlər nəticəsində orqanizm lazımi vitamin və mineralları almır, nəticədə immun sistemi zəifləyir. Yalnız tərəvəz və meyvələrdən hazırlanmış şirələr içməklə saxlanılan detoks pəhrizlər də faydalı deyil. Həkim-diyetoloq Sevinc Həsənzadə həmin pəhrizlər barədə deyib: "Bəzi insanlar hətta bir qida seçərək monodiyeta saxlayırlar və bu, düzgün deyil. Belə olanda orqanizm istər-istəməz müəyyən vitaminlərdən məhrum olur. Hər məhsuldan müəyyən qədər istifadə etməklə sağlam arıqlamaq olar. Həftədə iki gün ac qalmaq olar. Lakin orqanizm stres aldığına görə bir gündən bir aclıq etmək də düzgün sayılmır".
Pəhriz zamanı sağlam və qədərində qidalanmaq vacibdir. Quru meyvələrin və zülallı qidaların böyük əksəriyyəti xeyirli olsa da, artıq kalori istənilən nəticəni verməyə bilər: "Sağlam, balanslaşdırılmış formada vaxta və menyuya diqqət edərək arıqlamaq mümkündür. Bu zaman mütləq su qəbul edilməli və düzgün içilməlidir. Yeməkdən yarım saat əvvəl və yarım saat sonra su içilməlidir. Hər kəs öz bədən kütləsinə uyğun olaraq su qəbul etməlidir",- deyə həkim-diyetoloq bildirib.
Mütəxəssislər həkimlərin müəyyən etdiyi düzgün proqramla tərtib olunmuş pəhriz saxlamağı tövsiyə edirlər. Yeniyetmələr, hamilə qadınlar, şəkərli diabet, ürək-damar xəstəlikləri olanlar diyeta saxlamaqdan imtina etməlidirlər. Həmçinin kortəbii arıqlama üsulları da zərərlidir.