Prezident İlham Əliyev
27 sentyabr 2021 17:29 (UTC +04:00)

Prezident İlham Əliyev

İlham Əliyevdən Qarabağ ermənilərinə İŞ TƏKLİFİ

“Biz vaxt itirmədən, müharibə bitər-bitməz hərəkətə keçdik. Bu, dövlətimizin gücünü göstərdi. Çünki bu işləri görmək üçün, sadəcə, pul kifayət deyil. Resurslar, kadrlar, komanda, texniki imkanlar, bacarıqlar olmalıdır. Biz bütün gücümüzü səfərbər etdik”.

Lent.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev “Anadolu” Agentliyinə müsahibəsində işğaldan azad edilmiş ərazilərdə aparılan işlərlə bağlı deyib.

Dövlət başçısı qeyd edib ki, enerji ilə bağlı məsələləri il sonuna qədər tamamlayacağıq: “Bütün bölgəyə elektrik veriləcək. Yol tikintiləri də davam edir. Bunu hər şeydən əvvəl öz vətəndaşlarımız üçün edirik ki, bu bölgəni yenidən quraq və keçmiş məcburi köçkünlər qısa zamanda ora qayıda bilsin. Artıq birinci pilot layihə - “Ağıllı kənd” layihəsi Zəngilan rayonunda ilin sonunda, ya da gələn ilin başlanğıcında hazır olacaq. Qarabağda yaşayan ermənilər də bunu görür. Çünki bizim televiziya kanallarına baxır, radiolarımızı dinləyirlər. Burada hansı işlərin həyata keçirildiyini görürlər. Artıq bir necə dəfə erməni xalqından olan şəxslərin bizim Şuşadakı hərbi hissələrimizə gələrək onların da bu işlərə qəbul edilməsini xahiş etmələri təsadüf deyil. Onlar orada işsiz-gücsüz qalıblar. İşsizlik, səfalət və ümidsiz vəziyyətdədirlər. Biz buna müsbət yanaşırıq. Amma bunun hüquqi tərəfinin tam oturuşması lazımdır. Biz orada yaşayan erməniləri öz vətəndaşımız olaraq qəbul edirik. Onlar Azərbaycan torpağında yaşayırlar. Qarabağ hər zaman Azərbaycan torpağı olub. Sovet dönəmində, əvvəlki dönəmdə də, işğal dönəmində də bu belə idi. Biz onları Azərbaycan vətəndaşı olaraq görürük. Sadəcə, onlar bunu qəbul etməlidir. Onlar erməni təbliğatından xilas olmalıdırlar. Onlar öz gələcəklərini, uşaqlarının gələcəyini düşünməlidir. Biz onları da işlərə cəlb etməyə hazırıq. Niyə etməyək? biz gələcəyə strateji baxımdan sülh prizmasından baxırıq. Çünki mən bir daha müharibə olmasını istəmirəm. Ermənistan tərəfindən intiqamçı cərəyanlar baş qaldırmasa, bir daha müharibəyə başlamayacağıq. Əgər Ermənistanda bizə qarşı hər hansı təhlükə yarandığını görsək, o təhlükəni məhv etməliyik. Bu bizim qanuni haqqımızdır. Amma belə bir təhlükə olmasa, başqa bir fikrimiz yoxdur.

Qarabağda yaşayan 25 min erməni də inşaat, bərpa işlərində iştirak edə bilər. Eyni zamanda gələcəkdə yaşadıqları yerlərdə, kəndlərdə onlar üçün imkanlar yaradarıq. Qarabağ və Şərqi Zəngəzurla bağlı planlarımız göz önündədir. Ağdam şəhərinin Baş planı təsdiqlənib. Yaxın gələcəkdə Cəbrayıl və Füzuli şəhərlərinin də baş planları təsdiqlənəcək. Bu bizim gücümüzü göstərir və biz ermənilərin Qarabağda yaşadığı kəndlərdə də bunları edə bilərik. Mən zəfərdən sonra bölgələrə on dəfələrlə səfər etmişəm. Orada ermənilərin yaşadığı bəzi kəndlərdə qarşılaşdığım mənzərə məni heyrətə gətirib. İnsanlığa yaraşmayan vəziyyətdir. Bəzi kəndlərdə evlər analiz edilir. Evlərin 95 faizi yararsızdır. Yəni orada heç kim yaşaya bilməz. Onlar uçurulmalıdır. Belə rəzil vəziyyətdə 30 il yaşayan bir xalq gün üzü görmək istəyir. İşıq isə yalnız Azərbaycandan gələcək. Onlar üçün bunun o qədər də asan olmadığını başa düşmək lazımdır. Burada psixoloji vəziyyət də nəzərə alınmalıdır. Amma biz xoş niyyət göstəririk və onların xoşbəxt və sülh içində gələcəyinin ancaq Azərbaycan dövlətinə bağlı olduğunu başa düşəcəklərini ümid edirəm.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8373
avatar

Oxşar yazılar