“Bəli, ümumilikdə biz bundan məmnunuq. Təqribən bir ildir ki, müharibə başa çatıb və Rusiya sülhməramlıları Azərbaycanda, bizim Qarabağ bölgəsində yerləşib”.
Lent.az-ın xəbərinə görə, bunu Prezident İlham Əliyev oktyabrın 7-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində ”Ermənistanla münaqişə mövzusundan başlamaq istəyirəm. Rusiyanın sülhməramlı vasitəçiliyindən razısınızmı?” sualına cavabında deyib.
Azərbaycan Prezidenti bildirib ki, bu müddət ərzində bəzi xırda insidentlər istisna olmaqla vəziyyət sabitdir: “Ümumən biz bundan razıyıq. Əlbəttə, həllini gözləyən müəyyən məsələlər qalmaqdadır. Xüsusən də, hazırda Rusiya sülhməramlılarının məsuliyyət zonasında olan ərazilərimizə səfər etmək üçün Azərbaycandan icazə almalı olan əcnəbilər məsələsi var. Qarabağa səfər edən dırnaqarası turistlərin sayı kəskin şəkildə azalsa da, bəzi əcnəbilər hələ də bizim ərazimizə, Rusiya sülhməramlılarının olduğu yerlərə qanunsuz daxil olurlar. Bu məsələ Rusiyanın səlahiyyətli orqanlarının, Müdafiə Nazirliyinin diqqətinə çatdırılıb ki, buna son qoyulsun. Bu və bəzi digər məsələlər öz həllini tapmalıdır. Ancaq hazırda biz onların fəaliyyətindən ümumilikdə razıyıq”.