Tiflisdə  “Sübhün səfiri”-nin təqdimatı olub
13 mart 2013 03:17 (UTC +04:00)

Tiflisdə “Sübhün səfiri”-nin təqdimatı olub

 

 Bu gün Gürcüstan paytaxtındakı Nodar Dumbadze adına teatrda ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə Azərbaycanın böyük mütəfəkkiri, Şərqin ilk dramaturqu Mirzə Fətəli Axundzadənin 200 illiyinə həsr olunan “Sübhün səfiri” adlı filmin təqdimat mərasimi keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, mərasimi ARDNŞ-in rəsmisi Şövqi Mehdizadə açaraq sözü Gürcüstan Mədəniyyət Naziri Quram Odişariyaya verib. Nazir çıxışında “Sübhün səfiri” filmin yaradıcı heyətini və əsərin ssenari müəllifi, yazıçı Anarı Gürcüstana səfər etmələri münasibəti ilə salamlayıb və xoş sözlərini söyləyib: “Yazıçılar, şairlər, eyni zamanda onların yaratdığı əsərlər bir xalqa məxsus deyil, о, hamınındır. Bu gün mən çox sevinirəm ki, bu gün Tiflisdə yaşayıb-yaradan Azərbaycan dramaturqunun 200 illiyi qeyd edilir və bu yubileylə əlaqədar yazıçı Anarın ssenarisi əsasında film çəkilib”. Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar çıxış edərək, Tiflisə dəvət olunduğuna görə, Gürcüstan mədəniyyət nazirliyinə, ARDNŞ rəhbərliyinə, Azərbaycan səfirliyinə və digər təşkilatlara təşəkkür edib: “Mirzə Fətəli Axundzadə Tiflidə yaşayıb, yazıb-yaradıb. Bu şəhərdə o gözəl komediyalar yaradıb. O, burada yeni əlifba uğrunda mübarizə aparıb. O, bu şəhərdə gürcü və Azərbaycan xalqının dostluğunun əsasını qoyub. Mən şadam ki, Mirzə Fətəli Axundov Tiflisdə yaşayıb və yaradıb”.

 

Tədbirdən sonra “Sübhün səfiri” filmi gürcü dilində titrlər verilməklə nümayiş etdirilib. Film başlamamışdan əvvəl yazıçı Anar və filmin rejissoru Ramiz Həsənoğlu filmin yaradıcı heyətini tamaşaçılara təqdim ediblər. Filmin sonunda tamaşaçılar yaradıcı heyət üzvlərini alqışlayıblar.

 

Qeyd edək ki, teatrın foyesində M.F.Axundzadənin əsərlərinin əlyazmaları, teatr afişaları, komediyalarına rəssamlar tərəfindən çəkilən rəsmlərin və Azərbaycanın məşhur teatr xadimlərinin fotolarından ibarət sərgi də təşkil edilib. Tədbirdə gürcü və Azərbaycanın incəsənət və kino sahəsində çalışan məşhur insanlar və Tiflisdən, onun ətraf rayonlarından gələn gürcülər və azərbaycanlılar maraq və həvəslə filmə tamaşa ediblər.

 

Tədbirdə nümayiş olunan filmin tamaşasına Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov və Gürcüstanın məşhur kinorejissoru Rezo Çxeidze, parlament deputatı Mahir Dərziyev, Azərbaycan mədənəyyət nazirliyinin rəsmiləri və digər kino xadimlər, ictimaiyyət nümayəndələri qatılıblar.

# 768
avatar

Oxşar yazılar