“YUNESKO Azərbaycanın təşəbbüsü ilə yeni sənəd qəbul edib. Sənədə əsasən, təşkilat, ona müraciət edən ölkəyə abidələr haqqında məlumat verməli, lazım gəldikdə ora nümayəndə heyəti göndərməlidir”. Lent.az -ın məlumatına görə, bunu YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının I katibi Günay Əfəndiyeva “Azərbaycan 2020: Mədəni irs prioritet inkişaf istiqamətlərindən biri kimi" mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib. Günay Əfəndiyeva bildirib ki, hazırda Azərbaycanın daha bir neçə abidələrinin YUNESKO-ya daxil edilməsi istiqamətində danışıqlar aparılır. Birinci katib bildirib ki, qəbul edilən yeni sənədə əsasən, ölkəmizin işğal altında olan tarixi-mədəni abidələri haqqında məlumat almaq mümkün olacaq: “İşğal edilən torpaqlarda abidələrin taleyi naməlumdur. Bizi həmin abidələrin aqibəti narahat edir. Vaxtı ilə YUNESKO-ya da müraciət etmişdik. Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə bu məsələ həllini tapmamışdı. Lakin, bu yaxınlarda YUNESKO-nun Silahlı Münaqişələr Zamanı Mədəni İrsin Qorunması Komitəsi ilk dəfə olaraq öz təcrübəsində məhz Azərbaycanın təşəbbüsü ilə yeni bir sənəd qəbul etdi. Sənədə əsasən, təşkilat, ona müraciət edən ölkəyə abidələr haqqında məlumat verməli, lazım gəldikdə nümayəndə heyətini ora göndərməlidir. Bu, bizim üçün çox böyük önəm kəsb edir”.
Günay Əfəndiyeva bildirib ki, YUNESKO-nun Tarixi-Mədəni İrs siyahısına dünyanın 851 abidəsi daxil edilib: “Biz çox şadıq ki, Azərbaycan bu siyahıda yer alıb... Bu məsələlərə olduqca diqqətli yanaşırıq. Elə ölkələr var ki, bu siyahıdan birdəfəlik çıxarılıb. Çünki onlar müəyyən meyarlara cavab vermirlər.”
Onun dediyinə görə, hazırda bir neçə tarixi-mədəni abidənin bu siyahıya daxil edilməsi ücün danışıqlar aparılır. Suraxanıda yerləşən “Atəşgah”, Şuşa tarixi memarlıq abidəsi, Naxçıvandakı Möminə Xatun türbəsi və daha bir neçə abidənin
bu siyahıya salınması planlaşdırılır.