<b><span style="color:red;">Unudulan nəhəng:  milyonların kumiri olan azərbaycanlı dahinin acı sonu – <span style="color:red;">I YAZI </b>
23 aprel 2014 13:30 (UTC +04:00)

Unudulan nəhəng: milyonların kumiri olan azərbaycanlı dahinin acı sonu – I YAZI

...Üç gün idi ki, qapıldığı otaqdan çıxmırdı. Qərar vermişdi, amma…hazır idimi? Bax, buna əmin deyildi.

 

Getməkmi?

 

Bitdimi?

 

Elə buracan idimi hər şey?

 

Bəs sonra?

 

Yerindən durub otaqda var-gəl elədi. Hava qaralırdı. Moskva yatmağa hazırlaşırdı.  Nəhəng, səsli-külü bu şəhər yuxuya gedəcəkdi bir azdan. Amma yox, 32 ildir onu ağuşuna alıb, bütün ölkəyə tanıtdıran bu şəhər, indi, elə bu şər vaxtı onun atacağı İLAHİ bir addıma şahidlik etməliydi həm də.

 

Televizoru yandırdı. Ekranda saat göründü. Əqrəblər 22-nin üstünə tələsirdi. Ekran dəyişdi: “Zaman” başlayırdı. Xəfifcə gülümsündü. Getmək vaxtıdır…

 

Qərar verilmişdi…

 

***

 

2014-cü il, 3 mart. Moskva.

 

- İnanın ki, tıxacdayam. Yəqin maşını bir kənara qoyub metroyla gələcəm. Amma siz durduğunuz yerdən getməyin və əlaqədə qalın.

 

Bayaqdan metronun “Mendeleyevsk” stansiyasında onu gözləyirdik - Yusifi. Vədələşdiyimiz vaxtdan 30 dəqiqə keçirdi. Bəlkə də buna görə narahat idi. Hər 5 dəqiqədən bir zəng vurub üzrxahlıq edirdi.

 

- Çatıram… Siz küçənin əks istiqamətinə keçin. Aha, əks tərəfə. Görürəm sizi. Bax, əl edən mənəm…

 

***

 

Görüşürük. Düzü, bir az soyuq qarşıladı bizi. Bəlkə də xarakteri belədi. Ya da yaşadığı şəhərin mühitindəndi. Bəlkə də, unutqanlıqdan.

 

Deyəsən səbəb elə sonuncuydu…

 

Novoslobodskaya küçəsi ilə üzü aşağı düşürük. Nədənsə tələsə-tələsə.

 

- Burada, yaxında sizinkilərin bir kafesi olmalıdı. Haradasa buralarda.

 

Bizimkilərin?!

 

Hmmm, deyəsən Yusif özünü daha “bizimki” hesab eləmir. Bu hələ harasıdır? Az keçmiş, elə bizimkilərin kafesində Yusif açıq şəkildə, - özü də bir qədər əsəbi - bildirəcəkdi ki, ümumiyyətlə niyə gəlmisiz? Və bir az da gərgin keçən söhbətdə o da məlum olacaqdı ki, əslində bizim gəlişimizin məqsədini də düz-əməlli anlamır.

 

- İndimi yadınıza düşüb? Nəyə gərəkdi axı? O, bir ilğım kimi gəldi və getdi… Hər şeyi də özüylə apardı. Arxivini belə yandırdı. İndi o dünyasını yaşayır. Onun ruhunu narahat etməyək.

 

Və xaç çevirir…

 

Susur…

 

- Yusif, hər halda sən onun yeganə varisisən. Səndən başqa kiminlə görüşəsiydik ki? Sənsə…

 

- (Dərhal sözümüzü kəsir) Elədir, elədir. Amma mənim dediyim odur ki, hardan yadınıza düşmüşük? Heç sağlığında belə ona qiymət verilmədi. Axı o nəhəng idi. Böyük idi. O, çox şeylərə layiq idi. Çox. 16 milyon. Təsəvvür edirsiz 16 milyon plastinka nə deməkdir. Yüzlərlə mahnı. Yüzlərlə də oğurlanmış, ona-buna bağışlanmışı. Siz təsəvvür edirsiz kiminlə bağlı bura gəlmisiz? Neçə yaşınız var? 40-ı keçib də? Heç sizin nəsildə onu tanıyan varmı? Hələ mən gənc nəsli demirəm. Onu 60-ların gəncləri xatırlayar bəlkə də Bakıda. Onların da çoxu ölüb gedib. Həyatda yoxdu. İndi siz kimin üçün hazırlayacaqsız bu yazıları?

 

- Bu cür fenomenal bir insanın ruhunu yad etmək, məgər azdır?

 

Susdu… Bircə onu dedi ki, atam sağ olsaydı, razı olmazdı.

 

- Niyə?

 

- Onlar sağdılar indi də. Bakıda yaşayanı da var, Moskvada yaşayanı da. Atamın istedadını qısqanan bir dəstədilər, indi də əl çəkmirlər.

 

- Kimlər?

 

Ad çəkmədi...

 

Amma sonradan, lap sonradan həmin adamların kimliyinə də aydınlıq gətirəcəyik. İndilikdə isə Yusif bəlkə də haqlıdır. Axı 17 yaşında SSRİ-nin ucqarından çıxıb onun paytaxtına yol alasan, burada imperiyanın ən böyük ədəbiyyat institutunda oxuyasan, elə 1-ci kursdaca nəinki fakültənin, bütün institutun sevimlisinə çevriləsən, yaşadığın tələbə yataqxanasının otağının qarşısında qızlar şeir növbəsinə dura və sən də onların hamısını razı salasan, günlərin bir günü gələ, sənin mahnılarından ibarət plastinka 16 milyon tirajla buraxıla, onu da hər adamın tapması müşkülə çevrilə, SSRİ-də adın gələndə hamının üzü gülə, sonra isə...sonra isə dünya vecinə olmaya, bütün bu şeiri, qızları, plastinkanı, eyş-işrəti, bir kənara tullayıb baş alıb gedəsən monastıra. Elə burada da şöhrət səndən əl çəkməyə, elə burada da, oğlu Yusif demişkən şöhrət və ilham pəriləri burada da səni sakit buraxmaya...

 

Və günlərin bir günü səni aparalar Moskvanın ucqarına, Lyamsino kəndinə, dəfn edələr, və elə beləcə unudulub gedəsən...

 

Bütün bunlar sonradan, çox sonradan olacaqdı. 65 ildən sonra…

 

Elə biz də bu 65 il qərib, keşməkeşli, təzadlı, təzadlı olduğu qədər də səmimi, film kimi həyat yaşamış azərbaycanlımızdan, içərişəhərlimizdən yazacağıq. Çoxlarının tanımadığı, amma bir zamanlar SSRİ adlanan bir imperiyanın estrada, poeziya tarixinə öz möhürünü vurmuş adamdan.

 

Kim idi axı o?

 

 

Davamı olacaq.

 

Lent.az-da qalın...

 

 

Səbuhi Məmmədli,

Moskva

 

 

 

(Bu araşdırmanın hazırlanmasında göstərdiyi dəstəyə görə Bakcell şirkətinə təşəkkür edirik)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4779

Oxşar yazılar