Sənətçilərdən Oqtay Əliyev  haqqında təsirli sözlər: "Hələ də özümə gələ bilmirəm" - VİDEO
23 mart 2023 16:13 (UTC +04:00)

Sənətçilərdən Oqtay Əliyev haqqında təsirli sözlər: "Hələ də özümə gələ bilmirəm" - VİDEO

Xəbər verdiyimiz kimi, Əməkdar mədəniyyət işçisi, prodüser, rejissor Oqtay Əliyev bu gün dəfn olunub. Mərhumun vida və dəfn mərasimlərinə onun dostları, şou-biznes nümayəndələri, incəsənət xadimləri və ictimaiyyət adamları gəlib.

Lent.az xəbər verir ki, onlar Oqtay Əliyevlə bağlı bir sıra xatirələri media nümayəndələri ilə paylaşıb.

Kinorejissor, Xalq artisti Vaqif Mustafayev kədərini belə bölüşdü: 

“Çox böyük itkidir. Bu faciə baş verməsə idi, çox iş görərdi. Televiziya sahəsində ən zəngin şəxsiyyətlərdən biridir. Onun ağlı, bacarığı, fantaziyası ilə çox gözəl verilişlər ərsəyə gətirirdi. Sağlamlığı ilə bağlı heç bir şikayətini görmədim. Mayın ikinci yarısında “Həyat deyəsən, gözəldir” filmi təqdim olunacaq. O filmdə Oqtay elə gözəl iştirak edib ki… İndiyə kimi inanmıram, elə bilirəm sağdır. Martın 20-i zəngləşdik. Təbrikləşdik. Deyirdik ki, görüşək, Allah qoysa, söhbətləşək. Birdən xəbər gəldi ki, ölüb. Başımız sağ olsun”. 

Xalq artisti Mübariz Tağıyev danışmaqda çətinlik çəksə də, Oqtay Əliyev ilə bağlı xatirələrini danışdı: 

“Oqtay ilə bağlı xatirələrim çoxdur. Ancaq hansı birini danışım? Biz ailəvi dostuq. Gözəl təşkilatçı, rejissor və dost idi. Sənət aləmini peşəkarcasına tanıyan biri idi. Çoxlarına onun səsi xoş gəlmirdi. Amma həqiqətləri deyirdi. Bir layihə üzərində işləməli idik. Təəssüf… Alınmadı. Allah rəhmət eləsin”. 

Aparıcı Rövşanə Ağasəfqızı da fikirlərini Lent.az-la bölüşdü: 

“Oqtay yenilikçi idi. Televiziya camiəsində sevilən insan idi. Televiziya ilə Oqtayı ayrılıqda təsəvvür etmək çətindir. Oqtayla dost olmaqla yanaşı, həmçinin 20 il qonşu idik. Qızlarımız birlikdə böyümüşdü. Bizi uzun illər bağlayırdı. İnanırsınız, özümə gələ bilmirəm. Oqtayla son dəfə fikirlərimiz üst-üstə düşmədi. Yüngül mübahisə etdikdən sonra həyətdə görüşdük. Danışdıq, gülə-gülə dedik ki, bax, bizi manşetə çıxarıblar. Dedi ki, Rövşanə, sən də ulduz olacaqsan, mən də. Doğru deyirmiş. Ruhu şad olsun”. 

“Xəzər” televiziyasının rəhbəri Murad Dadaşov dostu haqqında xatirələrini belə ifadə etdi:

“Oqtay əziz dostum idi. İllərimin dostu olub. Planımızda “Yeni ulduz” layihəsi yenidən başlamaq var idi. Ancaq imkan olmadı. Oqtay aramızdan getdi. O, İrəvanda doğulmuşdu və erməni dilini mükəmməl bilirdi. Qərbi Azərbaycanlıların oradan qovulması və bu məsələlər Oqtayın ürəyində xüsusi yer tuturdu. O, çox vətənpərvər olub və medianı daim izləyirdi. Tək şou-biznes sahəsində deyil, ictimai-siyasi sahəni də gözəl bilirdi. Dünəndən bəri birlikdə keçirdiyimiz vaxtlar, qastrollar və s. Hamısı gözümün önündən lent kimi keçdi. Çox heyf...”.

Əməkdar artist, müğənni Elza Seyidcahan Oqtay Əliyevlə bağlı xatirələrindən söhbət açdı:

“Azərbaycan mədəniyyəti üçün ağır itkidir. Xəbəri eşidən kimi Sumqayıta getdim. Oradan artıq Dilarə xanımı xəstəxanaya gətirirdilər. Düzdür, həkimlər onunla və Xalq artisti Mehriban Zəki ilə görüşməyə icazə vermədilər. Ancaq nə etmək olar? Sonuncu dəfə bir filmin qala gecəsində söhbət etdik. Dedi ki, bir layihədə iştirak etməyimi istəyir. Qismət deyilmiş. O qədər sadə ailədir ki, onların sayəsində çoxları varlandı. Ancaq onlar heç vaxt nə öz xasiyyətlərini, nə də evlərini dəyişdilər. Dilarə və Oqtay həyatımın ən çətin anında yanımda olublar. Həm maddi, həm mənəvi baxımdan. Dünən onun ölüm xəbərini alanda canlı efirdə özümü itirdim. Allah onların yaxınlarına, dostlarına səbr versin”.

Müğənni, bəstəkar Murad Arif də mərhumla sonuncu dəfə vidalaşmağa gələnlərdən idi:

“Oqtay müəllim cəmiyyətin “damar”ını tuta bilirdi. Onun layihələri daim xalqla bağlı idi. Baxırsan ki, kimlərsə bahalı layihələr edir, amma xalq onu qəbul etmir. Oqtay müəllim xalqı hiss edirdi. Mənim üçün çox şəxsi itkidir. O, ucqar yerlərdəki tanımadığımız istedadlı insanları tapırdı və onları kəşf edirdi. Layihələrinə cəlb edirdi, “tanıyın, belə bir aktrisa və ya aktyor var”, - deyirdi. Dünya miqyasında ölkəmizin üzünü ağ edən istedadlıları kəşf etmişdi. Onun üçün çox darıxacağıq. Xüsusən də onun dilində “əzizim” kəliməsi var idi. O sözdən çox istifadə edərdi. Düşünürəm ki, mən o sözü Oqtay müəllimdən özümünküləşdirmişəm. Biz də əzizimizi itirdik. Başımız sağ olsun”.

Müğənni Aysel Əlizadə mərhumla vidalaşmazdan öncə kədərini jurnalistlərlə bölüşdü: 

“Hələ də inanmırıq ki, bu necə baş verdi? Necə oldu… Allahdan Dilarə xanıma və yaxınlarına səbr diləyirəm. Oqtay bəyin yeri nurla dolsun”.

Müğənni Manaf Ağayev fikirlərini Lent.az-a danışdı:

“Sonuncu dəfə “Toppuş bacı”nın (mərhum aktrisa Tünzalə Əliyeva) yasında xeyli söhbət etdik. Həmin kadrlara indi baxıram. Görürəm ki, danışığımızdan 58 gün keçib. Çox yaxşı münasibətimiz var idi. Mənə çox dəstək olub. Ondan həmişə özümə hörmət görmüşəm. Televiziyaya gəlməyimdə böyük əməyi olub. Həm Oqtay bəyin, həm Dilarə xanımın mənə yaxşılıqlarını heç vaxt itirmərəm. Yaxşı insan idi. Allah rəhmət eləsin”.

Mərhum rejissor, prodüser Oqtay Əliyev son mənzilə belə yola salındı

# 11463
avatar

Nigar Namiq

Oxşar yazılar