Rüstəm İbrahimbəyov Fəxri xiyabanda dəfn edildi -  YENİLƏNİB
16 mart 2022 14:07 (UTC +04:00)

Rüstəm İbrahimbəyov Fəxri xiyabanda dəfn edildi - YENİLƏNİB

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyov Fəxri xiyabanda dəfn edilib.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, dəfn mərasimində Xalq yazıçının ailə üzvləri, mədəniyyət naziri Anar Kərimov, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən Xalq yazıçısı martın 10-da Moskvada vəfat edib.

***

13:05

Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyovla vida mərasimi baş çatıb.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, Nizami Kino Mərkəzində keçirilən vida mərasimində Xalq yazıçının ailə üzvləri, mədəniyyət naziri Anar Kərimov, mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev mərasimi açıq elan edib: "Mən bilmirdim ki, bu gün bu vəzifə mənə veriləcək. Yanımda dayanan dostlar Rüstəm İbrahimbəyovla 60 illik dost olublar, mən isə, ən azı, 40 ildir ki, onunla dostam".

Ç.Abdullayev mərhum sənətkarın vəfatını dünya mədəniyyəti üçün itki hesab etdiyini vurğulayıb: "Bu gün biz nəinki ədəbiyyatımızın, mədəniyyətimizin dəyərli və böyük şəxsiyyətini itiririk, bu həm də dünya mədəniyyəti üçün itkidir".

Mədəniyyət naziri Anar Kərimov isə Rüstəm İbrahimbəyovun vəfatının Azərbaycan ictimaiyyəti üçün böyük itkinin olduğunu qeyd edib: "Azərbaycan mədəniyyəti üçün ən kədərli günlərdən biridir. Azərbaycan ədəbiyyatının, kinosunun ən parlaq nümayəndələrindən birini itirmişik. Bu, bizim xalq üçün, mədəniyyətimiz üçün böyük itkidir. Mən buna görə, həm Azərbaycan ictimaiyyətinə, həm də Rusiya mədəni ictimaiyyətinə dərin başsağlığı verirəm".

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar isə kino sənətinin böyük bir sənətkarı itirdiyini diqqətə çatdırıb: “Rüstəm həm 20, həm də 21-ci əsrin övladı idi, amma, eyni zamanda, onda orta əsrlərin cəngavərlərinə xas mərdlik, igidlik də var idi. Onun nəsri də, dramaturgiyası da, filmləri də əbədiyyən yaşayacaq. Amma mən birmənalı olaraq deyə bilərəm ki, onun “İbrus” Teatrını biz hamılıqla yaşatmalıyıq, bu ondan qalan ən böyük yadigardır”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov Rüstəm İbrahimbəyovun Bakıya hər gəlişinin mədəniyyət sahəsi üçün inqilabi dərəcədə sevindirici hal olduğunu bildirib: “Toplaşırdıq, danışırdıq, bu bizim üçün böyük bir xoşbəxtlik idi”.

Bakı Musiqi Akademiyasının rektoru, Xalq artisti Fərhad Bədəlbəyli çıxışında mərhum sənətkarın hər sözünün, hər ifadəsinin arxasında fəlsəfə dayandığını söyləyib: “Musiqi olsun, siyasət olsun, kino olsun, hər birində onun öz mövqeyi var idi. Mərd adam idi, dost adam idi”.

Qeyd edək ki, R.İbrahimbəyov Fəxri xiyabanda dəfn olunacaq.

***

12:08

Nizami Kino Mərkəzində Xalq yazıçısı, Azərbaycan Kinematoqrafiya İttifaqının sədri Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilir.

Lent.az-ın APA-ya istinadla xəbərinə görə, vida mərasimində Xalq yazıçının ailəsi, mədəniyyət və ictimaiyyət nümayəndələri iştirak edirlər.

R.İbrahimbəyov Fəxri Xiyabanda dəfn ediləcək.

Qeyd edək ki, ağır xəstəlikdən əziyyət çəkən Xalq yazıçısı martın 10-da Moskvada vəfat edib.

# 4023
avatar

Oxşar yazılar