Həbsdə yatdı, rəfiqələrinin oğullarına göz dikdi, səhnədə güllələndi – “DİVA”lığa gedən yol
21 avqust 2023 20:15 (UTC +04:00)

Həbsdə yatdı, rəfiqələrinin oğullarına göz dikdi, səhnədə güllələndi – “DİVA”lığa gedən yol

Lent.az “Göz önündə” rubrikasında Türkiyənin ən qalmaqallı sənət adamlarından biri, güclü səs sahibi Bülent Ersoydan bəhs edir.

O dünyaya kişi olaraq gəlmişdi. Ziyalı bir ailənin zərif, dindar ruhlu oğlu idi. Qorxduğu, incidiyi zamanlar masanın altına girib azan oxuyardı. Məşhurlaşdıqdan sonra azan oxuduğuna görə sərt tənqid olundu, qadın azan çəkməz dedilər. İncimədi. Çünki qadın adını almaq üçün də başı az bəlalar çəkməmişdi. O, xanım Bülent Ersoy olmaq üçün cərrah bıçağı altına və həbsxanaya düşmüş, qürbət həyatı yaşamışdı.

Gəlin başdan başlayaq.

1952-ci il 9 iyunda Malatyada doğulmuş, ilk dəfə 18 yaşında səhnəyə çıxmışdı. 1976-cı ildə dəniz matrosu olaraq əsgəri xidmət keçmişdi Bülent. Lakin kimsə onu kişi kimi ciddiyə almırdı. Konservatoriyadan məzun olduqdan sonra səsi ilə şöhrət və var-dövlət qazanan Bülent kişi rollarında filmlərə də çəkilirdi. Lakin niyyəti dəyişmək idi. İlk işi özünə sinə düzəltdirmək oldu. 1980-ci ildə səhnədən geyiminin sinəsini açaraq, əməliyyatla düzəldilmiş döşlərini tamaşaçılara göstərdiyinə görə, 45 gün müddətinə həbs edildi.

Ruhunu öz bədənində hiss etməyən Bülent 29 yaşında, yəni 1981-ci ildə Londonda cinsiyyətini dəyişdirdi. Bu əməliyyata düz 40 min dollar xərcləmişdi. Əvvəllər doğum günlərini qeyd etməyən Bülent xanım Türkiyəyə qayıtdıqdan sonra 9 iyun 1981-ci ildə ilk dəfə qadın olaraq ad günü partisi etdi. 

Buna qədər kişi olduğu halda səhnəyə qadın paltarında çıxdığı üçün tez-tez haqqında  istintaq açılırdı. Əməliyyatdan sonra qadın olub canını zülmündən qurtaracağını sanırdı. Lakin elə olmadı. O ərəfələrdə məşhur aktyor və aparıcı Müjdat Sezer Bülentin Erkoç soyadını dəyişib, onu Ersoy olaraq təqdim elədi. Əməliyyatla qadın olsa da, Türkiyədə qanunlar icazə vermədiyi üçün Bülent Ersoya səhnəyə çıxış izni verilmədi. Bülent kişi ikən daha zərif, daha yumşaq xarakterli idi. Qadına çevrildikdən sonra sanki içindəki aslanı sərbəst buraxdılar. Bəlkə də həyat onu belə sərt olmağa məcbur etdi.

Tez-tez sevgi qalmaqalları ilə gündəmə gələn Bülent Ersoy bir dəfə verdiyi müsahibəsində heç vaxt qadın sevgilisinin olmadığını, əlinin qız əlinə dəymədiyini bildirmişdi.

Turqut Ozalın hakimiyyətə gəlişindən sonra 1988-ci ildə qanunda gender məsələləri üzrə edilən dəyişikliklər Bülentin həyatında müsbət rol oynadı, o artıq rəsmən qadın hesab edilməyə başladı. Buna qədər Almaniyada yaşayıb, səhnələrə çıxan müğənni vətəninə möhtəşəm bir dönüş etdi, zirvələrə doğru addımladı.

Bülent Ersoy “Çırpınırdı Kara deniz” mahnısını ifa etmədiyi üçün Türkiyə səhnəsində bir dəfə güllələnib və bir böyrəyini itirib.

1995-ci ildən o səs yarışmalarında münsif kimi ekranlara dəvət aldı, o gündən yaradıcılığında yeni bir dönəm başladı. Klassik İstanbul ləhcəsi ilə danışan, diqqət toplamaq üçün qarşısındakıları əzməyə çalışan, özündən başqa heç kimi bəyənməyən Bülent Ersoy özü-özünü diva elədi desək, yeri var.

Diva dəvət aldığı bütün proqramlara özünə məxsus qızıl suyuna çəkilmiş taxtı ilə gəldi, hər proqrama gecikdi, dəbdəbəli geyimləri, qeyri-adi makiyajları ilə diqqət çəkdi.

O özünə müsəlman, milliyyətçi və yüksək sinifdən olan qadın deyir.

Türkiyədə ən çox parodiya edilən sənətkardır.

Bülent Ersoy sonralar həm də bir estetik əməliyyat asılısına çevrildi. Gözləri, qaşları, burnu, dodaqları, dərisində dəfələrlə əməliyyatlar etdirdi. Təəssüf ki, öncələr çox gözəl olsa da, sonralar bu prosedurlar nəticəsində qorxunc varlığa çevrildi. Ona görə də səhnəyə çıxmaq üçün hər dəfə makiyaj etdirməsi ən az 5 saat zaman alır.

Tez-tez daş-qaşları ilə gündəmə gələn sənətçi, bu dəfə barmağındakı bahalı üzüklərlə əlaqədar açıqlama verib. "Tək daş üzüyüm bir vertolyot qiymətindədir. Yəni, gördüyünüz üzrə əlimdə vertolyot var”. Bülent  xanım məzara da daş qaşları ilə, xüsusilə 500 min dollar dəyərində olan sarı brilliant üzüyü ilə birlikdə qoyulmağı vəsiyyət edib. O dünyada da parıldamaq arzusu var. Məzar deyər, məzar hazırlatmazmı? 3 mərtəbəli, içində lifti, kondisioneri olan məzar hazırladıb, mühafizə altına aldırıb. Bədəni böyük olduğuna görə, məzarının da digər insanlarınkından böyük qazılmasını tələb edib.

Bülent Ersoyun var-dövlətinin sayı-hesabı bilinmir. O hətta qazandığı pullarla bir dəfə sevgilisinə İzmirdən kənd belə satın almışdı.

İzmir demişkən bu qadının İzmirə xüsusi sevgisi var. Nədəndir, bilinməz amma bu günə qədər aşiq olduğu bütün kişilər hamısı izmirlidir. Və bütün sevgililəri də özündən ən az 15-20 yaş kiçik olub.

Eşq həyatı

İlk sevgilisi Birol Güvenlə düz 14 il nişanlı qaldı. Evlənə bilmirdilər, çünki Birol alman qadınla evliydi. O Birolun oğluna düz 12 il analıq edib.

Bir gün anidən Biroldan ayrılıb, Türkiyənin kişi gözəli sayılan Hakan Alkoçla sevgili oldu. Daha sonra 28 yaşlı izmirli Toprak adlı bir gənc girdi həyatına. Bülentin birinci rəsmi nikahı 19 yaşlı Cem Adlerlə oldu. Cem onun rəfiqəsinin oğlu idi. Sonralar qatıldığı proqramlarda Cem hər gecə Bülentin əlindən qaçıb küçələrə getdiyini, onunla anasının məcbur etməsi səbəbilə evləndiyini demişdi. Şöhrətlənmək üçün Bülentlə ailə quran gənc boşanınca ayaqlarından güllələndi və bir daha efirlərə çıxmadı.

Çağlar Mutafla kiçik sevgi romanından sonra gənc bir müsabiqə iştirakçısı, 24 yaşlı Armağan Uzunla evlənən Bülent onunla da yola gedə bilmədi. Diva Armağanın anasından, yəni öz qayınanasından da təxminən 20 yaş böyük idi.  Deyilənə görə, o Armağandan boşanmadan öncə onu möhkəm döyübmüş. Divanın əri olmaq asandırmı?

Divanın 2005-ci ildə Aygün Kazımovanın dəvəti ilə Bakıya gəlib, gözəllik yarışmasına münsif olaraq qatılması hadisəsi də unudulmayıb. Daha doğrusu qatılmaması. Kaprizləri ilə ad çıxarmış müğənni qaldığı oteldə otağı dağıtmış, Aygün Kazımova ilə də dalaşmış və vətəninə qayıtmışdı. Bu barədə İstanbula qayıtdıqdan sonra verdiyi müsahibələrdə də danışmışdı.

Bülent Ersoy kimlərlə dava etmədi. Ebru Gündeş, İbrahim Tatlıses, Yıldız Tilbe, Armağan Çağlayan, Yıldız Tilbə, Banu Alkan, Safiye Soyman...

Daş qaşlar, dəb-dəbə, təmtəraq, şöhrət və ehtirama bürünmüş Bülentin bir də xeyriyyəçi tərəfi var. İslami qaydalarla ehsanlar, ianələr edən müğənni bu il Türkiyədə baş vermiş zəlzələdə də böyük miqdarda yardım etmişdi.

Sənətindən başqa böyük biznesi də var. Tikinti şirkətlərinə kran kirayə verən bir şirkət açıb. Çoxlu sayda daşınmaz əmlak sahibidir. Yeməyi çox sevdiyi üçün restoranlar zinciri də var. Bülent Ersoy bir oturuma 4 kilo ətin kababını yediyini deyir. Kefi istəyəndə yemək üçün hətta gecə yarısı yuxudan durub dəfələrlə İtaliyaya uçduğunu da bildirib. O  geyimləri üçün parçaları metrlə deyil, toplarla aldırır. Yalnız marka geyinir. Girdiyi tualetə özündən başqa kimsə girməməlidir. Qəribəlikləri çoxdur. Amma bu qəribəliklər olmasaydı yəqin ki, o da bu günkü Bülent olmayacaqdı. Bunu çoxları bilir və ona özünü bənzətməyə çalışır. Elə bizim şou biznesimizdə də Bülentin yolunu getməyə çalışanlar az deyil.

# 16908
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar