Finlandiyadan görünüş
23 fevral 2021 20:15 (UTC +04:00)

Finlandiyadan görünüş

Kilsədə konsert, Santanın iqamətgahı, nəğməkar xalqın batmayan günəşi - TAMAŞA DÜNYA

Lent.az dünyanın müxtəlif yerləri haqda maraqlı faktları və fotoları özündə birləşdirən “Tamaşa Dünya” rubrikasını davam etdirir. Budəfəki yazımız şimal ölkəsi, soyuq iqlimə malik Finlandiyaya həsr olunur.

Ən təmiz su “göllər ölkəsi”ndə!

1. Finlandiyanın “göllər ölkəsi” adlandırılması əbəs deyil. Burada 190 minə yaxın göl var. Onlardan ən böyüyü Saymadır.

2. Finlandiya həm də meşələr diyarıdır. Ölkə ərazisinin 65 faizini meşələr tutur və onların 46 faizini şam ağacları təşkil edir. Finlandiyanı adalar ölkəsi də hesab edirlər.

3. Finlər özlərinə suomi deyirlər. “Suomi” sözü fin dilində “şən, nəğməkar xalq” mənası verir. Finlər, həqiqətən də, şən, heç nəyi özlərinə dərd etməyən xalqdır.

4. Finlandiya dünyada ən təmiz suyu ilə tanınır və eyni sözü havasına da aid etmək olar.

5. İsveçrəni sevmirlər. Rusiya da finlərin sevmədiyi 3 ölkədən biridir.

Finlandiyanın bəyaz gecələri

6. Çörəyi ancaq kərə yağı ilə yeyirlər. Yemək hazırlayanda çox nadir hallarda mayonezdən istifadə edirlər.

7. Statistikaya görə, finlər dünyada ən çox qəhvə içən millətdir. Bir finlandiyalı gün ərzində 10 fincandan çox qəhvə içə bilər. Şərab və pivə ilə də araları yaxşıdır.

8. Finlər çox dadlı və keyfiyyətli süd, süd məhsulları istehsal edirlər.

9. Kommunal xidmətlər Finlandiyada ən bahalıdır. Zəngin finlər belə suya qənaət edirlər.

10. İyunda Finlandiyanın bütün ərazisində gözəl bəyaz gecələri seyr etmək mümkündür. Bu zaman bir neçə gün ərzində günəş batmır, hər yanı boğuq şüaları ilə işıqlandırmağa davam edir.

Ana olan qadına dövlət hədiyyəsi

11. Finlandiyada uşaq dünyaya gələndə dövlət anaya hədiyyə verir.

12. Bu ölkədə qadınlara silahlı qüvvələrdə xidmət keçməyə icazə verilib. Eynicinsli nikahlara da qadağa yoxdur.

13. Türklər kimi, finlər də hamamı həddindən artıq sevirlər. Türklərdə türk hamamı məşhur olduğu kimi, finlərdə də fin hamamları - saunalar əhali arasında çox sevilir. Demək olar ki, hər vətəndaşın evində saunası var.

14. Telefon şirkəti olan “Nokia” Finlandiyada təsis edilib.

15. Hər il Finlandiyada mobil telefonların atılması üzrə yarış keçirilir.

 

Şagird məktəbdən 2 km uzaqda yaşayırsa...

16. Paytaxt Helsinkinin ən məşhur yerlərindən biri Temppeliaukio kilsəsidir. Digər kilsələrə bənzəmir, daxili yonulmuş qayaya bənzəyir, işıq isə şüşə günbəz vasitəsilə düşür. Gözəl akustikaya malik olduğundan, burada tez-tez konsertlər də keçirilir.

17. Finlandiyada dünyanın hər yerindən məktublar qəbul edən Santa Klausun rəsmi iqamətgahı var.

18. Bu ölkdə iş saatı 16:00-da bitir.

19. Finlandiyada təhsil - yemək, ekskursiya, bir sözlə, məktəbə aid hər şey pulsuzdur. Şagird məktəbdən 2 kilometr uzaqda yaşayırsa, məktəb avtobusu onu dərsə pulsuz aparıb-gətirir. Dövlət büdcəsinin 12 faizi təhsilə ayrılır.

20. Finlandiyada şagirdlərin 66%-i universitetə qəbul olur və bu, Avropada rekord göstəricidir. Özü də bu ölkədə digər dövlətlərə nisbətən şagird məktəbdə daha az vaxt keçirir.

Elit məktəb anlayışı yoxdur!

21. Finlandiya məktəblərində qiymətləndirmə 10 ballıq sistemlə aparılır. Amma 3-cü sinifədək şagirdlərə qiymət verilmir. 3-7-ci siniflər arasında qiymətləndirmə şifahidir, yəni balını ancaq məktəbli özü bilir. Qiymətə görə uşaq danlamaq qəbul edilmir.

22. Məktəblərdə parta arxasında əyləşmək məcburiyyəti yoxdur. Dərs vaxtı kreslo və ya divanda oturmaq, xalçanın üstünə uzanmaq da olar.

23. Finlandiyada şagird özünün istəyi olmadan dərs danışmır.

24. Fin müəllimlərinin fikrincə, uşaqlar istirahət etməli, valideynləri ilə vaxt keçirməlidirlər. Bu səbəbdən ev tapşırıqları az verilir və onu həll etmək üçün cüzi vaxt lazım gəlir. Tapşırıqlar da maraqlı olur. Məsələn, nənədən müsahibə götürmək, nələrinsə müqayisəsini aparmaq və s.

25. Finlandiyada valideynlər evə yaxın məktəbi seçirlər. Bu ölkədə elit məktəb anlayışı yoxdur. Bütün tədris ocaqları eyni səviyyədədir.

# 3696
avatar

Rizvan Babayev

Oxşar yazılar