Albemarle
09 avqust 2022 06:00 (UTC +04:00)

Albemarle

Əyləci tutmayan təyyarədən özünü atan pilot, 1 HƏFTƏDƏ 2 QƏZA

LENT.AZ AZƏRBAYCANLA BAĞLI TƏYYARƏ QƏZALARI SERİYASINDAN 27-Cİ YAZINI TƏQDİM EDİR.

Tarix: 21 iyun 1943-cü il

Təyyarədə nasazlıq havaya qalxdıqdan sonra da yarana bilər. Belə bir hadisə 1943-cü ildə Azərbaycanda baş verib.

Lent.az-ın xəbərinə görə, iyunun 21-də Mahaçqala-Bakı reysi ilə uçan “Armstrong Whitworth Albemarle ST Mk.I Srs.III” (bundan sonra Albemarl – red.) tipli təyyarədə ştatdankənar hal yaranır. Bakıya çatmağa 15 dəqiqə qalmış pilot tormoz sistemində təzyiqin sıfıra düşdüyünü görür.

Lakin komandir qərar verir: hər bir halda eniş ediləcək, lakin yolu uzatmaq üçün bunu uçuş zolağına çatmadan etmək lazımdır. Beləliklə, hava gəmisinin təkərləri yerə uçuş zolağının tam başlanğıcında toxunur, lakin...
770 metr gedən təyyarənin komandiri dayanacaqdakı qırıcalarla toqquşmamaq üçün mühərrikləri işə salaraq tam güclə təkrar havaya qalxmağa qərar verir. Bu müddətdə təyyarə daha 700 metr qət edir. Bu zaman təlimatçı pilotun “Get” (Уходи) komandasını səhv başa düşən şturman toqquşmadan qorxaraq özünü başıaşağı pəncərədən çölə atır. Tərslikdən, o təyyarənin qabaq təkərinin altına düşərək həyatla vidalaşır. İdarəetmədən çıxaraq irəliləyən təyyarənin sağ tərəfi kaponirin (hərbi təyyarələr üçün dəmir-beton anqar) metal çıxıntısına ilişir. Qabaq şassi xəndəyə düşdükdən sonra hava gəmisi yolun kənarında dayana bilir. Komandir, təlimatçı pilot, mexanik və rabitəçi qəzadan salamat çıxır. Təyyarəni isə təmir etmək lazım gəlir. 

Təhqiqat komissiyasının rəyinə görə, qəzaya tormoz magistralındakı birləşmələrin pis bağlanması, konstruksiya qüsuru və yağın kokslaşması nəticəsində kompressorun pis işlənməsi səbəb olub. 

Bir haşiyə çıxaq ki, kokslaşmaya əsas səbəb yağın vaxtında dəyişdirilməməsidir. Təəssüf ki, bu xəstəlik ölkəmizdə bir çox sürücüyə də sirayət edib.

Xatırladaq ki, 1941-1945-ci il müharibəsində Bakı aeroportu çox böyük strateji əhəmiyyətə malik olub. Keçmiş SSRİ-nin Şərqlə hava əlaqəsi buradan həyata keçirilib. 

Qeyd edək ki, bu hadisədən heç 1 həftə keçmədən Azərbaycanda daha bir Albemarl qəzaya uğrayıb. Hadisə barədə ətraflı məlumatı bu linkdən öyrənə bilərsiniz.
 

# 5286
avatar

Oxşar yazılar