Fitnes həvəskarı Cozef Everett bir ayda 900 yumurta yeyərək təcrübəsinin nəticələrini bölüşüb.
Lent.az-ın məlumatına görə, Tokioda yaşayan fitnes həvəskarı və məzmun yaradıcısı Cozef Everett adi qidalanma rejimindən imtina edərək gündə 30 yumurta və bir neçə əlavə qida qəbul etməyə qərar verib.
O, bu təcrübənin nəticələrini YouTube kanalında izləyiciləri ilə bölüşüb.
Videoda Everett bildirib ki, onun tipik pəhrizi gündə 30 yumurta, bir kasa düyü, bir az mal əti, qatıq, meyvə, bal və bəzən bir protein çubuğundan ibarət idi.
Everett bu pəhrizin idman zalındakı performansına və güc səviyyəsinə təsirini görmək istəyirdi. Təcrübənin əvvəlində çəkisini ölçərək “deadlift”, “row”, “squat” və “bench press” məşqlərindəki göstəricilərini qeyd edib. Bundan əlavə, o, testosteron səviyyəsi və xolesterolu ilə bağlı qan testləri də aparıb.
Bir ayın sonunda Everett 77 kq-lıq başlanğıc çəkisinə 6 kq əzələ kütləsi qazanıb. Qan analizlərinin nəticələrinə görə, onun trigliserid səviyyəsi azalıb, həmçinin "pis" xolesterolunda nəzərəçarpacaq dərəcədə artım olmayıb.
Təcrübənin müəyyən çətinlikləri olsa da, Everett dəyişikliklərin ona nisbətən asan gəldiyini və nəticələrdən məmnun qaldığını bildirib.