“Nargis” jurnalının payız sayı çapdan çıxıb
15 sentyabr 2013 01:17 (UTC +04:00)

“Nargis” jurnalının payız sayı çapdan çıxıb

 “Nargis” jurnalının payız buraxılışı çapdan çıxıb.

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, nəfis tərtibatlı bu jurnal ölkə və ölkədən kənar moda və incəsənətə tam yeni baxışlı bələdçidir. Jurnal oxuculara moda aləminin ən son meyllərini, mövsümi yenilikləri, afişa və incəsənət xəbərlərini təqdim edir.
 

Oxucuların görüşünə gələn “Nargis” jurnalının payız buraxılışında baş redaktor Ülviyyə Rəhmanovanın məktubu nəşrin cari nömrəsinin əsas məqamlarını diqqətə çatdırmaq baxımdan diqqəti cəlb edir. Məktubda bildirilib ki, bu gün incəsənətin əsas meyllərindən biri klassika və modernin sintezidir. Bunun ən parlaq nümunələrindən biri “Qara qu quşları” filminin baş xoreoqrafı Benjamen Milpyenin “LA dance: project” əsasında ərsəyə gəlmiş “Reflections” müasir baletidir. Balet özlüyündə klassik rəqs fiqurlarının müasir qrafika ilə sərbəst interpretasiyasının birləşməsidir. Bu isə indi də yeni möcüzələrin yarandığını sübut edir.
 

 “Nargis” jurnalının payız buraxılışı “Klassika” mövzusuna həsr edilib.
Jurnalın üz qabığının qəhrəmanları – Aras Bulut İynemli və Yeva Dedova - xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında çəkilmiş “Mahmud və Məryəm” filmində əsas rolların ifaçılarıdır.
 

“Nargis” jurnalının yaradıcı heyəti gənc və istedadlı aktyorlarla İstanbulda görüşmüş və onlardan kadr arxasında qalan ən maraqlı anlar haqqında soruşublar.
 

Həmçinin jurnalın yaradıcı heyətinə xalq yazıçısı Anarın “Beş mərtəbəli evin altıncı mərtəbəsi” əsəri əsasında ekranlaşdırılmış “Təhminə” filminin əsas qəhrəmanları ilə görüşmək də nəsib olub. Onların sevgini səmimi oynamalarına necə nail olduqlarını öyrənmək maraqlı idi.
 

Görkəmli rəssam Tahir Salahov öz məşhur işlərini milli xalça formasına salmaqla onlara yeni həyat vermişdir. Beləliklə, o, pərəstişkarlarına və noyabr ayında keçirməyə hazırlaşdığı yubileyinə hədiyyə edib.
 

Nəhayət, “İkona stilya” rubrikasının qəhrəmanı baş redaktorun anası - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, tanınmış filoloq alim, professor Nərgiz Paşayevadır.
 

Jurnalda dahi Üzeyir Hacıbəyli, Asəf Zeynallı, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyev, Tofiq Quliyev, Rauf Hacıyev, Süleyman Ələsgərovun sənətdə qoyduqları iz, incəsənətə qiymətli töhfələri də yer alıb. Payız nəşrinin “Dialoq” rubrikasının qonağı isə xalq yazıçısı Elçindir.
 

“Nargis” jurnalının buraxılışı oxucularını incəsənət dünyasının mühüm tədbirləri və anonsları ilə də tanış edir.

 

# 874
avatar

Oxşar yazılar