Müğənni Xatirə İslam həmkarı, Xalq artisti Ağadadaş Ağayevin dünən başına gələn hadisəyə münasibət bildirib.
Lent.az xəbər verir ki, o sosial şəbəkə hesabında canlı yayım açıb, müvafiq orqanlara səslənərək olaya düzgün qiymət verilməsini istəyib:
"İnanın, o videoya sona qədər baxa bilmədim. Özümü o qədər pis hiss etdim ki... Aidiyyəti qurumlardan xahiş edirəm ki, bu məsələyə ədalətli şəkildə baxsınlar. Çünki Ağadadaş müəllim Azərbaycanın gözəl sənətkarıdır. Bundan başqa, onu xəstəliyi də var.
Çox istəyirəm ki, dünyada olduğu kimi, Azərbaycanda da sənətkarlarımıza, məşhurlarımıza, ulduzlarımıza bir az fərqli hörmət qoyulsun. O mühafizəçiyə bir sual vermək istəyirəm, sizin zatən gücünüz Ağadadaş müəllimə çatdı, onu yerə yıxdınız, bəs, o yaşda adamı bu qədər döyərlər? Onu yıxandan sonra döymək nəyə lazım idi? Ən azından onun xəstəliyini nəzərə ala bilərdiniz".
Qeyd edək ki, dünən Ağadadaş Ağayev əlində balta ilə özəl klinikalardan birinin mühafizəçisinə hücum edib, həmin şəxs Xalq artistini yerə yıxaraq döyüb. Məsələ ilə bağlı cinayət işi açılıb.