Biri dəli oldu, biri suda batdı, digəri xərçəngdən öldü – ARAŞDIRMA
21 avqust 2011 12:30 (UTC +04:00)

Biri dəli oldu, biri suda batdı, digəri xərçəngdən öldü – ARAŞDIRMA

İyirmi beşinci söhbət

Ötən söhbətimizdə söz vermişdim ki, yaradıcılığı və səhnə fəaliyyətiylə geniş miqyaslı "İngilis ekspansiyası"na ciddi müqavimət göstərən Amerika musiqiçilərindən də söhbət açacağıq, çünki onların bu cəhdləri illər ayrıcından daha əhəmiyyətli görünür və bu insanlar əsl qəhrəmandırlar.

Anglofobiyanın ağuşunda

Həmin illər Amerikada anqlofobiya o dərəcədə güclü idi ki, yüngül Britaniya ləhcəsində danışmaq, uzun saç saxlamaq və enlibalaq şalvar geymək artıq müvəffəqiyyətin rəhni idi. Amma cəmiyyətə hakim kəsilən bu meyllərə rəğmən, Birləşmiş Ştatlarda ingilis istilasına üç müqavimət ocağı formalaşmışdı. Diqqətəlayiq cəhətdir ki, onların hamısı ölkənin qeyd-şərtsiz təslimçiliyə köklənmiş musiqi mərkəzi Nyu-Yorkdan xeyli aralı idi.

Bu ocaqlardan biri ölkənin o biri ucunda, Kaliforniyada idi və nə "Beach Boys" ("Çimərlik uşaqları") qrupunun, nə də onların musiqisinin Biitlza, Britaniya rokuna heç bir aidiyyəti yoxdu. "Beach Boys"un təqdim etdiyi musiqi lap əvvəldən yalnız Kaliforniya və orada geniş yayılmış idman növü olan sörfinqlə bağlı idi. Maraqlıdır ki, onların bəstələdiyi, bu idman növünə hədsiz məhəbbəti əks etdirən mahnılar az sonra ümummilli, sonra isə beynəlmiləl himnə çevrildi.

Vilson qardaşları

Dennis Vilsonun iki məhəbbəti vardı - musiqi və sörfinq. Onun qardaşları - Brayan və Karl isə yalnız musiqini sevir, sörfinqə soyuq münasibətlərini dəyişə bilmirdilər. Günlərin bir günündə qardaşlar xalası uşaqları Mayk Lov və daha bir yaşıdları - El Cerdaynla bir yerdə bir qrup yaratdılar və bu ansamblın səciyyəvi cəhəti rok-n-roll bitinin melodik oxu tərziylə sintezi oldu. Maraqlıdır ki, qohum-qardaşdan ibarət bu dəstədə birisi vardı ki, az sonra rok dünyasının nəhənglərindən birinə çevrildi.

Bənzərsiz qaydalar əsasında yaşayan rok dünyasında "dahi", "korifey" sözündən çox tez-tez istifadə edirlər və bu mənada 60-cı illərin Amerikası bizim indiki şou-biznes aləmini yaman xatırladır - bizdə də hər iyirmi müğənnidən iyirmi biri ya korifeydir, ya dahi...
Brayan Vilsonu da tez-tez dahi adlandırırdılar. Bəlkə də onun dahilik zirvəsinə yüksəlməsi bir qədər şişirtmə idi, amma bu zirvənin lap həndəvərində durması gərək heç kəcdə şübhə doğurmasın. Brayan öz mahnılarının mövzusunu kaliforniyalı gənclərin həyat tərzindən, onların sevdiyi əyləncələrdən götürürdü. O, sörfinqdən, dalğaları ram edən qızlardan, azad həyatdan, gözəl avtomobillərdən, yeniyetmələrin problemlərindən oxuyurdu. Qəzetçilərdən hansısa Brayan Vilsonu "Kaliforniya cavanlarının həyat tərzinə qərq olub onu içindən açan mahir jurnalist" adlandırırdı.

Həqiqətən də onun mahnıları bütün tinecerlərin arzuladığı, həsrətini çəkdiyi "dalce vita" (şirin həyat) barədəydi və bu həyatın ayrı-ayrı mənzərələrini az qala mahir rəssam ustalığıyla əks etdirirdi. Yeniyetmələr "şirin həyat" istəyirdilər; ona əlləri birbaşa çatmasa da, dolayısıyla Biç Boyzun hamar ahəngində, mahnılarının mətnində dadına baxıb meyxoş olurdular...

Rəqib dostlar

Biç Boyz məhz musiqidə Biitlzın padşahlıq etdiyi dövrdə çiçəklənib şöhrət tapdı. 1962-ci ildə Amerika Top 20-sinə düşən qrup İngiltərə hit-paradlarına girənədək daha beş hitə imza atdılar. 1964-cü ildə isə "I Get Around" mahnısıyla Böyük Britaniyada pərəstişkar ordusu qazandılar, Biitlzla populyarlıq yarışına girdilər...

1966-cı ildə isə Brayan Vilson iki gözəl mahnısıyla təşəbbüsü qısa müddətə olsa da, Biitlzdan aldı.

Sırf Rok erasının başlanması ilə Biç Boyz və Biitlz bir-birini sağlam rəqabət aparan dost kimi tanıdılar. Hər ikisi etiraf etdi ki, bir-birinin uğurlarına sevinməklə yanaşı, daha yüksək zirvələrə can atırlar. 1965-ci ilin əvvəlindən bu sağlam rəqabət musiqisevərləri dəfələrlə sevindirdi, ilin lap sonunda isə Biitlz həm bəstəkarlıqda, həm də səsyazma texnikasında Biç Boyzu xeyli qabaqlamağa müvəffəq oldu və özünün ən gözəl albomlarından birini - "Rubber Soul"u ("Rezin ruh") buraxdı. Albomda "Mişell" kimi sadə, lakin ehtiraslı mahnıyla yanaşı, "Norwegian wood" ("Norveç ağacı") kompozisiyası da vardı və Qərb musiqisində ilk dəfə hind sitarının bənzərsiz səsi eşidilirdi...

"Rubber Soul" yoxsa "Pet Sounds"

Bəziləri deyir ki, əslində yeni musiqi məhz həmin kompozisiyadan başlanır. Bu iddiadan bir qədər şişirtmə iyi gəlir, amma bu mahnı bizi musiqidə baş verən proseslərə tamam başqa gözlə baxmağa vadar etdi. "Rubber Soul" sübut etdi ki, Biitlz qrupu roka tamam yeni, o zamanadək görünməmiş bir istiqamət verir...

Amma yenə qayıdaq Biç Boyza. Brayan Vilsonu bu yeniliklər bir tərəfdən həvəsləndirirdisə, digər tərəfdən tamam çaşdırmışdı. Az sonra o aktiv səhnə fəaliyyətinə son qoydu və daha qastrola getmədi. Həmin andan etibarən musiqiçi bütün enerjisini qardaşları üçün mahnı bəstələməyə və prodüsserlik fəaliyyətinə yönəltdi. Amma o bir şeyi də çox yaxşı başa düşürdü: publikanın da, yaratdığı səsyazma studiyasının da onun "Kaliforniya qızları" mahnısına bənzəyən mahnılara böyük ehtiyacı var və bu "hit formulunu" mütləq davam etdirmək lazımdır. Daxilindəki səs onu Biitlzın oğlanlarıyla - Lennon və Makkartniylə birgə irəliyə çağırırdı. O artıq "sörfinq musiqisinin" kralı olmaqdan bezmişdi. Və Brayan Vilson səhnədən getdi. Hara? Səsyazma industriyasına! Beynindəkiləri birər-birər maqnit lentinə köçürməyə! Nəticədə "Pet Sounds" ("Sevimli səslər") albomu araya-ərsəyə gəldi...

Bu əsl rok şedevri idi. Mahnıların mövzusu orijinallığıyla fərqlənmirdi - yenə sevgi xiffəti, itki acısı... Yeni olan mahnıların quruluşu, aranjeman və səs sırası idi. İngiltərədə o dəqiqə anladılar ki, bu əsrin dahi albomlarındandır. Lennon və Makkartninin cürbəcür gözlənilməz döngələrə alışdırdığı publika Brayan Vilsonun nəyə can atdığını duydu - Vilson rokun sərhədlərini bir az da genişləndirmişdi...

Amerikanın biganəliyi

Amerika isə bu albom diqqətdən kənarda qaldı. Bunun səbəbini anlamaq çətindir. Bunun məntiqli izahı yoxdur. Bəlkə də amerikalıları əsəbiləşdirən bu idi ki, avara sörfinq dəlisi artıq özünü ciddi musiqiçi sayırdı...

Bəlkə də amerikalılar Biitlz gələnədək ingilislərin yaşadığı natamamlıq kompleksinə bənzər bir hal keçirirdilər...

Brayan isə "Pet Sounds"un doğma vətənindəki uğursuzluğunu sarsıntıyla qarşıladı. Ərinin necə sarsıntı keçirdiyini görən Merilin isə deyirdi: "Bir alboma belə can qoymağa dəyərmi?"

Xoşbəxtlikdən Brayan Vilson həvəsdən düşmədi, daha böyük bir sənət nümunəsi yaratdı: "Good Vibrations" ("Yaxşı vibrasiyalar")...

16 min dollarlıq "Good Vibrasion"

Deyirlər ki, bu kompozisiya, əslində "Pet Sounds" albomu üçün nəzərdə tutulurmuş. Amma Brayan istədiyi effektə nail ola bilmədiyindən kompozisiyanın işıq üzü görməsi xeyli çəkmişdi. Çox sonralar o özü belə deyirdi: "Mən nəyə qadir olduğumu görmək istəyirdim. Mən öz şəxsi zirvəmi fəth etmək istəyirdim - həm müəllif, həm aranjemançı, həm də bir prodüsser kimi".

Brayan Vilson daha bir uğura imza atmışdı. Bu dəfə onu həm İngiltərədə, həm də Amerikada qiymətləndirdilər. O xoşbəxt idi. Amma bu xoşbəxtliyin necə çətin başa gəldiyini musiqisevərlər çox illər sonra - 1976-cı ildə bildilər. Brayan Vilson bu barədə "Rolling Stone" jurnalına söylədi.

"Biz bu kompozisiyanı düz altı ay dörd müxtəlif studiyada başa gətirdik. Bu, dörd müxtəlif studiyanın səs sırasıyla bir eksperiment idi; onların hər birisi özünəməxsus səsə malikdir. Məhz buna görə də kompozisiyanın son variantı belə bənzərsiz alınıb".
Brayan bircə bunu deməmişdi ki, həmin mahnının lentə alınmasına o zamanlar üçün misilsiz bir məbləğ - düz 16000 dollar xərclənmişdi!

Şirin həyat arzusu rahat yaşamağa qoymadı

Rok musiqisinin tarixində danılmaz xidmətləri olan bu qrupun son konsertləri 2005-ci ilə təsadüf edir. Amma o zamanadək Biç Boyz heç rahat yaşamadı. 1982-ci ildə Brayan Vilsonun ruhi xəstəlik tapması artıq bir fakt idi və o növbəti dəfə qrupdan uzaqlaşdı. Dennis Vilson isə hələ 1968-ci ildən Maharişi Maheş Yoqanın transsendental meditasiya ideyasına aludə olaraq tam passivləşmişdi. 1983-cü ilin dekabrında qrup daha bir faciəylə baş-başa qaldı: zərb alətlərində çalan Denniz Vilson sərxoş vəziyyətdə suda bataraq dünyasını dəyişdi. 1999-cu ildə isə Karl Vilsonu xərçəng xəstəliyi apardı. Cardin isə qrupu daha əvvəl tərk edərək, təkbaşına çıxışlara başlamışdı...

Brayan Vilson uzun sürən müalicədən sonra sağaldı. 2003-2005-ci illər arasında bir neçə uğurlu konsert silsiləsinə imza ataraq pərəstişkarlarını yenidən canlandırdı və 1967-ci ildə yarımçıq qoyduğu "Smile" layihəsi bitirərək yenidən səhnəyə çıxdı...

Bu oğlanların musiqisi indi çoxları üçün keçmişə aparan tellərdir. Məhz bu tellərin varlığı Biç Boyzu unudulmağa qoymur. Axı onlar indi nostalji yaşatdıqları insanların qəlbində yaşayırlar və nə qədər ki, onların mahnılarından zövq alan sonuncu adam dünyasını dəyişməyib, Çimərlik oğlanları da yaşayacaq...


* * *

Biç Boyz "İngilis ekspansiyası"na müqavimətin üç forpostundan birincisi idi və minnətdar tamaşaçılarının yaddaşında həmişə bu yerə layiq qalacaq!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 817

Oxşar yazılar