Goranboyda evli və uşaqları olan sevgilisini qətlə yetirməkdə təqsirləndirilən Qərib Zamanovun cinayət işi üzrə istintaqa verdiyi ifadələr məlum olub.
Lent.az Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılan cinayət işinin materiallarını təqdim edir.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs gizli şəkildə yaxın münasibətdə olduğu, iki uşaq anası Gülbuta İmanovanı onunla görüşməkdən imtina etdiyi üçün öldürmək qərarına gəlib. Q. Zamanov atasından yadigar qalan tüfənglə Gülbuta İmanovanı güllələyib.
Q. Zamanov məhkəmədə ifadə verməkdən imtina edib. Bildirilib ki, istintaqda verdiyi ifadə bəs edir, əməlindən peşmandır.
İstintaqda təqsirləndirilən şəxs qismində ifadə verən Qərib Zamanov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, 2019-cu ilin mayında Gülbuta ilə münasibət qurub, sevgili olublar: “Qadın evli olduğu üçün əvvəlcə çətinlik çəkirdik. Münasibət qurandan sonra bir-birimizi bəyənməyə başladıq. Telefonda və “Whatsapp”la danışmağa başladıq. Sonra tanışımın evində görüşməyi qərara aldıq. Həmin evdə onunla cinsi əlaqədə olduq. Zaman keçdikcə, ondan başqa heç kimi gözüm görmürdü. Ərindən boşatdırmağı qərara aldım. Biz birlikdə Goranboy şəhərində yerləşən yeni binalarda yaşamağa başladıq. Bir-birimizi çox sevirdik və ailə həyatı qurmaq istəyirdik. Gülbuta əri ilə də olan münasibətini tam kəsmişdi. Gülbutanın bacısı isə bizim münasibətimizi pozmaq istəyirdi. Dəfələrlə Gülbutanın bacısı məni nalayiq sözlərlə təhqir edib, bacısından ayrılmağımı tələb edirdi. Gülbutanın bacısının təkidlərinə baxmayaraq, ondan ayrılmırdım”.
Q. Zamanov qeyd edib ki, bir müddətdən sonra Gülbuta uşaqlarını da götürərək bacısının yaşadığı Qaradağlı kəndinə gedib: “Bundan sonra onun mənə olan münasibətində soyuqluq hiss etdim. Ona zəng edəndə çox zaman bacısı cavab verirdi, Gülbuta özü cavab verəndə də bacısı kənardan müdaxilə edərək məni nalayiq sözlərlə təhqir edirdi. Sonralar Gülbuta da tam dəyişdi və bacısının təsiri altına düşdü. Məni təhqir etdi, özündən aralamaq istədi. Onun bu hərəkətlərinə çox əsəbiləşdim, özümdən çıxmağa başladım. Onun məni sevməməyini qəbul edə bilmirdim. Günlərlə onun mənə geri qayıdacağını düşünürdüm. Hər gün onu görmək üçün yaşadığı evin həndəvərinə gedib-gəlirdim, telefonuna zəng edirdim. Günlərin birində məni anamı və dünyasını dəyişən atamı söydü, dedi əl çəkməsəm daha pis söyəcək. Bu mənə pis təsir elədi, Gülbutanı öldürmək qərarına gəldim. Evimizdən mərhum atama məxsus ov tüfəngini götürdüm və Gülbutanın yaşadığı Goran qəsəbəsinə getdim. Evin televizor işığı yanan otağının pəncərəsinə yaxınlaşdım. Gülbutanın çarpayının ayaq tərəfinə söykənərək yerdən oturduğunu gördüm. Tüfəngi Gülbutaya tuşladım və atəş açdım. Sonra tüfəngə yeni giliz qoydum və ikinci dəfə Gülbutaya tuşlayaraq ona atəş açdım. İkinci atəşdən sonra dərhal həmin yerdən uzaqlaşdım. Kəndimizə qayıdıb, polisə təslim oldum”.
Məhkəmənin hökmü ilə təqsirləndirilən Qərib Zamanov 17 il 6 ay azadlıqdan məhrum edilib.