Bakının Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən külli miqdarda heroin və silah aşkar edilib.
DİN mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis Şöbəsi əməkdaşlarının növbəti əməliyyatı zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Şahin Mahmudov Ramana qəsəbəsi ərazisində tutulub. Onun üzərindən ümumilikdə 4 qrama yaxın narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin 1ədəd elektron tərəzi aşkar edilib. Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Mahmudovun yaşadığı evdə satış məqsədi ilə əldə etdiyi külli miqdarda heroin olduğu da müəyyən olunub. Onun mənzilinin zirzəmisinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 100 qram olan heroin və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.
Faktla bağlı saxlanılan şəxs barəsində Sabunçu rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və tutularaq istintaqa cəlb olunub. Narkotik maddələrin mənbəyinin müəyyən edilməsi istiqamətində zəruri istintaq və əməliyyat tədbirləri davam etdirilir.