4 milyonluq dələduzluq: “Aztelecom”un keçmiş direktorunun oğlu  yenidən məhkəməyə çağırıldı
07 iyul 2025 18:33 (UTC +04:00)

4 milyonluq dələduzluq: “Aztelecom”un keçmiş direktorunun oğlu yenidən məhkəməyə çağırıldı

İnvestisiya fəaliyyəti ilə məşğul olan platformada valyuta alqı-satqısı həyata keçirməklə gəlir əldə etmək istəyən üç nəfərin külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Nizami Alışanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə Babək Məmmədzadənin vəkili zərərçəkənin Nizami Alışanla telefon danışığı qeyd olunmuş səs yazısını məhkəməyə sübut kimi təqdim edib. 

Vəkil Samir İsayev səs yazısının sübut kimi təqdim olunmasına etiraz edib. Belə ki, həmin səs yazısından Nizami Alışanın xəbəri olmayıb və səsin necə yazıldığı qeyri-müəyyəndir. O, Babək Məmmədzadənin iştirakının təmin olunmasını xahiş edib.

Məhkəmə qərara alıb ki, həmin sübutun icraata götürülməsi üçün Babək Məmmədzadə yenidən məhkəməyə çağırılsın və o bu səs yazısının mənbəyini izah etsin.

Bu səbəbə iclas iyulun 14-nə təxirə salınıb.

Qeyd edək ki, iş üzrə zərərçəkən qismində 3 nəfər - Zeynal Mütəllim oğlu Usubov, Babək Məhəmməd oğlu Məmmədzadə və Yadigar Şibi oğlu İsrafilov tanınıb.

İttihama görə, təqsirləndirilən Nizami Alışan özünü səhm və valyuta alqı-satqısı ilə məşğul olan mütəxəssis kimi təqdim edib. O, Babək Məmmədzadənin 1 milyon 300 min, Zeynal Usubovun 945 min, Yadigar İsrafilovun isə 200 min dollar pulunu ələ keçirib.

Zərərçəkmişlərə dəyən ümumi ziyan 2 milyon 445 min dollar (4 milyon 156 min 500 manat) təşkil edir.

Ona Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə də ittiham irəli sürülüb.
Nizami Alışan AzTV-nin keçmiş sədri Arif Alışanovun qardaşı oğlu, hazırda ABŞ-da yaşayan müğənni Elariz Məmmədoğlunun kürəkənidir.

Babək Məmmədzadə “Aztelecom” MMC-nin sabiq direktoru Məhəmməd Məmmədovun oğludur.

Fidan Fərmanlı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482

Oxşar yazılar