Rövnəq Abdullayev: “TAP-la bağlı bütün imzalanma işləri yekunlaşacaq”
10 iyul 2013 13:37 (UTC +04:00)

Rövnəq Abdullayev: “TAP-la bağlı bütün imzalanma işləri yekunlaşacaq”

“Şahdəniz-2” layihəsi çərçivəsində qaz alıcıları ilə müqavilələrin imzalanması üzrə işlər aparılır.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ARDNŞ prezidenti Rövnəq Abdullayev bildirib.

 

O qeyd edib ki, müştərilərdən artıq təsdiqedici cavablar alınıb və hazırda müqavilələrlə bağlı müvafiq işlər görülür: “TAP qaz boru kəməri ilə bağlı artıq bazarlar müəyyənləşdirilib. Lakin biz qiymətlər haqda məlumat verə bilmərik. Bu ilin sonuna kimi TAP-la bağlı bütün imzalanma işləri yekunlaşacaq”.

 

Qeyd edək ki, Azərbaycan «Şahdəniz-2» layihəsi çərçivəsində hasil ediləcək təbii qazın Avropaya çatdırılması üçün boru kəmərinin seçilməsi ilə bağlı qəbul etdiyi qərarını iyunun 28-də rəsmən açıqlayıb. «Şahdəniz» konsorsiumu son iki il ərzində Avropaya qazın nəqli üçün boru kəmərinin bir neçə seçim variantını nəzərdən keçirib və TAP (Trans Adriatic Pipeline) üzərində dayanıb. Uzunluğu 870 km olacaq TAP kəməri Azərbaycan qazını Türkiyə, Yunanıstan və Albaniya ərazisi ilə İtaliyaya çatdıracaq. Layihənin ümumi dəyəri təxminən 2,2 mlrd. ABŞ dolları təşkil edir.

 

TAP layihəsinin əsas mənbəyi «Şahdəniz»in ikinci fazası çərçivəsində hasil olunacaq qazdır. Proqnozlara əsasən, ikinci fazada hasilata 2016-cı ildə başlanacaq və TAP kəmərinin tikintisinə 3 il tələb olunacaq. İlkin mərhələdə qaz kəməri ilə ildə 10 mlrd. kubmetr mavi yanacaq Avropaya çatdırılacaq, daha sonra isə həcm 20 mlrd. kubmetrədək artırılacaq.

 

Hazırda layihənin 3 səhmdarı var ki, bunlar «EGL», «Statoil» və «E.ON Ruhrgas» şirkətləridir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 828

Oxşar yazılar